1352342971_nisan-yuzukleri-en-guzel-nisan-yuzuk-modelleri

Qadınların sevdiyi, kişilərin isə gizlətdiyi nişan üzüyü

Baxış sayı: 3. 072

Kişilər ilk zamanlarda nişan, toy üzüyünü taxsalar da sonradan bir qayda olaraq, onu çıxarıb kənara qoyurlar. Bunun səbəbini soruşduqda isə onlar üzük taxmağı sevmədiyini, bəzən isə qızıl taxmağı xoşlamadığını bildirirlər.

Çox zaman da xanımlar öz həyat yoldaşlarının üzüyü taxması üçün bəzən onu ağartdırırlar ki, kişinin tam zövqünə uyğun olsun. Bu zaman da kişi üzüyü taxmayanda artıq qadının beynində onun sədaqətsiz olması və ya nişanlı, evli olduğunu kimdənsə gizlətməsi fikri yaranır. Bəs əslində necədir, doğrudanmı kişinin öz nişan üzüyünü taxmaması sədaqətsizliliyinin göstəricisidir? Ümumiyyətlə, nişan üzüyünün anlamı nədir və onun taxılması vacibdirmi?
Hələ qədim zamanlardan üzük əbədi sevgi rəmzi hesab olunub. Çünki üzük qapalı dairə formasındadır, bu da əbədi sabitliyi ifadə edir. Nişan üzüyü ənənəsi bəzi mənbələrə görə Misirdə, digər mənbələrə görə Qədim Yunanıstanda yaranıb. Amma hər iki mənbədə də nişan üzüyü sol əlin adsız barmağına, münasibətlər rəsmiləşdirildiyində, yəni evlilik zamanı sağ əlin adsız barmağına taxıldığı qeyd edilir. Dövrümüzdə də buna əməl edilir. Nişan üzüyünün sol əlin adsız barmağına taxılmasının səbəbi ürəyə gedən tək damarın məhz bu barmaqdan keçməsidir. Bu da nişanlılar bir-birindən uzaq olsalar da onların ürəklərinin daim bir olduğu anlamına gəlir.
Ümumiyyətlə hər bir barmaq müəyyən mənanı ifadə edir. Azərbaycanda işarə barmağa üzüyün taxılması xanımın heç bir münasibətdə olmadığını göstərir. Bundan başqa, işarə barmağındakı üzük geyinilən libasa diqqət çəkmək üçün də ola bilər. Baş barmaqda üzük taxan qadınlar adətən sərbəstliyi sevən və hər hansı münasibətə başlamaq ərəfəsindədirlərsə, həmin əlaqəyə mütləq hörmət edilməsinin vacibliyini göstərənlərdir.
Baş barmağına üzük taxan xanımlar, adətən qısamüddətli münasibətlərə üstünlük verirlər.
Orta və çeçələ barmaqda üzük taxan qadınlar isə güvənilə bilən, istedadlı, sirr saxlamağı bacaran, nizam-intizamı sevənlərdir. Adsız barmaqdakı üzük isə yuxarıda qeyd etdiyimiz kimi nişanlılığın əlamətidir. Əvvəllər istifadə olunmuş üzüyü nişan üzüyü kimi istifadə etmək yaxşı əlamət deyil. Yalnız irsi olaraq verilən üzük istisnadır. Toy-düyünə gedərkən daha gözəl, daha yaraşıqlı görünmək üçün qız-gəlinlərimiz bəzən başqalarından qızıl məmulatları alıb taxırlar. Lakin bu əşyaların onlara verdiyi mənfi enerjidən xəbərləri olmur. Belə ki, işlənmiş hər bir bəzək məmulatı ilk sahibinin taleyini özündə cəmləşdirdiyindən, ondan istifadə edən digər adamların da həyatı ona bənzər olur.
 
Psixoloq Dəyanət Rzayev nişan üzüyünü əsasən kişilərin taxmadığını bildirdi: “Nişan üzüyünü əsasən kişilər taxmır. Qızlar nadir hallarda, nişanlısı ilə hansısa məsələ üstə mübahisə edəndə ola bilər ki, acıq edib taxmasın. Xarici ölkələrdə belə bir şey var. Bizim üçün qadının xəyanəti necə faciədirsə, xaricdə də kişinin xəyanəti bir o qədər faciədir. Digər ölkələrdə kişinin xəyanətinə çox pis bir münasibət var. Öz praktikamda da rastlaşmışam ki, kişilər düşünürlər ki, öz nişanlılarına, həyat yoldaşlarına həftədə ya ayda bir dəfə xəyanət edə bilərlər. Onların düşüncəsinə görə, kişi hər şey edə bilər, amma qadın yox. ”Kişi istədiyi yerə gedər” anlayışı yalnız azərbaycanlılarda var. Bu düşüncəni başqa millətlərdə görə bilməzsiniz. Bunun da fərqləri var. Xarici ölkələrdə kişi başqa qadınla görüşəndə etiraf edir ki, mən nişanlıyam, yaxud evliyəm. Amma Azərbaycanda kişi öz məqsədinə çatmaq üçün hər bir yola əl atır. Hətta nişan üzüyünü də çıxardır ki, mən subayam və görüşdüyü qadına öz məqsədi naminə ümidlər verir. Bu da təbii ki, alçaqlığın son həddidir”.
 
Əsəbiləşən zaman barmağındakı nişan üzüyünü çıxarıb atmağın daha çox qadınlara məxsus bir davranış olduğunu deyən psixoloq bunun başqa bir məqsəd daşımadığını, yalnız əsəbdən irəli gəldiyini bildirdi:“Qadınlar bunu daha çox əsəbiləşəndə edirlər. Hansısa başqa oğlanla görüşmək və ya xəyanət məqsədi ilə bunu etmir. Sadəcə olaraq öz hirsini tökmək üçün belə bir şey nümayiş etdirə bilər”.
Günel Manaflı



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir