Qan zəhərlənməsini necə aşkarlamalı?

Baxış sayı: 10. 455

İl ərzindıə 20 milyona yaxın insan sepsisə görə dünyasını dəyişir. Qan zəhərlənməsi olaraq tanınan sepsis yaş, irq, cins ayrımı etmir. Sepsis insanı öldürən xəstəliklər sırasında ilk pillərdə dayanır. Saatda 50-yə yaxın insanın həyatına son qoyan sepsis ölüm səbəbi sıralamasında hətta prostat, QİÇS, döş xərçəngi kimi qorxulu xəstəliklərdən də öndə dayanır.

Maraqlıdır ki, insanların çoxu sepsisin nə olmasından xəbərsizdir. Təəssüf ki, ölümlərin əksəriyyəti bu səbəbdən baş verir. Sepsis bədənin hər hansı bir virusa qarşı mübarizəsi zamanı bütün bədəni oyadır. Sağlam insanlarda infeksiyalı sahə müxtəlif cür özünü göstərir. Sepsisli insanlarda isə bütün bədən bir infeksiyaya qarşı dirəndiyi üçün bədən sıradan çıxmağa başlayır. İnfeksiyalı sahə xəsarət almaq yerinə bütün bədəndə infeksiya fəsadları yaranır. Bəzən həkimlər bunu qan zəhərlənməsi olaraq da adlandırır. Bədəndə ani soyuma və ya isinmə, baş gicəllənməsi, qızdırma, ürəyin normadan daha çox və ya olduqca zəif vurması sepsisin əlamətləridir.

Sepsis ağır formaya çevrildiyi zaman ölüm riski 50% artır. Ölümə səbəb sepsisin infeksiyalı sahə ilə yanaşı digər orqanları da sıradan çıxarmasıdır.

Terapevt Nuranə Aslanovanın sözlərinə görə, sepsis guman edildikdə, mütləq şəkildə mümkün infeksiya mənbələrini axtarmaq lazımdır. Bir çox hallarda ilk növbədə ağ ciyər və qarın boşluğu daxilində, sidik yolları, damardaxili kateterlər, dəri və yumşaq toxumalarda infeksiyanın olub-olmaması yoxlanılmalıdır. Bəzi hallarda ilkin bakteremiya, sümük və oynaqlar, meninqit və ya mərkəzi sinir sistemi infeksiya mənbəyi kimi çıxış edə bilər: “Sepsis güman edilən xəstələrdən qan, sidik, bəlğəm və kliniki vəziyyətdən asılı olaraq, həmçinin onurğa beynin mayesi, plevral maye, perikardiyal maye, oynaqdaxili maye, absesdən, uşaqlıq boynundan və ya boğazdan nümunələr və yaxmalar götürülməli, qram yaxması və əkmələr edilməlidir. Eyni zamanda infeksiyanın bədənin hansı sahəsində güman edildiyindən asılı olaraq müvafiq antibiotiklər verilir. Sepsis zamanı vurulan antibiotiklər çox güclüdür. Buna görə də antibiotiklərin yoxlanışı, prob deyilən mərhələ keçirilir. Prob edilmədən vurulan antibiotiklər ölümlə belə nəticələ bilər. Antibiotiklər güclü olduğundan müalicədən sonra qanın yuyulması da mümkündür”.

Diş qanaması, çox şiddətli infarkt, ağır bir zədə kimi orqanizmə həddindən artıq ziyan verə biləcək hər hansı səbəb sepsis dövrünün başlada biləcəyini deyən terapevt qeyd edir ki, öldürücü xəstəlik olan sepsisin əsasən yüksəkdən yıxılma, yol qəzası, miokard infarkt, ağır infeksiya kimi hər hansı bir səbəblə bədəndə ciddi stress yaradan hadisələrdən sonra da yaranma riski yüksəkdir: “Sepsis əsasən uşaq xəstəliyi kimi tanınsa da, bu xəstəlikdən dünyasını dəyişənlər əsasən yaşlılardır. Natəmizlikdən yaranan sepsis xüsusən orta yaşı keçmiş insanlarda meydana gəlir ki, bunun qarşısını almaq sadəcə təmizlikdən keçir. Sağlam insanın sepsisdən qorunması üçün başlıca amil təmizliyə riayət etməsi, əllərini tez-tez yuması, avtobus, metro tutacaqlarında istifadədən sonra əlləri ağıza vurmamasıdır. İnsanlar sepsisi ciddi xəstəlik kimi qəbul etmirlər. Lakin unudurlar ki, sepsis orqanları sıradan çıxarır. Sıradan çıxan orqan 2-dən 5-ə qalxarsa ölüm riski də artmış olur”.

Sepsisə səbəb ola bilən mikroblar xəstə bir insanın öskürək və ya asqırağı ilə havaya yaydığı mikrob damlaların sağlam adamın tənəffüs yolundan girməsiylə, təmiz olmayan yeməklərin yeyilməsi və ya çirkli suların içilməsiylə, çirkli əllər və ya qan yolu ilə bulaşa bilər. Mikroblar bütövlüyü pozulmuş dəridən də bədənə girə bilər. Əvvəllər tibbin inkişaf etmədiyi dövrlərdə sepsisə yoluxan insanlar 90% ölüm riski ilə üz-üzə qalırdı. Son illər isə bu faiz 30 olaraq dəyərləndirilir. Bu da onu göstərir ki, sepsis baxım və müalicə nəticəsində müsbətə doğru dəyişə bilər. Sepsis ağırlaşmaları zamanı septik şok yaranır ki, bu şoku keçirən insanlar nə qədər sağalsalar da, ani ölüm riskini üzərlərindən atmış olmurlar. Septik şok keçirən insalar ölməsə belə onlarda mütləq fiziki və ya zehni pozğunluqlar yaranır.

Terapevtə görə, sepsis o zaman təhlükəli hesab olunur ki, xəstəliyin mənbəyi bilinmir. İnfeksiyanın qaynağı aşkarlanmadığında müalicənin hansı istiqamətdə ediləcəyi də dəqiqləşmir: “Sepsisi yaradan bakteriyalardır. Lakin bəzən sepsis müayinəsi zamanı parazit, virus və göbələklər də aşkar olunur. Birbaşa damarara təsir edərək onları genişlədən sepsis mütləq müalicə olunmalıdır. Ev şəraitində heç bir üsulla bunu müalicə etmək mümkün deyil”.

 

Günay Ramizqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir