İsmayil Ahmad

Ramazan ayı ruh tərbiyəsi, pəhriz ayı, dini festival, yoxsa ənənələşən ibadət?!

Baxış sayı: 2. 046

“Gencaile.az” saytının ilahiyyatçı İsmayıl Əhmədin yazılarının mütamadi təqdim olunduğu “bilDİN” rubrikasında bu dəfə Ramazan ayı haqqında məlumat alacaqsınız.

Hər Ramazan həyatımızın bir hissədirsə və əgər həyat davam edirsə, hər il bu mübarək ay gəlincə, haqqında  danışılmalı, əzəməti anılmalıdır. Zamanı hikməti ilə  yoxdan var edən və zamanda insan adlı məxluqu yaradan Allah bu il də bu şərəfi  bizə nəsib etdi. Ramazan bizim üçün nə ifadə edir və nə etməlidir? Quranın  Ramazan təqdimatından əsas məqsəd Ramazana qovuşmaq deyil, Ramazanla (Allahın razılığına) qovuşmaq, ramazanlaşmaq, yəni İlahi rəng almaqdır. Ramazan  zaman çərçivəsində gəlir, bəzən bizi xoş görür, bəzən naxoş, bəzən də boş görür.    Ramazan gəlir hər il biz onu olduğu kimi görürük, bəs  o  bizi?  O  bizi  olduğumuz   halda  görür, bəs  biz onunla  və onu  bizə təqdim  edən vəhy  pəncərəsi ilə nəyi  görürük? Keçmiş Ramazanları nəzərdən keçirib görək ötüb keçən Ramazanlar  nələri  qoyub getdi  bizə, ruhumuzda  nə kimi dəyişikliklər  edə  bildi?  Və ən əsası  biz bu dəyişikliyə razı ola bildikmi? Dəyişikliyə gəlincə, çox mühüm və  nigaran məqamla qarşılaşırıq. O da Ramazanla  dəyişə  bilməyənlərin Ramazanı istədikləri kimi dəyişmələridir. Bunu verilən hökmlərdən başlayaraq Peyğəmbər (s)  sünnətində əsəri olmayan ənənələrə qədər görmək olur. Ramazan ayında illər  boyu  oruc tutan  bəzi  şəxslərin  orucu  pozan  bir neçə  halı  bilməyib, amma  əvəzində  azarkeşlik etdiyi futbol komandasının heyətini və ya baxdığı serialların  qəhrəmanlarının adını sadalaması bir müsəlman üçün çox üzücü haldır.   Ramazana belə qeyri-ciddi  yanaşma  əslində  zamana  və  zamanın içində yer  alan həyata olan israfın  nəticəsidir. Çünki  zamanın  dəyərini  bilən  insanın  ən  başlıca  xüsusiyyəti məsuliyyətli olmaq və ömrünün hər anını dəyərləndirməyi  bacarmasıdır.  Peyğəmbərin  (s) “Ramazanda  bağışlanmayan şəxs  bəs  nə  zaman  bağışlanacaq?!”  hədisi  əslində  bu  mövzuya  ruh verən əsas  stimullardandır. Və  əgər bizə Allah tərəfindən ən dəyərli  nemət  olan həyat  zaman  çərivəsində  qərar  tutmuşsa və biz də həmin zamanı israf ediriksə, demək bununla Allahın bəxş  etdiyi  ən  dəyərli nemətə qarşı  haqsızlıq etmiş oluruq. Oruc  tutanların Ramazan  ayına münasibətinə nəzər saldıqda insanların çox az hissəsinin ruhən tərbiyə  olduğunu, az olmayan kütlənin orucu arıqlamaq üçün tutduğunu, bir çoxlarının Ramazanı festival halına çevirdiyini (israfa yol verilən və yalnız imkanlıların  iştirak etdiyi iftar məclislərini buna misal çəkmək olar), böyük əksəriyyətinin isə  Ramazanı da digər dini ayinlər  kimi  sadəcə ənənəyə çevirdiyini görürük. Bunun  üçün də Ramazanda bədənlərini ac saxlayanların qazandıqları ruhi qida, yalnız  mədələrini boş saxlayanların əldə etdikləri bir neçə  kiloqram az çəki,  ona  festival  kimi yanaşanların qazandıqları şan-şöhrət, ona ənənə  kimi yanaşanlar da ya yeni  ənənəyə  imza  atarlar  və  ya illər  boyu  təkrar  etdiklərini  bir  daha  təkrarlayıb  həmişəki  kimi  əliboş  qalarlar.

Nə  üçün  Ramazan?

Aylar arasında Ramazanın belə bir özəlliyi Quranın onun Qədr adlanan  gecələrindən birində nazil olmasındadır. Qədr gecəsinin nə olduğunu  bilmək  üçün Onu bu ayda qərar verənin dilindən eşitmək daha doğru olar. Quranın  üç  ayəsində  bu haqda  xəbər verilir. Hazırkı ardıcıllıq baxımından ikinci və ən böyük surə olan  Bəqərədə (183-cü ayə) Quranın Ramazan ayında insanların hidayəti üçün nazil  olduğundan xəbər verilir. Duxan surəsinin 3-cü ayəsində isə bu  gecənin son dərəcə  bərəkətli  olduğundan xəbər verilir. Quranın sonlarında yer alan Qədr surəsində  isə həmin gecənin min aydan üstün olduğu təkid edilir. Amma buradan bir sual  yaranır: Əgər Ramazan Quranın doğum günüdürsə, nə üçün biz onu aclıqla  qarşılayırıq? Sual ənənəvi olaraq “yoxsulların keçirdiyi hissləri yaşamaq üçün” – deyə  cavablandırılır. Bu cavabı düzgün qəbul etmək olar, amma bir yerə qədər. Belə ki, Ramazan  ayının orucu xüms və zəkat kimi tək maddi imkanı yaxşı  olanlara deyil, kasıb təbəqəyə də vacib olunan İlahi əmrdir.  Məsələnin  dərinliyinə  vardıqda tam başqa  anlamlar da  ortaya çıxır. O da Quranın bizdən ayələrini yalnız  səslə deyil, qəlb və beyinlə oxumağımızı istəyir. İnsanın anlayan tərəfi onun  düşünən qəlbidir. Yəni insan varlıq olaraq nəzərə alındıqda  bir tərəfdə onun  fiziki, digər  tərəfdə  isə  metafiziki  varlığı  görünür. Metafiziki  varlığımızın içində ağıl, iradəmizdə yer alır. Onlarla fiziki olaraq təmasda ola bilməsək də varlıqlarını  əməllərimizlə sübuta yetirə bilirik. Yəni  ağıllı olub-olmadığımız  ağlımızın  aktiv  olub-olmadığından, iradə və vicdanımızın olub-olmadığı isə əxlaqi davranış və   əməllərimizdən bəlli  olur. “Nə  üçün  Quranın nazil  olduğu ayı  ac qalmaqla  qeyd  edirik?” –  sualını  əgər  bir  cümlə  ilə cavablandırmaq  istəsək deməliyik ki,  fiziki  aləmin  məhsulu olan bədənini metafiziki aləmə aid olan ruhu ilə idarə və  nəzarət  etməlidir. Quran da metafiziki aləmdən nazil olduğundan onun metafiziki aləmə  aid olan ruhla mənəvi bağlantı yaratması lazım olur. Ramazan on bir ay bədəninə  qulluq edən insanı bir ayda ruhunun qayğısına qalmağa dəvət edir. Başqa sözlə,  Ramazan ruhun ön cərgəyə keçməsi üçün bir fürsətdir. Və bu fürsətdən yalnız  sağlam düşüncə sahibləri və iradəsini ağlı ilə idarə edən, ağlını da ruhuna təslim edə bilən şəxslər istifadə edə bilir. Yalnız ağlını ruhuna təslim edə bilənlər  Quranla əlaqə  yarada  bilər.  Çünki  Quran  anlam tələb edən  kitabdır. Anlam verən bir kitabı başa düşmək üçün də anlamı, yəni ağlı önə çəkmək lazımdır.

Oruc  tutmaq

İnsan iradəsi, ağlının hökmü ilə nəfsinə hakim olmaqla oruc tutur. Orucu tutan insan eyni zamanda orucla da tutulmuş olur. Başqa vaxtlar asanlıqla etdiyi günahlardan, mənfi yüklü  fikirlərdən  və s.  Bu  mənada  əslində  biz  orucu  deyil, oruc  bizi  tutur. O bizi ayaq  üstə  günahların qarşısına  sipər  çəkərək  tutur. Yəni   oruc ruhumuzla bədənimizi bir yerdə tutur. Bu isə o deməkdir ki, biz orucu nə qədər tuturuqsa, o da bizi o qədər tutur. Bir halda ki,  çoxumuz oruc  tutduğumuzu  güman etdiyimiz bir halda, oruc bizi tutmur. Ramazan insan oğluna “mən sənə  Quranı gətirdim!” xitabını verir. İnsan oğlunun da üzərinə düşəcək ən başlıca  vəzifə bu çağırışa  cavab verməsidir.

Qabın  dəyəri

Hər qaba dəyər verən onun içindəki olur. Cəvahirat saxlanılan qab içindəki daş-qaşlara görə qorunur və qiymətli hesab olunur. Ayaqqabıya dəyər verən varsa,  ayağın qabı olduğu  üçündür. İnsana dəyər verən də  heç  şübhəsiz  ki,  içində  yer  verdiyi ruhudur. Quranın özündə yer verən Ramazan ayı da buna görə dəyər  qazanır.

ORUCLUQ

Ən  qədim  ibadət

İslamın  bəşəriyyətə təqdim  etdiyi ibadətlərdən bəziləri onunla həmyaşıd olsa da  onlardan biri, daha dəqiq  desək, oruc  insanlıqla  yaşıddır. Bunu  Bəqərə  surəsinin  183-cü  ayəsindən bilmək olur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” Lakin orucluq tarixin gedişatında bu  qədər dəyər kəsb etməmişdir. Bunun  səbəbi  isə  insanın şüurlu varlıq  kimi heç vaxt  bu qədər  dəyər qazana bilməməsi  olur.

Varlıqdan  darlığa

Müasir dünyada insanlıq bu qədər  qida çeşidi,  elmə  bu qədər  asan  sahib  olmaq,  istedadlı insanlardan bu qədər tez xəbər tutmaq imkanına sahib  olmamışdır.  Lakin buna baxmayaraq insanlığın  əziyyət  çəkməsi  azlıqdan yox, çoxluqdandır. Qida pozğunluğundan yaranan xəstəliklər məlumatsızlıqdan deyil, məlumatın  çoxluğundan əziyyət çəkməsi, fitnə-fəsadın qurbanına  çevrilməsi  və s.   insanlığın  varlıq aləmində özünü darlığa  məhkum  etməsindən irəli gəlir. Bütün bunlar  insan oğlunu həyatda qarşılaşdığı hadisələrdə durmalı olduğu yerdə özünə “dur” və  irəli getməli olduğu  yerlərdə “get” deyə  bilmədiyindən irəli gəlir ki, Ramazan ayının  orucu da buna xidmət  edir. Ramazanlaşmaq  deyildikdə  Quranın orta ümmət kimi təqdim etdiyi müsəlman ümmətinin bu çətinliklərin həllində çalışmalı olduğu  nəzərdə tutulur. Yəni Quranın  təqdim etdiyi orucu  yalnız  müsəlmanlar tutsalar da onun gətirdiyi missiyanı da müsəlmanlar aləmə yaymalıdırlar. Hətta deyə bilərik ki, müsəlmanlardan oruc tutmayanlar belə orucun missiyasını yaşatmağa can atmalıdırlar  ki, qəlbi dayanmaqda olan dünyanın qəlbinə çevrilə bilsinlər. Çünki  yalnız İslama iman gətirən bir toplum üçün “ummət” (ümmət) kəlməsindən istifadə  olunur. Ummət sözünün kökünü  ana  mənasında işlənən “umm” kəlməsi təşkil edir. Bu mənada müsəlman ümmətinin üzərinə düşən mənəvi vəzifələrdən biri də    yaşadığı dünyaya analıq etməsidir. Yəni ailədə ata güc və qanunu, ana isə şəfqət və mehribanlığı  təmsil edir. Yəni Quran orta ümmət olan müsəlmanları  dünyaya  güc  kimi deyil, mehribanlıq təmsilçisi kimi təqdim edir. Ramazan da bütün əməl və   duaları ilə bizə şəfqət və mehribanlıq tərbiyə edən möhtəşəm imkandır. Yəni şəfqətli  ümmət  həm  aclığın  nə olduğunu, həm də acların nə  yaşadıqlarını bütün varlıqları ilə yaşayıb daha da şəfqətli olmağa dəvət olunur. Amma bu aclıq  könüllü və ruhu, mənəviyyatı doyuran aclıqdır. Bu aclıq Quranla doyurdulur. O  Quran ki, bizdən bədənimizi arxaya, ağlımızı önə çəkməyi tələb edir. Qoy ki  ağlınla əlaqə yarada  bilim. Amma  bütün bunların olmadığını, yaşanmadığını  və  yaşadılmadığını görməyincə son dərəcə üzücü səhnədə qərar tutmuş  oluruq. Bütün bunlara diqqət yetirməyən bir ümmət “ağzımdan azacıq su getdi, görəsən bu  orucumu pozdumu?”, “filan etdim, orucum düzdürmü?” – deyib durur, amma  orucun ruhundan  xəbərsiz  qalır.  Çünki  ümmət  şüurundan məhrum  olduğundan Quranı  yaşamır  və yaşatmır.  Amma  bu heç də orucu  pozan halların  mənasız  və lazımsız olma mənasına gəlmir. Bunlar hökmün icraatında əməl olunmalı  hallardır, lakin ruhu  deyil.  Və  orucluq  hökmünün verildiyi ayənin (Bəqərə, 183) sonuna nəzər saldıqda təqva  məsələsinin  önə çəkildiyinə işarə  olunur. Təqva isə  insanın  fitrətində  qərar  verilən məsuliyyət hissindən başqa bir şey deyil. Bu isə  o deməkdir ki, Ramazan ayının orucu daxil olmaqla bütün ibadətlər Allaha yaxınlaşmaq üçün bir vasitədir.  Allaha  yaxınlaşmaq  və  onun razılığını qazanmaq hədəfdir. Bunun üçün də tam qətiyyətlə deyə bilərik ki, İslam xristianlıqdan fərqli olaraq ibadət dini deyil, İslam bəndəlik və təslimçilik dinidir. Götürək orucun özünü, oruc təqvalı olmaq  üçün  bir  vasitə,  təqvanın  özü  isə  məsuliyyət hissidir. Yəni insanda  məsuliyyət  hissini  artırmağa  xidmət  edir  ki, onun özü  də  Allahın  razılığını qazanmaqda bir vasitə rolunu oynayır. Və əgər Ramazanın gəlişi ilə gedişi insanda məsuliyyət hissi yaratmırsa… demək necə gəlibsə, elə də gedib.  Allahdan diləyimiz Quranla yaşayıb məsuliyyət hissinə sahib olmaq səadətini nəsib etsin. Amin,  Ya Muin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir