x

Psixoloji xəstəliklərin sayının artmasının səbəbləri nələrdir?

Baxış sayı: 145
Azərbaycanda psixi sağlamlıqla bağlı həkimə müraciət edənlərin sayı ildən-ilə artmaqdadır. Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Rüstəm Salayev deyib ki, hazırda Azərbaycanda psixoloji xəstəliklərdən əziyyət çəkən kimi qeydiyyatda 80 min nəfər var. 
Ümumilikdə isə il ərzində dispanserdə qeydiyyatda olanların sayı 70-82 min nəfər arasında olur. Direktor müavini qeyd edib ki, müraciətlərin arasında adi məişət problemlərindən tutmuş boşanmaya qədər hər cür problemlər yer alır. Depressiyalarla bağlı da müraciətlərin çoxluq təşkil etdiyini deyən R.Salayevin sözlərinə görə, ruhi xəstəliklərlə bağlı da mərkəzə müraciət edənlər olur: “Bu il bir çox intihar halını vaxtında aşkarladığımızdan qarşısını ala bilmişik. Depressiyada olanların haradasa 20 faizi intihar etmək barəsində fikirləşir. Təbii ki, bu da çox böyük rəqəmdir”.
Maraqlıdır, insanları bu cür düşünməyə vadar edən, depressiyaya salan hansı amillərdir? Nəyə görə ruhi xəstələrin sayı artıb?
Psixoloq Dəyanət Rzayev bunun artmasına həm qohum evliliklərinin, həm də sosial problemlərin səbəb olduğunu dedi: “Ruhi xəstəliklərin tipologiyası bilinmir. Məsələn, şizofreniya kimi ağır xəstəliklər var. Əslində qohumluq münasibətləri, yəni qohumla ailə qurmaq kimi məsələlərin də buna təsiri çoxdur. Çünki bu, genetik olaraq keçə bilər. Psixi pozuntulara münasibətlər, sosial problemlər və sairə də təkan ola bilər. Normal ölkələrdə insanlar 6 saat işləyir. İşə gedib gəlmək də ora daxildir. Əgər yoluna 2 saat gedirsə, o da iş saatına daxil olur. Amma bizdə insan 12 saat işləyir ki, bu da normal deyil. Əmək Məcəlləsində də bu normal deyil. Ona görə də təbii ki, belə şeylər çoxdur. Burada həm qohumluq , həm də sosial problemlər rol oynayır”.
Ruhi xəstələrin sayının artması məsələsinə gəlincə isə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bu artımın olmadığını dedi: “Orada həkim demək istəyir ki, insanlar artıq psixoloq yanına getməyə utanmır. Yəni o stereotipləri qırırıq. O demir ki, ruhi xəstələrin sayı artıb, deyir ki, müraciətlərin sayı artıb. Azərbaycanda ruhi xəstələrin statistikasını Səhiyyə Nazirliyi aparmır”.
Ümumilikdə 2016-cı ilin ilk ayları üçün psixi pozuntular və davranış pozuntuları diaqnozu ilə qeydə alınmış xəstələrə dair statistik məlumatlara nəzər salsaq görərik ki, 2016-cı ilin əvvəlinə müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 96 min 79 nəfər olub. 2015-ci ildə ilk dəfə psixi pozuntular və davranış pozuntuları diaqnozu ilə qeydə alınmış xəstələrin sayı isə 5 min 107 nəfər olub. Onlardan 3530 nəfəri kişilər, 1577 nəfəri isə qadınlardır. Statistika göstərir ki, ötən illə müqayisədə Azərbaycanda ilk dəfə psixi pozuntu diaqnozu qoyulan xəstələrin sayında 2 dəfə artım qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı rəsmi statistik rəqəmlərə görə, Azərbaycanda intihar edənlərin yalnız 15-20 faizi ruhi xəstələrdir. Həmçinin intihar edənlərin 15-20 faizi “psixiatr və ya psixoloqun nəzarəti altında ola bilərdilər” cümləsi də burada ifadə olunur. Yerdə qalan 50-60 faiz isə sağlam insanların payına düşür. Bura xərçəng xəstələri, həyat yoldaşını itirən şəxslər, həmçinin sosial və digər problemlərdən özlərinə qəsd edən insanlar daxildir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir