efzeleddin R

Ailədə sağlam əlaqə şifrələri – 5-Cİ YAZI

Baxış sayı: 337

Bundan öncəki dörd məqaləmizdə, ailədə sağlam əlaqələrlə bağlı aşağıdakı mövzulara işarə etdik:

“Xətalarımızı qəbul etmək”, “həyat yoldaşınızın müsbət xüsusiyyətlərini təqdir etmək”, “təsdiqləyici kəlmələrdən istifadə etmək”, “haqlı-haqsız özünü müdafiə etmək”, “Sandviç metodu”, “başqalarının təhrikinə uymamaq”, “əmr verməmək, qarşı tərəfin özünün mühakimə yürütməsinə şərait yaratmaq”, “alçaltmamaq, dəyərsizləşdirməmək”, “müqayisə etməmək”, “meydan oxumaq və sağlam rəqabət”. Bu dəfə də, sözügedən sahədə olan başqa məsələləri qeyd edirik:

Əlaqəsiz mövzuları ortaya atmamaq. Ailədə hansısa bir problemi, məsələləri müzakirə edərkən, yaxud müəyyən bir mövzu haqda fikir bildirərkən, onunla əlaqəsi olmayan məsələləri ortaya atmaq vəziyyəti çıxılmaz hala salacaqdır. Məsələn, ünsiyyət, ya dialoq zamanı söhbət ailədəki yersiz xərclərdən gedirsə, qarşı tərəf öz həyat yoldaşına: “Sən də anan kimisən, o da israfçıdır.”-deyə kobudluq etməsi yolverilməzdir. Çünki burada mövzu sizin ailənizdəki lazımsız xərclərdən gedir və yoldaşınızın anasının öz evində hansı yanlış addımları atmasının bu mövzuya heç bir aidiyyatı yoxdur! Hazırkı şəraiti onunla müqayisə etmək və uzlaşdırmaq həm etik deyil, həm də doğru deyil! Bu artıq ikinci bir münaqişə mövzusunun yaranması deməkdir. Həmçinin, qarşı tərəfin özünü təhqir olunmuş hiss etməsinə, sizin istəkləriniz qarşısında müqavimət göstərməsinə zəmin yaradacaqdır. Belə olduğu halda, sizin yoldaşınızla ortaq məxrəcə gələ bilməyiniz olduqca çətin olacaqdır.

Ümidsizlik. Ünsiyyətin maneələrindən biri də ümidsizlikdir. Həyat yoldaşınız haqda “onsuz da düzələn deyil”, “ondan mənə ər, yaxud xanım olmayacaqdır”-deyə naümid və məyus düşüncələr, sizin onunla rabitə yaratmanıza mane olacaqdır. Çünki siz artıq zehninizdə onunla ünsiyyəti kəsmisiniz, necə ola bilər ki, lazımi səmimiyyəti göstərəsiniz? Buna görə də, ilk öncə ona qarşı düşüncənizi düzəldin və pozitiv olun. Cütlüklər ünsiyyət üçün lazımı şəkildə səy və iradə göstərməli, maneələri aradan qaldırmaq üçün çalışmalıdır.

Adı ilə səslənmək. Cütlüklər ünsiyyət zamanı bir-birlərinə adları ilə səslənməlidir. Əslində, bu quru və qeyri-səmimi şəkildə deyil, özünə nisbət verməklə və mənsubiyyət şəkilçiləri ilə ifaadə olunmalıdır. Məsələn, “Aygünüm”, Eldarım”, “Lamiyəm”, İlkinim” kimi qarşı tərəfi özünə nisbət verməklə, mülayim və sevgi dolu səs tonu ilə ifadə edilməlidir. Belə olduğu halda, ünsiyyətiniz daha da isti və doğma alınacaqdır.

 

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə fəlsəfə elmlər doktoru,

Peşəkar ailə müşaviri, Həyat koçu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir