efzeleddin R

Ailədə sağlam əlaqə şifrələri – 3-CÜ YAZI

Baxış sayı: 573

Keçən iki məqaləmizdə, silsilə yazılar olaraq ailədə sağlam əlaqələrlə bağlı aşağıdakı məsələlərə işarə etdik:

“Xətalarımızı qəbul etmək”, “həyat yoldaşınızın müsbət xüsusiyyətlərini təqdir etmək”, “təsdiqləyici kəlmələrdən istifadə etmək”, “haqlı-haqsız özünü müdafiə etməmək”, “Sandviç metodu”. Bu məqaləmizdə də, başqa sağlam əlaqə şifrələrinə diqqətinizi çəkmək istəyirik:

– Başqalarının təhrikinə uymamaq. Ailədə cütlüklərin əlaqələri kənar şəxslərin yıxıcı və qıcıqlandırıcı təhriklərilə, hətta həmin şəxslər, valideyn, qardaş-bacı kimi onların bir nömrəli qan qohumu olsa belə, təsirlənməməlidir. Çünki bunun sonu peşmançılıq və məyusluq olacaqdır. Bu barədə maraqlı bir hekayəni sizə təqdim edirik:

Qədim zamanlarda uca dağların qoynunda çox gözəl bir quş yaşayırmış. Rəngarəng lələklərı və xoş avazı ilə göz oxşayan bu quşa bir ovçu aşıq olur. Quşun dərdindən dəli-divanə olan ovçu onu vurub ovlamağa belə qıya bilmir. Günlər keçir, yeməkdən-içməkdən kəsilən ovçu pərişan halda dağın ətəyində oturur. Ovçuya ürəyi yanan quş onu yanına gəlib çiyninə qonur. Ovçu sevincək halda quşu götürüb evinə gətirir…

Ovçunun yaxınları quşu görməyə gəlirlər. Biri deyir: Bu quşu qəfəsə sal, yoxsa uçub gedəcək!

Qorxuya düşən ovçu tez quşu qəfəsə salır.

O biri deyir: Onu qəfəs qarışıq oğurlayarlar. Məncə rəngli lələklərini yon ki, kimsə onu görüb bəyənməsin.

Ovçu həyacanla quşun lələklərini yonmağa başlayır. Lələkləri yonulan quş oxumur və başını aşağı salıb, hey məhzun şəkildə qalır.

Başqası deyir: Yəqin ki, bu quş xəstədir, yoxsa nə üçün belə qalsın ki?

Ovçu quşun xəstə olmasından ehtiyat edib onunla məsafəli qalır.

Biri də: Bu elə də gözəl quş deyilmiş ki, bax lələklərini yondun, çirkinliyi üzə çıxdı. Səsi batıb və hətta uça da bilmir- deyib gülüb gedir.

Ovçu quşu evə gətirdiyinə peşman olur. Öz-özünə deyir: Mən nə qədər axmaq olmuşam ki, bu çirkin, oxumağı və uçmağı bacarmayan quşun dərdindən dəli-divanə olmuşam.

Ovçu qəfəsi açır, quşun ayaqlarından tutub meşəyə atır. Artıq canavarlar, tülkülər və sair üçün asan bir yem olan quş oradaca tələf olub gedir…

Ovçu kəndə qayıdır. Amma onu görən yaxınları öz aralarında: “Çox fərsiz ovçudur, gözəllər-gözəli bir quş onun nəsibi oldu, o isə qurda-quşa yem etdi”- deyərək gülürdülər.

Ovçu bu sözləri eşitdiyində onların diktəsilə etdiklərinə çox peşman olur. Amma artıq gec idi, artıq nə quş vardı, nə də gözəlliyi…

– Əmr verməyin, onun özünün hökm etməsinə şərait yaradın. Hansısa bir mübahisəli məsələdə, yaxud problemdə əmr vermək əvəzinə, şəraiti izah edib, buradakı çıxış yolunu tapmağı onun öhdəsinə buraxın, ondan kömək istəyin. Belə oduğu halda, o, müstəqil şəkildə çıxış yolunu düşünməyə təşviq olacaqdır. Bu ona özünü dəyərli hiss etməsinə və insafla yanaşmasına dəbəb olacaqdır. Həmçinin, yaradıcı olmasına təkan verəcəkdir. Yanlış nəticə gördüyünüz zaman isə çıxış yolunun bu olduguna əmin əmin olduğunu ondan soruşun. Bu onun həmin məsələ haqda dərindən və ətraflı təfəkkür etməsinə zəmin yaradacaqdır.

ARDI VAR…

 

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə fəlsəfə elmlər doktoru,

Peşəkar ailə müşaviri, Həyat koçu




2 şərh “Ailədə sağlam əlaqə şifrələri – 3-CÜ YAZI

  1. Səhid XTQ YAŞMA SƏHİD MƏMMƏDLİ PERVİZİN ANASİ

    Salam hörmətli ustadım hər vaxtınız xeyirli olsun yolunuz hər zaman uğurlu olsun.var olasız her zaman amin.vallah sızın Kimi insanlar çox azdı yer üzündə.her zaman var olasiz.Nə yaxşıki varsınız

    Cavabla
  2. Əfzələddin Rəhimli

    Təşəkkür edirəm, dəyərli və çox hörmətli Şəhid Anası Təranə xanım. Allah igid övladınız Şəhid Pərviz Məmmədliyə rəhmət etsin. Şəhidimizin ruhu özündə və sizin qarşınızda baş əyirəm! Allah razı olsun!

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir