Mesheti HUSEYNOVA

“Ramazan ayında bunları yemək olmaz” – MÜSAHİBƏ

Baxış sayı: 289

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın Ramazan ayında qidalanma ilə bağılı müsahibəni təqdim edirik.

 

– Məhsəti xanım, Ramazan ayında necə qidalanmalıyıq?

– Ramazan ayında imsak və iftar vaxtı qidalanmanı unutmaq olmaz. Bəzən olur ki, bəziləri imsak vaxtı müxtəlif səbəblərdən qidadan imtina edirlər. Yaxud yuxudan oyanmır, ya da oyanıb sadəcə xurma və su ilə oruc tutur. Bu, çox yanlış davranışdır. Uzun müddət ac qalmaq fəsilə görə dəyişir. Bəzi fəsillərdə bu müddət 15 saat, bəzilərində isə 18 saata qədər uzana bilər. Bu qədər ac qaldıqda qanda şəkərin miqdarı həddindən artıq aşağı düşdüyünə görə sağlamlıq üçün ciddi problemlər yaranır. Eyni zamanda bu, işləyən insanlar üçün daha çox problemə yol açır. Uzun sürən aclıq və balanslı şəkildə qidalanmamaq orqanizmdə halsızlıq, yorğunluq, bəzi hallarda baş gicəllənmə, baş ağrıları, yuxuya meyillilik, aqressiya yaradır. İmsakda yemək yemək mütləqdir. Uzun müddət ac qalacağınızı nəzərə alaraq, balanslı qidalanmaq lazımdır. Qidada zülallar, yağlar, karbohidratlar, vitamin və minerallar balanslı şəkildə olmalıdır ki, orqanizmin sağlamlığına problem yaranmasın. Buna görə də əsasən süd məhsullarını rasiona daxil etməliyik. Pendir, zeytun, yumurta imsak süfrəsində çox vacibdir. Bu qidalar doyumludur və insanı tox saxlayır. Eyni zamanda, mütləq şəkildə tərəvəzləri unutmamalıyıq. İmsakda tərəvəz yemək qəbzlik kimi problemlərin qarşısını alır. Paralel olaraq su içmək vacibdir. İmsakda təmiz su, ayran, süd, az şəkərli kompot, təbii meyvə şirələri istehlak edə bilərik.

 

– Oruc tutanlar hansı qidaları rasiondan tamamilə çıxarılmalıdır?

– Rəngli, qazlı, hazır şirələri istehlak etmək olmaz. Bu qidalar adi günlərdə də orqanizm üçün zərərli təsirini saxlayır. Xüsusilə Ramazan ayında oruc tutan şəxslər sözügedən içkilərin istehlakını dayandırmalıdırlar. Bunlar orqanizmin maye tələbatını ödəmir.

Paralel olaraq yağlı, duzlu, çox qızardılmış, gec həzm olunan qidalar da rasiondan tamamilə çıxarılmalıdır. Çünki bu qidalar susuzluq yaradır.

 

– Gün boyu orqanizm ac qalır, bəs iftarda hansı qidalara üstünlük verilməlidir?

– Axşam yeməyində xüsusilə diqqət etmək lazımdır ki, uzun müddət ac qalan mədə birdən-birə doldurulmasın. Çünki əksər hallarda bu kimi yanlışlar mədə-bağırsaq sistemində problemlərə, xəstəliklərin yaranmasına səbəb olur. Ona görə ilk olaraq xurma, su ilə açılan oruc şorba ilə davam etməlidir. Şorbanı bir dilim çörəklə qəbul etmək olar. 15-20 dəqiqə sonra digər qidaları qəbul etmək olar. Qeyd edim ki, bir gündə həm ət, həm də balıq və toyuq yeməklərini qəbul etmək olmaz. Menyu şəklində hər gün fərqli ət yeməyinin istehlakı daha doğrudur. Əsas yeməkdən iki saat sonra şirniyyat qəbul edilə bilər. Bu zaman yüngül şirniyyatlara üstünlük verilməsi lazımdır. Məsələn, meyvədən hazırlanan südlü şirniyyatlar daha faydalıdır. Eyni zaman mütləq 8-10 stəkan su içmək, Meyvə yemək vacibdir. İftarda da tərəvəzlərə daha çox yer ayrılmalıdır.

Burada əsas məqam tez həzm olunan qidalara üstünlük verməkdir. Çünki bu qidalar axşam saatlarında qəbul edildiyi üçün hərəkət az olur, yağa çevrilməməlidir.

DİQQƏT: Marketlərdə bu qidalar ölümə yol açır

– Hansı qidalar gün ərzində lazımı kalori ehtiyacını ödəyir, susuzluğu yatırır?

– Qidaları seçərkən elə seçməliyik ki, tərkibində zülallar bol olsun, buraya ət və süd məhsulları daxildir. Zeytun, kərə yağlı qidalara yer ayırmaq lazımdır. Meyvə və tərəvəz menyudan əskik olmamalıdır. Karbohidrat ehtiyacı üçün isə mütləq paxlalı məhsullardan istifadə etməliyik. Eyni zamanda çərəzlərdən qoz, fındıq, badam, kişmiş, xurma, ərik qurusu, qara gavalını rasiona əlavə etməliyik.

Sahurda qidalanmayıb iftarda çox qidalanmaq sağlamlıq üçün zərərli olacaq.

 

– Kimlər oruc tuta bilməz?

– Mədəsində xora xəstəliyi, bağırsağında problem olanların, şəkərli diabet xəstələrinin, yüksək təzyiqi olanların oruc tutması məsləhət görülmür. Bəzən olur ki, yüngül şəkəri olan insanların sağlamlığına problem yaranmırsa, uzun müddət susuz qala bilərlərsə, oruc tuta bilərlər. Eyni zamanda daimi olaraq dərman qəbul edən xəstələrə də oruc tutmaq olmaz.

Bir çox hallarda sual verilir ki, hamilə qadın oruc tuta bilərmi? Xeyr. Çünki hamilə qadın gün ərzində azı 5 dəfə qidalanmalıdır ki, bətnindəki körpənin sağlamlığını təmin etsin.

Müəllif: Aysel Azad



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir