reklam

Reklam videosu, yoxsa rəzalət? – VİDEO

Baxış sayı: 212

Bu günlərdə “Turan” Klinikasında biabırçı reklam videosu çəkilib. Sosial şəbəkələrdə yayılan görüntülər cəmiyyətdə mənfi rezonans doğurdu. Belə ki, Klinikanın cərrahı Mehman Məmmədovun fəaliyyətindən bəhs edən reklam xarakterli videoda açıq-saçıq geyimli xanım kəskin tənqid atəşinə tutulub. Reklam videosuna çəkilən həkim və pasienti şiddətli şəkildə qınayan feysbuk istifadəçiləri görüntülərin biədəb olduğunu söyləyiblər. Onlar belə roliklərin çəkilməsini əxlaqsızlığın təbliği kimi dəyərləndiriblər.

ehmed qesemoglu

Baş verənlərlə bağlı fikirlərini bölüşən sosioloq-alim Əhməd Qəşəmoğlu bildirdi ki, ən böyük problemimiz get-gedə cəmiyyətdə mənəvi dəyərlərin arxa plana keçməsidir:

“Cəmiyyətdə gərginlik və xoşagəlməz hadisələr çoxalır. Biz hər cür çalışmalıyıq ki, mənəvi və əxlaqi dəyərlərin arxa plana keçməsinin qarşısı alınsın. Bu, birmənalı olaraq həyat normamız olmalıdır. Çünki min illərdir bütün dini kitablar, peyğəmbərlər, alimlər deyir ki, cəmiyyətdə mənəvi dəyərlər öndə olmalıdır. Mənəvi dəyərlər öndə olmayanda isə toplum bərbad hala düşür.

Təəssüf  ki, get-gedə ökəmizdə biri Avropa, digəri qondarma mədəniyyətlərin təsiri altına düşür. Azərbaycanda açıq-saçıqlığı təbliğ edirlər. Bəziləri bunu reklam vasitəsilə, bir çoxları isə hansısa estrada şousu  ilə edir. Mahiyyət etibarı ilə açıq-saçıqlığı önə verirlər, əxlaqi dəyərləri arxa plana keçirirlər. Ona görə də biz belə halların hər zaman qarşısını almalıyıq. Kimsə deyə bilər ki, Avropada belədir, Amerikada elədir. Amma bu çox təhlükəli və axmaq bir yanaşmadır. Avropanın öz mədəniyyət sistemi var. Orada heç də ideal həyat səviyyəsi yoxdur. Kim nə qədər tərifləyir tərifləsin, SPİD xəstəliyinin yayılmasını göz önünə gətirəndə məlum olur ki, orada həyat arzuolunan səviyyədə deyil. Avropada da mənəvi dəyərlərin arxa plana keçməsi ilə bağlı xeyli problemlər var. Ona görə biz Avropanı misal gətirməli deyilik. Birmənalı olaraq belə halların qarşısını almaq vacibdir. Çalışmalıyıq ki, bu cür məqamlara tənqidi münasibətimiz olsun. Sözügedən video ilə bağlı sosial şəbəkələrdəki sərt təpki tamamilə doğrudur. Gərək belə hadisələr adiləşməsin. Adiləşdikcə həyatımız da eybəcərləşir və problemlərimiz çoxalır”.

Adil Qeybulla

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə bütün həkim reklamlarının biabırçı məqam olduğunu diqqətə çatdırdı:

“Dünyanın heç bir yerində həkim reklamı yoxdur. Belə reklamlar korporativ marağa xidmət edir. Əslində dövlət bütün həkimlərə diplom verir. Necə ola bilər ki, bir həkim xüsusi kateqoriyaya aiddir amma başqası yox?

Bu gün televiziyalarda həkimlərin şəxsi reklamlara xərclədikləri pul adi bir həkimin, bəlkə də, 5 il aldığı maaş qədərdir. Ona görə də bu məsələlər ciddi araşdırılmalıdır. Hesab edirəm ki, ən böyük biabırçılıq məhz budur. Belə həkimlərin peşəkarlığının hansı səviyyədə olduğu aydın deyil. Özlərini reklam edən həkimlər insanların inamını aldadırlar və gəlir əldə edirlər. Düşürəm ki, müvafiq strukturlar bu işlə məşğul olmalıdırlar. Həkimlərin özlərini reklam etməsi, xəstəni cəlb etməsi və onlara müştəri kimi baxması peşəkarlıq əlaməti deyil. “Turan” klinikasında çəkilən reklam videosu da qeyd etdiyim biabırçılıqlardan biridir. Bu cür rəzalət səhiyyəmizin mahiyyətinə pis təsir göstərir. Onsuz da səhiyyəmizə güvən yoxdur və belə reklamlar vətəndaşların inamını daha da azaldır”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir