YOL POLISI

Qanunda dəyişiklik: Hansı sürücülər narahat olmaya bilərlər?

Baxış sayı: 215

Sürücülük vəsiqəsi və digər müvafiq sənədlər olmadığı hallarda fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılacaq və həmin hallar aradan qaldırılanadək nəqliyyat vasitəsi saxlanılması üçün müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına göndəriləcək. Bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı fərmanla qüvvəyə minən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunda əksini tapıb. Belə ki, indiyə qədər 3 saat ərzində nəqliyyat vasitəsinin saxlanılması səbəbini yerində aradan qaldırmaq mümkün olduqda, nəqliyyat vasitəsi onu yol hərəkətində iştirakdan kənarlaşdırmış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının yanında saxlanılıb. Belə səbəb aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya mübahisəli hallar araşdırıldıqdan və ya pozuntuya görə inzibati tənbeh verildikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılıb. 3 saat ərzində nəqliyyat vasitəsinin saxlanılması səbəbini yerində aradan qaldırmaq mümkün olmadıqda, nəqliyyat vasitəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına gətirilib. Artıq yalnız nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya inzibati xəta törətmiş şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılacaq. Belə nəqliyyat vasitələrinin duracaqdan buraxılması üçün xüsusi icazə tələb olunmur. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmayaraq, nəticədə maddi zərər vurulmuşdursa, onun sahibi qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.
Bu məsələdə sürücülərə aydın olmayan bəzi nüanslar ola bilər. Məsələn, qanun, ümumiyyətlə sənədi olmayanlara şamil ediləcək, yoxsa sənədi olub, sadəcə, onu özü ilə götürməyi unudan sürücülər də bu kateqoriyaya aid ediləcək?

Image result for YOL POLİSİ
Məsələ ilə bağlı açıqlama verən Baş DYP İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev bir sıra məsələlərə aydınlıq gətirib. Onun sözlərinə görə, 2016-cı ildə qüvvəyə minmiş yeni İnzibati Xətalar Məcəlləsindən nəqliyyat vasitəsini idarə etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədlərin, yəni sürücülük vəsiqəsi, qeydiyyat şəhadətnaməsi, idarə etmək hüququ verən etibarnamə və icbari sığorta şəhadətnaməsinin həmin nəqliyyat vasitəsini saxlamış YPX əməkdaşına təqdim olunmadığı halda, sürücüyə 3 saat vaxt verilməsi barədə müddəanın çıxarıldığı nəzərə alınaraq, ölkə başçısının Fərmanı ilə “Yol hərəkəti haqqında” Qanun da Məcəlləyə uyğunlaşdırılmışdır: “Onu da qeyd edim ki, Daxili İşlər Nazirliyində tətbiq olunan müasir texnoloji yeniliklər əsasında 3 saat gözləməyə ehtiyac da yoxdur. Çünki artıq xeyli vaxtdır ki, nəqliyyat vasitəsini idarə etmək üçün tələb olunan bütün sənədlər barədə məlumatları hər bir əməkdaşımızın istifadəsində olan bort-kompüterlər vasitəsilə Baş DYP İdarəsinin mərkəzi informasiya sistemindən çox asanlıqla və maksimum 1-2 dəqiqə ərzində almaq olur. Ona görə də sənədləri evdə unutmuş, yaxud başqa səbəblərdən sənədləri özündə olmayan sürücülərin “Yol hərəkəti haqqında” Qanuna edilmiş dəyişiklikdən narahatlıq hissi keçirmələrinə heç bir əsas yoxdur. Lakin sürücülərimiz onu da nəzər almalıdırlar ki, əgər nəqliyyat vasitəsini idarə etməyə əsas verən hər hansı sənədlərdən biri haqda mərkəzi informasiya sistemində məlumat mövcud olmazsa və ya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri müəyyən edilərsə, həmin hallar aradan qaldırılanadək nəqliyyat vasitəsi YPX əməkdaşının yanında deyil, saxlanılması üçün müvəqqəti olaraq mühafizə olunan duracağa göndəriləcək.”

Image result for YOL POLİSİ
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyir ki, qanuna zaman-zaman yeniliklər edilsə də, müəyyən boşluqlar qalır: “Bu addım artıq dünyanın bir çox ölkələrində tətbiq edilir. Əgər elektron bazada, yol polisinin mərkəzi məlumat sistemində sürücünün vəsiqəsi haqqında məlumat varsa, amma vəsiqə üstündə deyilsə,  bunu elektron formada müəyyən etmək olar. Çünki müasir dövrdə bu, daha yaxşı vasitədir. İstənilən halda, sistemdə şəxsin ad və soyadını daxil etdikdə, bunu dəqiqləşdirmək olur. Əgər təsadüfən kiminsə sürücülük vəsiqəsi evdə qalıbsa, bunu baza vasitəsilə dəqiqləşdirib cərimə tətbiq etmədən problemi həll etmək olur. Amma elə məsələlər var ki, onu artıq güzəşt etmək olmaz. Əsa problem etibarnaməsiz nəqliyyat vasitəsi idarə edənlərlə bağlıdır. Təcrübə göstərir ki, yollarda etibarnaməsiz maşın sürən sürücü çoxdur. Bəzi hallarda sürücünün etibarnamənin vaxtının bitməsindən xəbəri olmur. Bu kimi hallarda, əvvəllər olduğu kimi, problemi həll etmək üçün üç saat gözlənilməyəcək”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir