efzeleddin R

Ailədə sağlam əlaqə şifrələri – 4-CÜ YAZI

Baxış sayı: 507

Keçən üç məqaləmizdə, ailədə sağlam əlaqələr haqda qeyd olunan mövzulara diqqətinizi çəkdik:

“Xətalarımızı qəbul etmək”, “həyat yoldaşınızın müsbət xüsusiyyətlərini təqdir etmək”, “təsdiqləyici kəlmələrdən istifadə etmək”, “haqlı-haqsız özünü müdafiə etməmək”, “Sandviç metodu”, “başqalarının təhrikinə uymamaq”, “əmr verməmək, onun özünün hökm etməsinə şərait yaratmaq”. Hazırkı yazımışda isə, bu sahədə digər məsələlərə işarə edirik:

– Alçaltmamaq, dəyərsizləşdirməmək. Ailədə cütlüklər arasında mövcud olan ən böyük yanlışlardan biri də, həyat yoldaşını dəyərsizləşdirmək, onu alçaltmaqdır. İstər cinsiyyət fərqinə görə, istərsə də başqa cəhətlərdən ömür-gün yoldaşını alçaltmaq, ailə bağlarına vurulan çox ağır zərbələrdən sayılır. Məsələn, xanımların ərlərinə yoxsulluq, məişət ehtiyaclarının ödənilməməsi və sair cəhətlərdən vurduğu tənələr, həmçinin, bəylərin öz xanımlarının fiziki görünüşü, evdarlıq bacarılqarı və sair haqda etdiyi rişxəndlər olduqca dağıdıcıdır. Xüsusilə də, kənar şəxslərin, valideyn, qardaş-bacı və sairin yanında qeyd olunan şəkildə qarşı tərəfi alçaltmaq, yolverilməzdir! Axi siz ailəsiniz! Qurani-Kərimdə buyurulur: “Onlar sizin libasınız, siz də onların libasısınız.” (Bəqərə, 187) Burada kişi və qadın bir-birinin libas və geyimi olaraq təqdim edilir. Geyim bəzəkdir, zinətdir, qadın və kişi bir-birinin bəzəyi sayılır, onu gözəlləşdirməlidir, çirkinləşdirməməlidir. Libas hüzur mənbəyidir, deməli qadın və kişi qarşılıqlı olaraq hüzur bəxş edir, onu narahat etməməli, nigarançılığına səbəb olmamalıdır. Libas insanı isti-soyuqdan, eyblərdən qoruyur, buna əsasən də kişi və qadın da bir-birilərini qorumalı, xüsusilə də eyblərini örtməlidir.

– Müqayisə etməməlisiniz. Müqayisə etmək, olduqca xoşagəlməz bir addımdır. Bu, bir növ psixoloji şiddət də sayıla bilər. Çünki onun təməlində “mən səni bəyənmirəm, müqayisə etdiyim şəxs səndən daha yaxşıdır” -kimi bir məntiq dayanır. Bu çox narahatedicidir, çox yaralayıcı xüsusiyyətə malikdir.

Başqa bir aspektdən məsələyə yanaşsaq, kimisə və nəyisə başqa bir şeylə müqayisə etmək əslində, ədalətsizlikdir. Çünki hər bir şeyin və hər bir kəsin özünəməxsus üstün xüsusiyyətləri vardır və heç kim mükəmməl deyildir! Almanın öz dadı, üzümün öz ləzzəti, limonun öz məzəsi vardır. Hər biri sahib olduğu səciyyələrilə mükəmməldir. Heç biri digərindən üstün sayıla bilməz. Mükəmməllik məfhumu nisbidir.

Həmçinin, unutmayaq ki, hər bir “mükəmməl”dən daha da “mükəmməl” olan başqa birisi vardır. Bu həyatda, insan “mükəmməli” qovduqca ona çata bilməyəcəkdir!

– Meydan oxumağa başlayın. Yanlış anlamayın, burada məqsədimiz sağlam rəqabətdir. Yəni yaxşı işlərə rəqabət yaradaraq həvəsləndirməkdir. Qurani-Kərimdə dəfələrlə yaxşı işlər görmək üçün yarışmaq tövsiyə edilir:

“Elə isə, yaxşı işlər görməkdə yarışın!” (Bəqərə surəsi, 148)

Məhz onlar yaxşı işlər görməyə tələsər və bunun üçün yarışarlar. (Muminun surəsi, 61)

Məsələn həyat yoldaşınız sizin çox deyindiyinizi, yaxud qırqırdığınızı iddia edir. Onunla “mən belə etmirəm”-deyə mübahisə etmək əvəzinə, “əgər belədirsə, bundan sonra görək kim deyinəcək? Bundan sonra görək kim qışqıracaq?” –deyə rəqabətə girişin.

 

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə fəlsəfə elmlər doktoru,

Peşəkar ailə müşaviri, Həyat koçu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir