qetl

Qadınlara kim qənim kəsilib?

Baxış sayı: 328

Bu ilin 9 ayında qadınlara qarşı 5034 cinayət hadisəsi törədilib. Bunu “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfransda panel müzakirəsi zamanı Baş Prokurorluğun daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Rafael Süleymanov deyib. O bildirib ki, bu ilin 9 ayında ailə-məişət zorakılığı zəminində qadınlara qarşı törədilən cinayətlərin sayı 1296-dır: “Ailə-məişət zəminində törədilən cinayətlərin 1062-də zərərçəkmiş şəxs qadınlar, 344 nəfəri kişilər, 14-ü yetkinlik yaşına çatmayan şəxslər olub”. Onun sözlərinə görə, bu sahədə artım dinamikası müşahidə edilir: “Bu cür cinayət işlərinin araşdırılması zamanı görülür ki, qısqanclıq zəminində adamöldürmə, intihar və intihara cəhd cinayətlərinin sayında artım dinamikası müşahidə edilir”.

 

Qadınlar kimin yerini dar edir?

Cəmiyyətdə sivilizasiya səviyyəsini müəyyən edən ən mühüm meyar o toplumda qadının statusudur. Genderlə bağlı araşdırmaların əksəriyyəti də qadınları kişilərlə müqayisə etməklə aparılır. Cinsimizi xromosomlar müəyyən etdiyi halda, gender balansımızı cəmiyyət müəyyən edir. Qadını əzən də bu cəmiyyətdəndir, əzdirən də. Döyən də içimizdəndir, izləyən də. Əslində, bütün demokratik ölkələrin siyasətinin əsasını gender bərabərliyi təşkil edir, lakin realda bir çox ölkədə qadınlar müstəqil və bərabərhüquqlu vətəndaş kimi sosial-ictimai həyatda iştirak edə bilmirlər.

Gender bərabərliyi qadın-kişi arasındakı sosial vəziyyəti, hüquqi maraqları, iqtisadi durumu tarazlaya bilir. Amma bu vəziyyətdən narahat olan güclü cins əlinə keçən hər fürsəti dəyərləndirir, qadınlar ailədə fiziki zorakılığa məruz qalır, bütün yolları yoxlayır, ailəsini qorumaq üçün hər fürsəti dəyərləndirir, amma vəziyyət düzəlmir. Qadın boşanmaqdan qorxur, çünki boşanmış qadın cəmiyyətdə stiqma ilə üzləşir. Onu boşandığı üçün qınayan cəmiyyət sosial-ictimai həyatda yer tutması üçün heç bir təşəbbüs göstərmir. Necə deyərlər, nə paraya dəy, nə bütövü kəs, amma doyunca ye…

 

Qadınlara qarşı zorakılıq: niyə, nə üçün?

Qadınlar sadəcə öldürülmür, ağır işgəncələrlə və vəhşicəsinə yollarla qətl edilir. Bütün dinlərin, inancların, qədim adət-ənənələrin baş tacı etdiyi qadın bu dövrdə, bu əsrdə yerlərdə sürüklənir, kəndirdən asılır, dəlik-deşik edilir.

Qadınların vəhşicəsinə qətl edilmə səbəbləri arasında 3 əsas amil var – savadsızlıq, sevgisizlik, şüursuzluq. Hər 3 amili də ailə formalaşdırır. Əgər hər bir valideyn övladını sevgi ilə böyütsə, övladına insani dəyərləri aşılasa, təhsil versə bu cür psixoloji pozğunluğu olan kişilər cəmiyyəti birə kimi basmaz, zorakılıq edə bilməz. Oğlan uşağına bəy balası, xan nəvəsi ədası ilə davranan, elədiyi səhvi dəcəllik kimi qəbul edən, hərəkətlərinə göz yuman valideyn gələcəkdə övladının edəcəyi zorakılığa yol açır əslində.

Qadına qarşı yolverilməz hərəkətlər edən, söyən, döyən, qətl edən insanları da cəmiyyət olaraq biz yetişdiririk. Fundamental maarifləndirməyə əhəmiyyət verməli, insanları psixoloji cəhətdən islah etməli, düşüncələri dəyişib inkişaf etdirməli olduğumuzu bilirik. Çox vaxt bunu həyata da keçiririk. Amma nəticə istədiyimiz kimi olmur. Qadına qarşı zorakılıq hər gün, hər saat artır. Sabaha ümid bağlamırıq daha, çünki dünən sabahdan daha empatiya dolu idik.

 

Bərabərlik – sözdə yox, əməldə

Dövlətimizin bütün qanunlarında, hüquqi sənədlərdə bərabərlik təmin edilir, lakin cəmiyyətin sosial bərabərlik anlayışı dəyişmədiyi üçün qadınlara sosial baxış da dəyişmir. Buna görə də anlayış dəyişikliyi tələb olunur. Qadınların maarifləndirilməsi, səhiyyə, siyasət və ictimai həyatda iştirakda qadınların prioritetliyi, qadınların öhdəlikləri ilə bağlı mənfi stereotiplərdən yaxa qurtarmaq və ailədə öhdəliklərin bölüşdürülməsi əsas hədəf olmalıdır. “Mən kişiyəm, mənə olar” ədası ailənin sonu olur, acı təcrübələrini çox görmüşük.

Ailədə qərarları birlikdə qəbul etmək, hüquq və vəzifələrdə bərabərliyi təmin eləmək, ailədə qız və oğlanlara bərabər münasibət göstərmək, qadınların sosial həyatda iştirakının təmin edilməsi və dəstəklənməsi, onların məşğulluğunun artırılması, qadınların ailə həyatı ilə iş həyatının bir-birini təmin etməsinə şərait yaratmaq, qadınların zorakılığa məruz qalmasının qarşısının alınması, ayrı-seçkiliyin qadağan edilməsi və ayrı-seçkiliklə mübarizə məsələsinin təşviqi, bərabər imkanların təmin edilməsi qadına göstəriləcək ən böyük dəstəkdir.

Qadın hüquqları ilə bağlı fəaliyyət göstərən bir çox layihə icraçıları elə düşünür ki qadınların hüquqlarını qadınlara başa salmaqla gender bərabərliyini təmin etmiş olurlar. Amma bu bərabərliyin təmin edilməsi üçün qadınlardan çox kişilərin maariflənməyə ehtiyacı var. Axı qadınları əzən, söyən, döyən, öldürən qadınlar deyil. Haqqını-hüququnu bilməsi qadına nə verir? Əvvəl 10 öldürülürdüsə, indi 9 öldürürlürlər, razıyam. 1 nəfər özünü xilas etdi, bəs yerdə qalanlar?

 

Vəzifənin qadını, kişisi olur?

Gender bərabərliyinin təmin edilməsi və cəmiyyətdə qadınlara verilən rolların dəyişdirilməsi üçün bütün cəmiyyət olaraq qadınların qarşısında qoyulan maneələri aradan qaldırmaq, onları bərabərhüquqlu şəxsiyyət kimi qəbul etmək və cəmiyyətdə öz layiqli yerini tutmalarına dəstək olmaq lazımdır. Xüsusilə. kişilər qadınlara münasibətdə inqilab etməlidir.

Bizim ölkəmizdə iddia etdiyimiz qədər də öncəlik verilmir qadınlara. Doğrudur, əhəmiyyətli postlarda qadın vəzifəlilər var, lakin bu nisbət ölkənin qadın əhalisinin əhəmiyyətli faizi qədər deyil. Dövlət və özəl sektorda təmsil olunan qadınlardan əlavə sadə vətəndaşların iqtisadi imkanları o qədər də yüksək faizlə xarakterizə edilmir. İş qurmaq istəyən, sərbəst gəlir əldə etmək istəyən çox sayda qadın var. Əslində, bizim ölkədə sənədlərdə olan imtiyazlarından istifadə edə bilsələr qadınlar çox rahat həyat yaşayarlar, lakin sənəddə olanlar reallığa ötürülmür. Qadınlar iş mühitində sıxışdırılırlar, biznes imkanı əllərindən alınır, mental ayrı-seçkiliyə məruz qalırlar.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir