efsane rustemova

“Sən Şəhid elədin onu” – “NATAMAM”

Baxış sayı: 1. 508

Balaca bir qız gətirdilər keçən həftə yanıma. Dedilər ki, uşaq durduğu yerdə qışqırır, dr. Molla dua da yazıb, düzəlməyib.  Axır məcbur qalıb, gətiriblər psixoloqa.  Adı Gülsüm idi. Qaraşın, 5 yaşlı qız uşağı. Saçı səliqəsiz, geyimi nimdaş, üzü uşaqlıqdan əsər qalmamışcasına baxırdı mənə. Əvvəl olduqca narahat oldum ki, bu körpəyə nə olub, onunla necə dil tapacam?! Sonra sanki onun da danışıb məsləhətləşməyə ehtiyacı varmış kimi içini çəkərək anlatmağa başladı. “Mənə iynə vurmayacaqsınız ki?! Vurmayacaqsınızsa, sizə bir şey demək istəyirəm. ”

Yox dedim, qızım. İstəsəm də vura bilmərəm. Mənim iynə vurmaq icazəm yoxdur. Heç həkim də deyiləm mən. Onlar hörmət əlaməti olaraq “doktor” deyir. Burnunu qoluna silib rahatlaşdı. Güvəndi mənə. Yalan demədiyimi anladı və başladı danışmağa:

“Vallah mən heç nə eləməmişəm! Bilmirəm sizə məndən necə şikayət ediblər?! Amma Vallah mən heç nə eləməmişəm. Mən evdə pəncərənin yanında yerdə oyurub oyuncaqlarımla oynayırdım. Birdən anam qışqırmağa başladı. Amma bu adi qışqırmaq deyildi. Elə bil nəsə lap, lap, lap böyük bir şeyi sındırmışam. Amma Vallah mən heç nə eləməmişdim. Yeməyimi də yemişdim bu gün. Güldan da salamat idi, pultu da yerə salmamışam. Amma anam niyə qışqırıb saçın yolurdu? Çox keçmədi evimizdə adam sayı artmağa başladı. Bilirdim ki, nəsə daha böyük bir cəza gələcək. Yavaşca anama yaxınlaşıb heç nə etmədiyimi demək istəyəndə bir xala mənə dedi ki, gəlmə, keç içəri otağa. Qorxub dala qayıdanda eşitdim. Nəsə “ŞƏHİD” dedilər. Amma Vallah mən Şəhid olacaq heç nə etməmişdim. Atam da evdə yox idi ki, gedib ona özümü inandırım. Uzaq işə getmişdi. Gələndə mənə rəngi kukla paltarları alacaq.

Hə. Yəni siz mənə inamırsınız da yəqin. Vallah mən heç nə eləməmişəm. O gündən hamı üzgündü, kədərlidi, ağlayır. Mən də hər an mənə cəza verəcəklərini düşünqb səksəkədə gözləyirəm. Bəzən yuxuda “Sən Şəhid elədin onu” dediklərin görüb ağlayaraq oyanıram. Vallah mən eləməmişəm. Amma mənə heç kəs inanmır. Mənlə heç kəs DANIŞMIR! Anam da o gündən küsüb məndən. Elə hey ağlıyır. Qoyun böyüyüm,  söz verirəm, anama bütün sındırdıqlarımı alacam.”

Körpəm. Ona izah olunmayıb məsələ.. Hamı öz dərdinin hayına düşüb, bu da bütün günahı öz balaca canında tapıb. Sənə necə desinlər? Necə deyək, balacam?

“Mən sənə inanıram ki, sən heç nə eləməmisən, Gülsüm. Çünki sən çox yaxşı qıza bənzəyirsən. Sadəcə ola bilər ki, anagil sənə fikrini doğru ifafə etməyib. İcazə versən, səninlə dostluq edib bu məsələni aydınlaşdırmaqda kömək edərəm. Gizli ajan kimi düşün sən bunu.  Mən sənin köməkçin olub araşdıraram. Amma sən də o zamana qədər evdəkilərə mənim gizli ajan olduğumu hiss elətdirmə, çox səs-küy salıb qışqırsaq, diqqət çəkə bilərik!

İnandı mənə. Gülümsədi.. Qucaqladı masadan qalxıb. Sirrimi bərk saxlayacağının sözünü verib, qapıdan çıxanda əlin dodaqlarının üstünə qoydu. Dost idik artıq heç şübhəsiz. Ancaq bir dost üçün olduqca ağırdır dostuna ilk öyrətməli olduğu ifadənin ŞƏHİD sözünün anlamı olması.. Çarəsiz hiss edirəm bu dəfə özüm də. Ona ümid verdim, ancaq özüm ümidlərimin parçalandığı yerdəyəm. Gülsüm mənim içimdəki o güldanı cilik-cilik elədi o məsum özünümüdafiəsi ilə, VALLAH..

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir