suni mayalanma

Süni mayalanma ilə dünyaya gələn uşaq – Azərbaycanda proses fərqli olacaq

Baxış sayı: 604

“Süni mayalanma ilə dünyaya uşaq gətirmək olmaz”. Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov iyunun 13-də parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən plenar iclasında çıxışı zamanı demişdi.

Onun sözlərinə görə, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi Milli Məclisə uzun illərdir təqdim olunub:

“Ancaq bu sənədin milli mentalitetimizə uyğun olmadığını hesab edirəm. Çünki süni mayalanma ilə dünyaya uşaq gətirmək olmaz. Düzdür, hüquqi, tibbi və teoloji nöqteyi-nəzərdən baxa bilərik, mən daha çox teoloji istiqamətdə baxıram. Əgər Allah qismət etməyibsə, əleyhinə getmək olmaz. Bunu parlamentdə müzakirə etməyin heç bir yeri yoxdur. Əgər başqa ölkələrdə bunu tətbiq edirlərsə, özləri bilərlər. Məsələn, Rusiyada bir nəfər 40 uşaq dünyaya gətirir, ancaq bunu Azərbaycanda tətbiq etmək olmaz”.

Qeyd edək ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbulu süni mayalanma, donor məsələsinə görə illərdir ki yubanır.

 

Bəs görəsən qanun layihəsinin qəbulu üçün hansı məsələlər layihədən çıxardıla bilər?

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Müşfiq Məmmədli bildirir ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində dini və milli mentalitetlə bağlı müəyyən məsələlər fikir ayrılığına səbəb olub. Onun sözlərinə görə, burada orqan toxuma bankında olduğu kimi ən çox kişi cinsiyyət hüceyrələri bankının olması müzakirələrə səbəb olub. Həmsöhbətimiz deyir ki, Azərbaycanın hal-hazırki yanaşması ondan ibarətdir ki, ailə üzvlərinə daxil olan fərdlərin kişi və qadın cinsi hüceyrələrindən istifdadə edərək süni mayalanma prosesi həyata keçirilsin.

“Burada hansısa kənar donordan söhbət gedə bilməz. Azərbaycanda tibbin də ümumi yanaşması bu istiqamətdədir. Avropada bu proses başqa istiqamətdə həyata keçirilir. Bu kimi ölkələrdə donorlardan istifadə edilir. Reproduktiv sağlamlıq təkcə süni mayalanmadan ibarət deyil. Burada iştirak edən fərdlərin sağlamlığı, bu prosesin həyata keçirilməsinin təhlükəsizliyi, etik dəyərlərin qorunması, uyğun müəssisənin seçilməsi və sair məqamlar var”.

M.Məmmədli bildirib ki, bir çox ölkələrdə demoqrafik problemlər var. Azərbaycanda isə belə bir demoqrafik problem yoxdur. Deputatın sözlərinə görə, hazırda süni mayalanma özəl sektorda tətbiq olunur. Ona görə də qanunvericilik aktının qəbulu vacibdir: “Nə qədər reproduktiv sağlamlıqla bağlı modern addımların əleyhinə olsaq da, reallıq başqadır. Ölkəmizdə süni mayalanma artıq özəl sektorda tətbiq olunur. Bu ölkəmizdə tətbiq edilməsə belə, gedib vətəndaş bu xidməti gedib xaricdə alacaq. Ona görə də, biz istəyirik ki, vətəndaşa qanunvericiliklə əhatə olunmuş, təhlükəsizliyinə zəmanət verən bir xidməti təqdim edək!”.

M.Məmmədli gələcəkdə süni mayalanmanın icbari tibbi sığorta hesabına həyata keçirilməsinin də nəzərdə tutulduğunu söyləyib. O, bildirib ki, süni mayalanmanın icbari tibbi sığortanın Xidmətlər Zərfinə salınması üçün Reproduktiv Sağlamlıq Haqqında qanun qəbul olunmalıdır:

“Skandinaviya ölkələrində süni mayalanmanın bütün mərhələləri Xidmətlər Zərfinə daxildir. Qardaş Türkiyədə isə bu prosedurun bir dəfə icrası sığorta hesabına həyata keçirilir. Bu gün Azərbaycanda süni mayalanma vətəndaşın öz vəsaiti hesabına aparılır. Amma təklif var ki, gələcəkdə süni mayalanma bir dəfə bütün mərhələlər daxil olmaqla sığorta hesabına aparılsın. Bu hələ ki, müzakirələr ərəfəsindədir. Bunun üçüb icbari tibbi sığorta fondunda vəsait olmalıdır. Bundan sonra biz bir çox tibbi xidmətləri icbari tibbi sığorta çətirinə ala bilərik”.

 

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir