seksual qisnama

Seksual mariflənmə və abır həya dalanı

Baxış sayı: 193

İngilis yazıçısı Devid Lourensin “Ledi Çatterleyin məşuqu” (1928) romanı intim səhnələrin təsvirinə, acıq-saçıq ifadələrə görə bəzi ölkələrdə bir müddət qadağan olunub. 1960-cı illərin əvvəllərində roman İngiltərədə yayımlanır və kitabı çap edən “Penguin Books” nəşriyyatı məhkəməyə verilir. 2006-cı ildə isə BBC nəşriyyatın məhkəmə prosesinin təsvir olunduğu “Çatterley məhkəməsi” filmini istehsal edir.

Mövzumuza giriş kimi filmdən bir neçə maraqlı dialoqu təqdim edirəm.

İttihamçı:

– Əsərdə “qurtarmaq”, “qurtardı” sözləri 30 dəfəyə yaxın səslənir. Sizcə, bu sözlərin istifadəsi ilə əsərin ədəbi dəyəri arasında hansısa əlaqə var?

Ədəbiyyat mütəxəssisi:

– Mənim üçün istənilən söz çirkin, əxlaqsız səslənmir. Hər şey kontekstdən asılıdır. Romanın sonunda Lourens bizi bu sözlərin vulqar assosiasiyasından xilas edir. Və bu sözlər daha dərin anlam daşıyır.

Prosesə dəvət olunan din xadimi də əsərin əxlaqsız olması iddiası ilə razılaşmır, onun fikrincə, xristianlar intim münasibəti sakral hesab edir: “Lourens də əsl xristiandır və romanda seksual münasibəti müqəddəs göstərir”.

Bir neçə günlük qalmaqallı məhkəmə prosesi kitabın satışına icazə verilməsi ilə başa çatır. İngilis şairi Filip Larkinin diliylə desək, “1963-cü ildə “Ledi Çatterleyin məşuqu” romanına yasaq götürüləndə, “Beatls” isə ilk konsertini verəndə inqilab başladı”.

Bu həmin dövr idi ki, Qərbdə seksual dəyərlərə baxış dəyişirdi, yeni seksual mədəniyyət formalaşırdı və bu haqda danışmaq artıq ayıb sayılmırdı.

Seksual mədəniyyətdən danışarkən onun tipləri (liberal, puritan, apollonçu və s.) haqda detallı izaha ehtiyac görmürəm. Maraqlananlar Googledan bu haqda yetərincə informasiya əldə edə bilərlər. Sadəcə, mental mədəniyyətimiz, adət ənənələrimiz daxilində məsələyə qısa baxış edəcəm.

Müəyyən sınma nöqtələrini nəzərə almasaq, seks haqda cəmiyyətimizdə ucadan danışmaq hələ də tabu sayılır. Halbuki ölkəmizdə boşanmalar, ailədaxili zorakılıqlar araşdırılsa, seksual mədəniyyətsizlik əsas motivlərdən biri kimi önə çıxar. Filosof Həsən Quliyev “Arxetipik azərilər” kitabında qeyd edir ki, azərbaycanlıların arxetipik şüuru seksual inqilabın dəyərlərini qəbul etməyə hazır deyil:

Azərbaycanlılar seksə təhtəlşüurdan çıxmağa və həyat tərzinin ahəngdar hissəsinə çevrilməyə imkan vermirlər. Azərbaycanlılar hesab edirlər ki, seksuallığın həddən artıq təzahür etməsi özündə ailənin dağılması təhlükəsini gizlədir. Seksə mənfi münasibət arxetipik həya hissi ilə nizamlanır. Ərlə arvad arasında məhrəm münasibət seks mədəniyyətini istisna edir, eyni zamanda dünyaya mümkün qədər çox uşaq gətirməyi tələb edir. Tipik azərbaycanlılar seks kultunu rədd edirlər, çünki onlar əcadadların vəsiyyət etdiyi və ənənələrin qoruduğu ailə kultu ilə kifayətlənirlər”.

Seksual maariflənmə və abır-həya dalanı

ABŞ-da Seksual maariflənmə dərsi. 1950-60-cı illər (Library of congress).

Filosofun fikirlərinin təsdiqi kimi olmuş iki hadisəni qeyd edim:

– Kənarda münasibətləri olan ər, arvadı onunla seks istədiyi, “seks” sözünü işlətdiyi üçün döyüb.

– Qadın əri ilə intim münasibət zamanı klassik poz istəmədiyini, üst mövqedə olmaq arzusunu deyəndə kötəklənib.

Hər iki situasiyada ər arvaddan bu əxlaqsız söz və pozları hardan öyrəndiyini sorğulayıb, onun “abırsızlığı” dilinə gətirməyə cəsarət etməsi ilə barışmayıb.

Ailələrimizdə seks daha çox uşağa hesablanıb və ona görə seks azadlığını gözardı edən cütlüklər minimal fizioloji sekslə kifayətlənirlər. Hərçənd, müqayisədə kişinin qadın bədənindən həzz alması normadır, nəinki qadının kişidən. Bununla belə ər seks həzzinin hüdudlarını genişləndirmək üçün adətən kənarda münasibətlər qurur. Çünki ər üçün arvadı ilə çoxtərəfli seks texnikası həya mədəniyyətinin sərhədlərini keçmək, namussuzluqdur. Qadının seksual fəaliyyəti isə dünyaya uşaq gətirməklə (qadına müqəddəs analıq vəzifəsinin yüklənməsi də burdan qaynaqlanır) məhdudlaşır. Ona görə patriarxal tendensiya nəticəsində seksual mədəniyyətimiz birqatlıdır və o, əsasən, kişi ilə qadının fiziki əlaqəsindən ibarət olan, nəsil artırmağa yönəlmiş aktdır.

Azərbaycanlıların seksual kompleksləri məişət-sosial davranışlarda da özünü göstərir. Misalçün, azərbaycanlılar (qadın və ya kişi olması fərq eləmir) qızların dik yeriməsini, qamətini düz tutmasını və bu halda sinələrinin qabarıqlaşmasını ədəbsizlik sayırlar. Halbuki, qaməti düz tutub dik yerimək həm sağlamlıq, həm gözəllikdir. Və təbii ki, seksapillikdir.

Ailələrimizdə insanlarımız antiseksual ruhda böyüdülür, seksual tərbiyə sıfırdır, seks günah kimi aşılanır, nəticədə abırdan, qorxudan sıxılmış seksual enerji müxtəlif problemlərə yol açır.

Seksual maariflənmə və abır-həya dalanı

Seksual mədəniyyət geniş anlayışdır, bu, bir ünsiyyət vasitəsidir- tərəflərin bir-birini bədən və psixi səviyyədə tanımasıdır. Seksual mədəniyyət qarşı tərəfin istəyini qəbul etməsən belə, ona sayğıdır. Tərəf müqabilin seksual fantaziyasını qəbul etməmək olar, amma onu ittiham etmək doğru deyil. Alman sosioloqu Teodor Adorno demiş, seksual moralizmin əsas və yeganə qaydası budur- ittihamçı həmişə haqsızdır.

Seksual mədəniyyət zorakılığı, diskriminasiyanı, məcburiyyəti qəbul etmir və o, könüllü istəklərin realizəsi, seksual texnikanın rəngarənliyidir. Seksual münasibətələrə sərt moralistik yanaşmağa ehtiyac yoxdur, o, əxlaqi məsələ yox, həyat tərzidir. Seksual mədəniyyət sağlamlıqıdır, özünə gigyenik nəzarətdir, partnyoruna orqazmı yaşada bilməkdir. Seksual mədəniyyət nikahdankənar, homoseksual münasibətlərə normal yanaşmadır.

Təhsil, maariflənmə geniş dünyagörüşünü, gender bərabərliyi anlayışını, seksual mədəniyyəti formalaşdırır və bu haqda ictimai şəkildə danışmağı şərtləndirir.

…Həsən Quliyev yazır ki, azərbaycanlıların seksə münasibətini təhlil etmək son dərəcə çətindir: “Onlar özlərini elə aparırlar ki, sanki həyatlarında seks yoxdur və ola bilməz. Mövcud olmayan bir şeyi isə təhlil etmək son dərəcə çətindir”.

Seksual mədəniyyət çoxtərəflidir, onun sosial, ictimai, tibbi, mədəni və s. yanları olduğundan bu səhənin araşdırımasına və onun haqqında ucadan danışılmasına ehtiyac var.

 

Sevda Sultanova

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir