ders 1

Şagirdi az olan məktəbləri bağlayacaqlar: Kəmiyyət ağır basacaq, ya keyfiyyət?

Baxış sayı: 331

“Azərbaycan təhsilində ən böyük problemlərdən biri təhsil adambaşına düşən təhsil xərclərinin düzgün paylanmaması ilə bağlıdır”. Bu sözləri Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti” İctimai Birliyinin sədri İlqar Orucov söyləyir. Onun sözlərinə görə, şagird sayı 30-a qədər olan məktəblərdə bir şagirdin təhsil xərcləri 7 min manat təşkil etdiyi halda, şagird sayı çox olan məktəblərdə bu məbləğ 600 manatdır.

Qeyd edək ki, ötən həftə Azərbaycan müəllimlərinin XVI qurultayında Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, bu gün bir şagirdin təhsili üçün 7 min manat xərclənir. Nazir bildirib ki, bu demək olar özəl təhsil müəssisəsi ilə eynidir. Amma nəticə aşağıdır.

Emin Əmrullayev: Hazırda Azərbaycanda 7 minə yaxın təhsil müəssisəsi var - AZƏRTAC

Emin Əmrullayevin sözlərinə görə, Bakıda ən böyük tutumu olan məktəbin bir şagirdi üçün bu rəqəm 600 manat, ucqar kənddə 30 min manatdır: “Bu da paylanma baxımından doğru deyil. Dövlət vəsaitindən daha səmərəli, nəticəyönümlü xərclənməsi istiqamətində rasionallaşdırma tədbirlərini davam etdirəcəyik”.

İ.Orucov bildirir ki, burada ədalətsiz bölgü müşahidə olunur. Bunun yaranma səbəbi isə şagird sayı az olan məktəblərin ucqar ərazilərdə yerləşməsi, yaxın kəndlər arasında olan məsafənin çox olması və nəqliyyat problemidir:

“Azərbaycanda təhsil icbari olduğundan, dövlət bunu təmin edir. Bu gün şagird sayı 5 nəfər olan məktəblə, şagird sayı 40 nəfər olan sinifdə dərs keçən müəllimin aldığı əmək haqqı eynidir. Çünki, müəllimlər saat hesabı ilə əmək haqqı alır. Şagird sayına bölündükdə görünür ki, ucqar kənddə beş şagirdə dərs keçən müəllimlə 40 şagirdə dərs keçən müəllim arasında heç bir fərq qoyulmur. Məktəbin kommunal xərcləri və sair xərcləri hesabladıqda görünür ki, şagird sayı az olan məktəblə şagird sayı çox olan məktəbin saxlanma xərcləri arasında elə ciddi fərq yoxdur”.

ilqar orucov

İ.Orucov deyir ki, bu gün dövlət ucqar kəndlərdə oxuyan şagirdlərin təhsilinə özəl məktəblərdəki təhsil haqqı məbləğində vəsait xərcləsə də, nəticə aşağıdır.

Ekspert bunun müxtəlif səbəbləri olduğunu söyləyib. Bildirib ki, məktəblərin adambaşına maliyyələşdirməyə keçirilməsi vacib amildir. Şagirdbaşına maliyyə düzgün paylanarsa bu təhsilin keyfiyyətinə də təsir edəcək. Çünki, bu müəllimlərin əmək haqqına da təsir edəcək bir amildir.

Qeyd edək ki, təhsildə adambaşına maliyyələşmə ilə bağlı dünyada təcrübələr mövcuddur. Məsələn, ABŞ-ın bəzi ştatlarında hər bir uşaq üçün dövlət tərəfindən təhsil üçün ayrılan vəsait vauçer şəklində verilir. Bu vauçeri təhsildən başqa heç bir yerdə istifadə etmək, xərcləmək olmur. Valideyn həmin pulu istədiyi məktəbə və müəllimə yatırır. Bu məktəblər arasında daha keyfiyyətli təhsilə rəqabət mühiti yaradır. Beləcə, təhsilə ayrılan həmin maliyyəni əldə etmək uğrunda rəqabət başlayır. Adambaşına maliyyələşmə şagirdin göstəricilərinə uyğun dəyişə də bilir. Təhsildə daha yaxşı nəticələri olan şagirdlərə ayrılan maliyyənin məbləği artır, aşağı göstəriciləri olan şagirdə münasibətdə məbləğ azalır.

Məlumat üçün bildirək ki, Amerika Birləşmiş Ştatlarında hər şagirdin təhsilinin maliyyələşməsi üçün illik 14,418 dollar büdcə ayırılır. 12 illik təhsil sistemi üzrə ABŞ-da bir şagirdin təhsil almasına ümumilikdə 586,4 milyard dollar sərf olunur. Lüksemburqda hər şagirdin illik təhsilinə büdcədən ibtidai sinif üzrə 21 143 dollar, yuxarı siniflər üzrə 25 421 dollar ayrılır.

Koreyada bu məbləğ ibtidai sinif üzrə 12,535, yuxarı siniflər üzrə 14,978 dollar, Fransada ibtidai sinif üzrə illik 8,724, yuxarı siniflər üzrə 13,006 dollardır.

Onu da xatırladaq ki, Elm və təhsil naziri Emin Əmrullayev “Təhsildə özəl biznesin rolu” mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı bildirmişdi ki, dövlət müəssisələri adambaşı maliyyələşməyə keçdikdən sonra adambaşı maliyyələşməyə düşən vəsait özəl sektora yönləndirilə bilər.

 

Zülfiyyə Quliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir