Nermine Abbasova

Nərminə Abbasova: “Bu xəstəlik yaşlı insanlarda daha çox müşahidə edilir”

Baxış sayı: 427

 Çoxsaylı oxucularının xahişi ilə növbəti dəfə ailə həkimimizlə birgə sümük yumşalmasından, onun simptom və müalicəsindən bəhs edəcəyik. Həmsöhbətimiz Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasovadır.

Nərminə Abbasova bildirdi ki, sümük yumşalması sümük toxumasında struktur pozğunluqları və deformasiyaların olduğu bir xəstəlik növüdür, bu da sümüklərin yumşalması deməkdir və adətən D vitamini çatışmazlığı səbəbindən baş verir. Həkimin sözlərinə görə, hər yaşda olan fərdləri təsir edə bilən bu xəstəlik ümumiyyətlə yaşlı insanlarda daha çox müşahidə edilir:

“Uşaqlıqda rast gəlinərsə, böyümə və inkişafla birlikdə xüsusilə uzun sümüklərdə əyrilik və əyilmələrə səbəb olacağı üçün yaşla daha ciddi ölçülərə çata bilir. Erkən mərhələdə tanınsa və müalicəyə başlansa, xüsusilə uşaqlıq dövründə olan xəstələrdə qalıcı zədələnmənin qarşısını almaq ehtimalı yüksəkdir. Xəstəlikdən qorunmaq üçün hər yaşda sağlam və balanslı qidalanmaya diqqət yetirilməli, qida rasionuna kifayət qədər kalsium və D vitamini qaynaqları daxil edilməlidir”.

 

Oxucularımızın “sümük yumşalması nədir” sualına cavab olaraq həkim bildirib ki, bu vəziyyət adətən D vitamini çatışmazlığı səbəbindən meydana gələn sümük yumşaldıcı xəstəlikdir:

“Normal şəraitdə sümük toxuması davamlı bərpaetmə və məhvetmə fəaliyyətləri ilə bir dövrədə həyatlarını davam etdirən aktiv və canlı hüceyrələrdən ibarətdir. Sümük toxuması əsasən kalsium və fosfor minerallarından ibarət qabıq toxumasından və daha yumşaq toxuma olan matris kimi tanınan kollagen liflərinin daxili şəbəkəsindən ibarətdir. Sümük əmələ gəlməsi zamanı onun tərkibindəki liflər minerallarla örtülür və sümüyün möhkəmliyi bu toxumaları örtən mineralların miqdarından asılıdır. Mineralların miqdarı azaldıqca sümük yumşalmağa və zəifləməyə başlayır. Sümük yumşalması olan xəstələrdə sümüklərdə olan minerallaşmamış kollagen lifləri hesabına sümüklər yumşalır və nəticədə əyilə, çatlaya və şiddətli ağrılara səbəb ola bilir. Uşaqlarda və yeniyetmələrdə böyümə zamanı Xəstəlik meydana gəldikdə, xüsusilə ağırlığa məruz qalan ayaq sümüklərində əyilmə problemləri yaranır. Yaşlılarda sınıqlar və çatlar da çox olur”.

 

Sümük yumşalmasının əlamətlərinə gəlincə, həkimin sözlərinə görə, o ilkin mərhələdə heç bir simptoma səbəb olmur. Belə ki, bu dövrdə sümüklərin bir qədər yumşalması əyrilik, əyilmə, qırılma, çatlama və buna bağlı ağrılara səbəb olmadığı üçün bunu ancaq rentgen müayinəsi və ya müxtəlif tibbi görüntüləmə üsulları və diaqnostik testlərlə müəyyən etmək olar. Həkim deyir ki, ancaq sözügedən hal irəlilədikcə və şiddəti artdıqca, sümük ağrısı və əzələ zəifliyi problemləri ortaya çıxmağa başlayır:

“Xüsusilə bel, çanaq, ayaq, oma və qabırğalarda küt ağrılar olur. Ağrının şiddəti gecə və ya sümüklərə təzyiq edildikdə arta bilir. Əzələ tonusunun azalması səbəbindən, hətta qısa gəzintilər xəstələr üçün çox yorucu olur. Bunlara əlavə olaraq, sümük yumşalmasının ən çox görülən simptomlarınə qeyd etmək istərdim – Sümüklər asanlıqla qırılır və çatlayır; Daimi yorğunluq hissi; Sümük ağrıları; Oturmaq, yerimək və pilləkənlərə qalxmaq kimi fəaliyyətləri yerinə yetirməkdə çətinlik; Qol və ayaq əzələlərinin zəifləməsi. Bunlardan başqa qanda çox az miqdarda kalsium mineralının olması səbəbindən ürək ritminin pozulması, ağız ətrafında, qol və ayaqlarda uyuşma, əl və ayaqlarda qıcolmalar müşahidə edilir. Bütün bu əlamətlər ciddi kalsium və D vitamini çatışmazlığının göstəricisidir”.

Nərminə xanım bildirdi ki, sümük yumşalmasının səbəbləri mineral qəbulu, D vitamin çatışmazlığı və cərrahi əməliyyatdır:

“Mineral qəbulu haqqında onu deyə bilərəm ki, bu xəstəlik sümüklərin yetişmə prosesində hər hansı bir pozğunluq səbəbindən inkişaf edir. Güclü sümük toxumalarının istehsalı üçün kalsium və fosfor mineralları qida ilə kifayət qədər miqdarda qəbul edilməlidir. Bunun üçün kifayət qədər və balanslı miqdarda bütün qidaları ehtiva edən sağlam qidalardan ibarət bir qidalanma proqramı vərdiş halına gətirilməlidir.
Xəstəliyin ən çox yayılmış səbəbi D vitamini çatışmazlığıdır. D vitamini qida ilə birlikdə bədənə alınır və günəş işığının köməyi ilə bədənin dəridə istifadə edə biləcəyi bir formaya çevrilir. Dünyada bu xəstəliyin ən çox görülən səbəbi qeyri-adekvat D vitamin, qapalı yerlərdə və ya günəş işığı az olan yerlərdə yaşamaqdır.
Növbəti səbəb isə bariatrik cərrahiyyə (mədə kiçiltmə əməliyyatı və s.) və ya müxtəlif səbəblərdən edilən bağırsaq əməliyyatları nəticəsində D vitamini və kalsium, fosfor kimi mineralların kifayət qədər sorulmamasıdır. Davamlı olaraq istifadə edilən bəzi dərmanlar da vitamin və mineralların udulmasına təsir göstərərək bu xəstəliyin inkişafına zəmin yaradır. Sümüklərin məhv edilməsinin sümük əmələ gəlməsinə üstünlük verdiyi yetkinlik dövründən başlayaraq vitamin və mineral ehtiyaclarının qarşılanmasına çox diqqət yetirilməlidir”.

Nərminə xanım bildirdi ki, sümük yumşalması probeminin qarşısını almaq üçün bəzi ehtiyat tədbirlərinin görülməsi sümük sağlamlığını qorumaq üçün vacibdir. Onun sözlərinə görə, Osteomalasiya riskini azaltmağa kömək edə biləcək 5 faktora önəm vermək lazımdır. Yəni yetərincə D vitamini qəbul etmək, balanslı qidalanmaq, sağlam həyat tərzi, daimi məşq və müntəzəm müayinələr vacibdir.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir