sevgi

Seksual mövzuların məktəb və universitetlərdə tədrisi vacibdirmi?

Baxış sayı: 214

Bir neçə il əvvəl yerli telekanallardan birində yayımlanan verilişdə seksual maarifləndirmənin əhəmiyyəti müzakirə olunurdu. Ekspert kürsüsünə dəvət olunan millət vəkili aparıcının “seksual mövzular məktəb və universitetlərdə tədris olunmalıdırmı” sualına eyni ilə belə cavab vermişdi: “Bir o qalıb ki, seksi məktəb və universitetlərə gətirək!”

Öz verdiyi cavaba məmnunluqla gülümsəyən millət vəkilini tamaşaçılar da ürəkdən alqışlamışdı. Lakin həm millət vəkili öz verdiyi cavabda özünü inkar etdiyinin fərqində deyildi, həm də tamaşaçılar nəyi alqışladıqlarını bilmirdilər.

Millət vəkilinin cavabından belə məlum olurdu ki, o, hər yerdə seksual mövzularla rastlaşmaqdan narahat olub. Təkcə həmin millət vəkili deyil, ümumilikdə Azərbaycan xalqı seksual mövzularla rastlaşmaqdan narahatdır. Türk və bütün müsəlman dünyasında seks barədə ictimai müzakirə aparmaq bir tabudur. Bu toplumun bir parçası olan millət vəkili də fərqinə varmır ki, seksual mövzular məktəb və universitetlərdə tədris olunmadığı üçün hər yerdə ifrat dərəcədə var.

Bəs hər yer dedikdə nəyi nəzərdə tuturuq? Tez-tez mediadan zorlanma xəbərləri oxuyuruq. İstər məşhur şəxslərin, istərsə də sıravi vətəndaşların intim videolarının yayılması tez-tez gündəmi işğal edir. Seksual acgözlük, qadınların seksə ac kişilər tərəfindən narahat edilməsi, yaxud yerli xanımların özünə və qarşısındakı kişiyə olan münasibətindən narazı qalan kişilərin rus, ukraynalı qadınlara qaçması, qadınların da buradakı kişilərə qane olmayıb başqa ölkələrdən ər axtarması, durmadan artan insan bazarı və bu bazarın çoxsaylı xəstəliklərə səbəb olması və s. Bütün bunların birbaşa səbəbi, əslində, yeniyetmə və gənclərin istər seksual mövzularda, istər ailə münasibətləri mövzusunda maariflənməməsidir.

Yaxşı yadımdadır ki, orta məktəbin anatomiya dərsində cinsiyyət orqanları və insanların çoxalması ilə bağlı olan iki bölməni müəlliməmiz görməzdən gəlib sonrakı paraqraflara keçmişdi. “Həyati bacarıqlara əsaslanan təhsil” adlı bir dərs də var idi. Bu dərsdə də ailə münasibətləri, evlilik, eşq, sekslə bağlı mövzular qadın müəllim tərəfindən “qara siyahı”ya salınmışdı və üzərindən sükutla keçmişdik.

Əslində, həm anatomiyadakı, həm də həyati bacarıqlara əsaslanan təhsildəki bu bölmələrin sükutla yad edilməsi ölkədə sevgi, ailə və seksual münasibətlərin çoxdan öldüyünə işarə idi. Mən sonralar anlamışdım müəllimlərin bu mövzuları sükutla keçməsinin səbəbini.

Millət vəkilinin anlamadığı da bu idi. Əgər yeniyetmə və gənclər cinsiyyət orqanları, cinsi münasibətlər, insanların çoxalması, sevgi münasibətləri, ailə münasibətləri, seksual sağlamlıq mövzularında maariflənsəydilər, bu qədər zorlanma xəbərlərinə rastlamazdıq. Bu qədər insanların intim videoları yayılmazdı və həmin videolar da sürü psixologiyası ilə gündəmə çevrilməzdi.

Azacıq açıq-saçıq geyinən qadınlar küçədə, metroda, avtobusda narahat edilməzdi. Münasibətlərdən narazı qalan kişilər və qadınlar başqa ölkələrə üz tutmazdı. Hər kəs çoxalmaq üçün cinsi münasibəti də, seksual əyləncəni də, sevgi və ailə məsələlərini də bir-birindən ayıra bilərdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir