turan memmedli

Bahar nəfəsli xanım

Baxış sayı: 1. 415

Ehtiramın baxışları yarımçıq çəkdiyi rəsmdə donub qalmışdı. Ətrafındakı insanların pıçıltısını rahat şəkildə eşidirdi: “Onun atası şəhid olub… Can, can, Allah rəhmət eləsin, indi o nə edəcək?”

Nədənsə, davamını gətirə bilmir, yumruğundan da balaca qəlbi onu dinləmir, sanki qaranlığa həbs olinmuş kimi hey çırpınırdı. Bu buz kimi qaranlıq çox soyuq idi. Bəzən ona elə gəlirdi ki, qəlbi donacaq…

Gözlərindən axan yaş damcısı kiçik barmaqlarından qələmin ucuna qədər süzülmüşdü. Əlindəki vərəqdə tankın üzərində dayanan bir əsgərin şəkli vardı, yuxarıya “Dəmir adam” yazılmışdı. Atası üçün çox darıxırdı… Özünü toparlamağa çalışsa da, davamlı qəhər onu boğurdu…

Bir anlıq ipək saçları arasında incə barmaqların nəvazişini hiss etdi. Həzin və qayğı dolu bir səs ona “Ay Allah, nə gözəl şəkildir? Bunu sənmi çəkmisən?”-deyə səsləndi.

Başını yuxarı qaldırdığında sevgi dolu gözlərilə bir xanımın ona baxdığını gördü. Nədənsə, onun təbəssün dolu siması, bahar təravətli səsi Ehtirama çox doğma gəlirdi. Boğazındakı qəhər düyümünü udqunub dedi: “Bəli, mən çəkmişəm.”

Xanım dedi: “Çox gözəldir, sən əsl rəssamsan ki… Bilirsən, mən də rəsm çəkməyi sevirəm. Amma heç vaxt tək çəkdiyim rəsmlər yaxşı olmur, mənimlə birgə rəsm çəkərsənmi? Axı sən rəssamsan.”

Sözlərin sehrində Ehtiramın o kiçik qəlbinə sanki bir hərarət yayıldı. Başını oxşamağa davan edən xanımın səsindəki doğmalıq və ümid dolu cümlələr ona kimisə xatırladırdı. Bir anlıq özünün də, tək rəsm çəkə bilmədiyini, atası evdə olduğu zaman dizlərinə sığınıb birgə çəkdiyini xatırladı. Elə yenidən onu qəhər boğacaqdı ki, birdən onu incə bir hərarətin bürüdüyü hiss etdi. Bahar nəfəsli xanım onu qucaqlamış dizi üzərində oturdaraq, titrək əllərini ovcuna almışdı.

“Gəl birlikdə bu qəhrəmanın rəsmini tamamlayaq balaca rəssam.”

Ehtiram əvvəlcə sıxılsa da, artıq kiçik əllərini üşümədiyini hiss etdi. Barmaqlarının ucundan qəlbinə doğru məlahətli bir hərarət süzülürdü. Yavaş-yavaş ürəyindəki buzlar əriyir, sanki dan yeri sökülür, günəşin istiliyini qəlbində hiss edirdi. Artıq boğazındakı qəhəri unutmuş, üzündə qurumuş göz yaşlarının izləri gülüşündə yayılır, yox olurdu. Ehtiramın könlünə bahar gəlmişdi, daha üşümürdü. Bir anlıq başını qaldırıb, onu qucaqlayıb rəsm çəkən xanımın nurlu simasına baxdı.

Xanım gülümsəyərək dedi: “Nə baxırsan balaca rəssam, nəyisə səhvmi çəkdim?”

Ehtiram dedi: “Olarmı bir söz soruşum xala?”

Bahar nəfəsli xanım dedi: “Əlbəttə ki, olar.”

Maraq dolu baxışlarını onun üzündən çəkməyən Ehtiram yenə soruşdu: “Xala, sizin adınız Bahardır?”

Qəhqəhə ilə gülən xanım dedi: “Xeyr, gözəl oğlum, mənim adım Turandır. Məni kiməsə bənzətmisən?”

Ehtiram gülərək belə cavab verdi: “Axı siz bahar fəsli kimisiz…”

1

Bəli, haqqında söhbət açdığım bu dəyərli insan, Turan xanımdır. Şəhid və qazi ailələrinin dərd ortağı, yorulmaq bilmədən gecəsini-gündüzünü onlara həsr edən və bu yolda ömrünü fəda edən bahar nəfəsli bacımız…

Şəhid övladlarının sevimlisi, onlara sevinc bəxş edən ana nəvazişli bir Azərbaycan xanımını təmsil edirdi Turan Məmmədli! Qəlbi Vətən məhəbbətilə dolu, mərd qeyrətli bacımızı elə bu yolda itirdik… Dekabrın 2-si şəhid ailələrinə yardım aparakən, o dəhşətli avtoqəzada…

Səni unutmayacayıq Turan bacı, çünki sən bu xalqın dəyərisən, fəxrisən! Sən hər birimizin qiymətlisisən. Allah ruhunu şad, məkanını cənnət etsin, Zəhra aşiqi gözəl bacım…

 

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə Fəlsəfə elmlər doktoru, Peşəkar ailə müşaviri, Həyat koçu.

2

Qeyd: Məmmədli Turan Müqabil qızı 25 iyun 1990-ci il tarixində Lənkəran şəhərində anadan olmuşdur. Orta-ixtisas təhsilini bitirdikdən sonra Türkiyənin Atatürk universitetində təhsilinə davam etmişdir. O, həmçinin, uşaq və yeniyetmə psixologiyası üzrə uzun müddətli kurslarda təhsil almışdır. Ardınca ictimai xidmətə başlayan Turan Məmmədli “Xəmsə” tədris mərkəzinin təsisçisi və direktoru idi. İkinci Qarabağ Müharibəsindən öncə əziz şəhidlərimizin tanınması üçün məşhur “Mübarizim” adlı layihəni həyata keçirmişdir. O, şəhid və qazi övladlarının fərdi inkişafına dəstək layihəsi olan “ƏMANƏT” layihəsinin 01.05.2023-cü il tarixinədək icraçı direktoru vəzifəsində çalışmışdır. Turan xanım həm də, Dövlət Turizm Agentliyində layihə meneceri kimi fəaliyyət göstərib.

Şəhid və qazi ailələrinin sevimlisi Turan Məmmədli şəhid və qazi xanımlarının şəxsi, karyera istiqamətində, şəhid və qazi övladlarının xaricdə təhsil alması istiqamətində müxtəlif  layihələr icra edib. Həmçinin, bir çox xeyriyyə istiqamətində sosial layihələrin təşkilatçısı kimi fəaliyyət göstərib.

Turan Məmmədli 2 dekabr tarixində keçirdiyi avtomobil qəzasında dünyasını dəyişib. O, doğulduğu Lənkəran şəhərində dəfn edilib. Allah rəhmət etsin!

4

3




3 şərh “Bahar nəfəsli xanım

  1. Ustadın telebesi şəhid anasi

    Məkani cənnət ruhu şad olsun amin.Bu fani dünyada həmişə yaxşı imanlı insanların arzuları yarım qalır,puç olur.Allah bacimizin axiretin gözəl elesin amin ilahi amin Allah ailəsinə səbr versn inşallah

    Cavabla
  2. Əfzələddin Rəhimli

    Allah razı olsun, hörmətli Şəhid Anası dəyərli Təranə xanım. Allah igid qardaşımız Şəhid Pərviz Məmmədliyə də rəhmət etsin. Allah sizi və onun gül üzlü balası Mirayımızı qorusun. Amin!

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir