qis

Qış istirahəti neçəyə başa gəlir?

Baxış sayı: 1. 351

Səyahət, tətil deyəndə ağlımıza ən birinci, dəniz, qum, günəş – bir sözlə, yay fəsli gəlir. Bir çox dünya ölkələrində qaynar turizm mövsümü kimi yay fəsli qəbul edilsə də, sərt qış aylarının yaratdığı üstünlüklərdən faydalanaraq istirahətin dadını çıxarmaq istəyənlərin də sayı az deyil.

Belə ki, Dünya Turizm Təşkilatının statistikasına əsasən, hər il dünyada səyahət etmək istəyənlərin təxminən 30-35%-i istirahət mərkəzlərinə məhz qış ayında üz tuturlar.

Turizm şirkətinin meneceri Pərviz Qasımov bildirir ki, son illər ölkəyə gələn turistlərin sayında artım müşahidə olunur. Onun sözlərinə görə, Azərbaycana turistlər daha çox BƏƏ, Pakistan, Səudiyyə Ərəbistan və Küveytdən gəlirlər:

“Aktiv istirahəti – dağ – xizək turizmini sevənlər Qubada istirahətə üstünlük verir. Passiv istirahəti sevənlər isə daha çox Qusar, Qəbələ və cənub bölgələrinə üz tuturlar”.

Müsahibimiz qeyd edib ki, tur paketlər nə qədər öncədən alınsa, bir o qədər sərfəli olur:

“Hazırda turların satışına başlanıb və 35-40 % endirim müşahidə olunur. Yeni ilin başlamasına 10-15 gün qalmış, demək olar ki, biletlər qalmır və qiymətlər çox yuxarı olur”.

Digər turizm şirkətinin rəhbəri Orxan Məmmədli ölkəyə turist axınının daha çox Novruz bayramı ərəfəsində qeydə alındığını deyir. O, qış turizmi üçün olan tur paketlərinin qiymətini də açıqladı:

“Vaxt yaxınlaşdıqca hotellərdə boş qalan yerlər dolur və qiymətlər də baha olur. Biletlər noyabrın 25-nə kimi alınsa daha münasib qiymətlər əldə oluna bilər. Avropa ölkələri adam başı təxmini 800-850 avrodan, qış turizmi üçün hazır olan ölkələrin əksəriyyəti üçün isə olan qiymətlər 700-750 dollardan başlayır. Ölkəmizdə isə 3-5 günlük tur paketlərin qiyməti 350-650 manat arasında və daha çox ola bilər”.

Tur paketlərin qiymətləri ilə sizi tanış etdik. Odur ki, əliniz cibinizdə olsun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir