dostluq

Qız qızıla dönür, yox xəbəri oğlanların: Azərbaycanda eynicinslilərlə nikah arta bilər

Baxış sayı: 435

BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam edərsə, 2050-ci ilədək doğulan oğlanların sayı qızlardan 12-15 min çox olacaq. Bu isə çox ciddi demoqrafik problemlərin anonsu kimi qəbul edilə bilər.

Dövlət Statistika Komitəsinin ötən ay açıqladığı rəqəmlərə görə, hazırda orta hesabla hər 1000 kişiyə 1010 qadın düşür. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 19158 doğulmuş körpə qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə bu göstərici 11,7 təşkil edib. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Bu isə təbii cinsi tarazlığın pozulması kimi qiymətləndirilir.

Azərbaycan selektiv aborta üstünlük verən ölkələr arasında birincidir

Mütəxəssislər də hesab edir ki, bu, 15 ilə qızlarla oğlanların sayında ciddi disbalansın yaranmasına səbəb olacaq.

Bəs görəsən, Azərbaycanda qızların sayının oğlan uşaqlarına nisbətdə azalmasının səbəbi nədir?

aynur veyselova

Gender məsələləri üzrə ekspert Aynur Veysəlova deyir ki, ki, Azərbaycan selektiv aborta üstünlük verən ölkələr arasında birincidir. Onun sözlərinə görə, 100 qıza 105-107 oğlan düşməlidirsə, son vaxtlar bu bioloji norma iki dəfə artıb.

A.Veysəlovanın sözlərinə görə, hazırda doğulan oğlanlarla qızlar arasında belə fərqin yaranmasının iki əsas səbəbi ola bilər. Onun fikrincə, bunlardan biri ailə planlaması ilə bağlıdır: “Ya ailələr elə planlayır ki, doğulan uşaq oğlan olsun, yaxud da selektiv abortlar sayəsində ailədə oğlan uşaqları üstünlük təşkil edir”.

A.Veysəlova bildirir ki, Azərbaycan ailələrində oğlan uşaqları ilə bağlı steriotiplər var. Oğlan uşaqlarına nəslin davamçısı kimi yanaşılır. Bu isə ailələrdə doğulan uşaqların sayını artırır.

 

Qanun qadağan etsə də…

Qeyd edək ki, qanunvericiliyə görə, Azərbaycanda selektiv abortların aparılması qadağandır. Cinayət Məcəlləsində 141-ci maddəsinə görə, qanunsuz abort etmə 500 manatdan-1000 manatadək cərimə, 6 ayadək islah işləriilə cəzalandırılır. Amma bununla belə qanunsuz abort etmə hallarına hələ də rast gəlinir.

 

12 həftədən sonra abort qadağandır

Səhiyyə Nazirliyindən bildirildi ki, qadının istəyinə görə, hamiləlik 12 həftəyədək pozula bilər. Çünki, 12 həftədə dölün cinsini tam təyin etmək mümkün deyil. Ancaq hamiləliyin 14-16 həftə arasında dölün cinsi təyin etmək mümkündür. Bu həftələrdə isə abort ancaq tibbi göstərişlər əsasında həyata keçirilə bilər.

 

Streotiplər bizi rahat buraxmır

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirir ki, doğum faizi belə davam edərsə, Azərbaycanda oğlanlar evlənməyə qız tapa bilməyəcək. Bu isə əcnəbilərlə nikahı sürətləndirəcək.

M. Zeynalovanın sözlərinə görə, Azərbaycanda qız uşaqlarının abortu zorakılıq əsasında həyata keçirilir. Qız uşaqlarının ailədə istənilməməsi, daha çox oğlan uşaqlarına üstünlük verilməsi səbəbindən qızlar ana bətnində selektiv aborta məruz qalır.

“Ana bətnində dölün cinsi qız olduğundan imtina tələbləri baş qaldırır. Qadın məcbur olub aborta gedir. Çox yaxşı olardı ki, Azərbaycanda abortun monitorinqi aparılsın. Bizim sığınacaqda hazırda qız uşağı var ki, anası vəfat etdikdən sonra ata da, nənə də ondan imtina edib. Ata və nənənin dediyinə görə, qızın davranış pozğunluğu var. Amma xeyli müddətdə biz həmin qızda davranış pozğunluğu müşahidə etməmişik. Çox təəssüf ki, cəmiyyətdə qız uşaqları ilə bağlı streotiplər hələ də qalmaqdadır”, – deyə M. Zeynalova bildirir.

Mehriban Zeynalova

Əcnəbi nikahlar arta bilər

Həmsöhbətimiz deyir ki, bu kimi amillər qız uşaqlarına travma vurduğundan, onlar da gələcəkdə dünyaya qız uşağı gətirməkdən ehtiyat edirlər. Dünyaya gətirəcəkləri uşağın eyni travmanı yaşamaması üçün qız uşağı doğmurlar.

Birlik sədri deyir ki, qız uşaqlarının az doğulması ilk növbədə əhalinin sayının azalmasına gətirib çıxardır. Bundan əlavə, eynicinsli nikahlar və əcnəbi nikahların artması ilə nəticələnə bilər. Bu isə genefonda təsir edən amillərdir”.

 

Ədliyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, 2022-ci ilin ilk 8 ayında Azərbaycan Respublikasının vətəndaşı olan 1350 nəfərin əcnəbi ilə nikahı dövlət qeydiyyatına alınıb. Azərbaycan vətəndaşı olan 658 qadın və 692 kişi əcnəbi ilə nikaha girib. Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyası, Gürcüstan, Türkiyə, Ukrayna və İran İslam Respublikasının vətəndaşları ilə nikahının qeydə alınması üstünlük təşkil edib.

nikah

Əhalinin ümumi sayında cins bölgüsü

Apardığımız araşdırma zamanı son 23 ildə bundan əvvəlki illərlə müqayisədə qadınların sayının azaldığı üzə çıxıb. Dövlət Statistika Komitəsinin hesabatına görə, 2000-ci ildə hər 1000 kişiyə düşən qadınların sayı 1046 olubsa, 10 ildən sonra 2010-cu ildə bu rəqəm 1019-a enib. 2022-ci ildə isə bu rəqəm daha da azalaraq 1001-ə düşüb.

Əhalinin ümumi sayına nisbətdə qadınların sayı kişilərin sayından o qədər də az olmasa da, son illər bərabərləşib. Belə ki, 2000-ci ildə kişilərin sayı 48,9, qadınların sayı isə 51,1 olub. 10 il sonra, 2010-cu ildə kişilərin say faizi 49,5, qadınların sayı isə 50,5-ə düşüb. 2022-ci ildə isə əhalinin ümumi say nisbətində qadın və kişilərin sayı bərabərləşərək 50,0 faiz təşkil edib.

 

Zülfiyyə Quliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir