qrip

Rinitin gətirdiyi fəsadlar

Baxış sayı: 1. 273

Rinit adətən ümumi və yerli müqaviməti zəifləmiş, soyuqdəyməyə məruz qalmış və xroniki xəstəlikləri olan şəxslərdə əmələ gəlir. Rinitin əmələ gəlməsinə burun travması, yad cisimlər, mövsüm və peşə faktoru də təsir edə bilər.

Kliniki gedişinə görə rinit 2 yerə bölünür: kəskin və xroniki. Kəskin rinit virus, bakteriya və qismən də göbələk mənşəli infeksiyaların təsirindən yarana bilər. Xroniki rinit isə adətən qeyri-infeksion mənşəli olur. Bunlardan əlavə, digər bir forma rinit də mövcuddur ki, bu da vazomotor rinit adlanır. Vazomotor rinit də öz növbəsində neyro-vegetativ və allergik forma rinitlərə bölünür.

Kəskin rinitlə böyüklər il ərzində 3 dəfə, uşaqlar isə 4-6 dəfə (bəzən isə daha çox) xəstələnə bilərlər. Allergik rinitlər isə əsasən mövsümi xarakter daşıyır. Buna baxmayaraq, il ərzində allergik rinit özünü göstərə bilir. Allergik rinitin əmələ gəlməsində bir sıra allergenlər əsas rol oynayır.

Bunlara yazda və payızda çiçəkləyən bitkiləri və onların tozcuqlarını, kif göbələkləri, məişət tozu, yataq gənələri, heyvan mənşəli tük və digər hissəcikləri misal göstərmək olar.

Rinitin əsas əlamətləri burundan ifrazatın gəlməsi, burunun tutulması, tez-tez asqırmaq, tənəffüsün çətinləşməsi, burunda və boğazda qızartı, qaşıntı, qıcıqlanma və ümumi vəziyyətin pisləşməsidir. Həmçinin baş ağrısı, hərarət, gözlərin sulanması da müşahidə oluna bilər. Bu vəziyyət 1-2 sutkadan bir neçə sutkaya qədər müşahidə oluna bilər. Proses bir həftə və ya on gündən çox çəkərsə, müəyyən ağırlaşmalara və xroniki rinitə gətirib çıxara bilər. Eləcə də, tənəffüsdə davamlı çətinliyin olmasının gələcəkdə astma və bronxit kimi ağırlaşmalara səbəb olar.

Allergik iltihab artaraq udlağı, qırtlağı, traxeyanı da zədələyir. Bu zədələnmənin əsas əlaməti allergik öskürəkdir. Uşaqlarda müxtəlif səbəblərdən tez-tez öskürək baş verə bilər. Digər xəstəliklərdəki öskürəkdən fərqli olaraq allergik öskürək tutma şəklində olur, davamlı olaraq uşağı əldən salır. Allergiyası olan uşaq bir neçə gün ərzində öskürür, öskürək əksər hallarda uşağa axşamlar, yastıqda olan quş tüklərinə, yorğan və döşəkdə olan yuna qarşı olan allergiya nəticəsində əziyyət verir. Allergik öskürək, adətən, quru olur, yəni bu zaman bəlğəm ifraz olunmur.

Xəstəliyin ağırlaşmalarının qarşısını almaq üçün ən başlıcası mümkün qədər allergenlərlə təmasdan qaçmaq və müalicəyə vaxtında başlamaq lazımdır. Effektiv müalicə vasitələrinə antihistamin preparatlarını, şişkinlik əleyhinə təsir edən və yerli tətbiq olunan steroid maddələri misal göstərmək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir