suriyali

Suriyalı tələbə: “Azərbaycanı həmişə “Şəki halvası” ilə xatırlayacağam” – MÜSAHİBƏ

Baxış sayı: 1. 453
Artıq beş ildir ölkəmizdədir. Deyir ki, bu müddət ərzində Azərbaycan onun üçün çox doğmalaşıb, mədəniyyətimizə, xüsusilə, ətli yeməklərimizə öyrəşib. Təhsilini başa vurduqdan sonra da ölkəmizdə qalmaq, burda karyera qurmaq istəyir. Müsahibimiz Bakı Slavyan Universitetində Beynəlxalq Münasibətlər fakültəsində təhsil alan 22 yaşlı Suriya vətəndaşı Yasmina Abdulhakdır.
Qeyd edək ki, Yasmina Abdulhak 2013-cü ildə Bakıya gəlib. Burada bir illik hazırlıq kursunu bitirdikdən sonra Bakı Slavyan Universitetində təhsil almağa başlayıb: “Hazırda dördüncü kursda oxuyuram və bu il universiteti bitirirəm. Ailəm-valideynlərim və iki bacım hazırda Suriyada yaşayır. Nənəm isə əslən rus olmasına baxmayaraq, Azərbaycan vətəndaşıdır. Yəni, belə demək olarsa, beynəlxalq bir ailəyik”.
 
– Necə oldu ki, Azərbaycanda təhsil almaq qərarına gəldiniz?
– Əslində, Azərbaycan mənim üçün ən əlverişli və asan seçim idi. Çünki nənəm burada yaşayır və onun şəxsi evi var. Gəlməzdən əvvəl Azərbaycanın mədəniyyəti ilə az da olsa tanışlığım vardı. Ona görə də özümü burda rahat hiss edirəm. Məsələn, İngiltərəyə getsəydim, yəqin ki, orada ciddi mədəniyyət şoku keçirərdim. Mən rus dilini öyrənmək və həmçinin, slavyanlar haqqında biliklərimi artırmaq istəyirdim. Həm də bu, mənə beynəlxalq aləmə açılmaq üçün lazım idi. Ona görə də Slavyan Universitetini seçdim. Həm slavyan ölkələri, həm də dünya əlaqələri  üçün bu vacib idi.
– Müəyyən qədər məlumatlı olmağınıza görə, uyğunlaşma çətinliyi yaşamadınız?
– Əlbəttə ki, müəyyən fərqlər var. Hətta, sərhəddən kənara çıxanda başa düşürsən ki, sən müstəqil insansan. Burada  nəyə başlamaq istədiyini artıq özün seçirsən. Həmçinin, sənin səhvlərini valideynlərin düzəldə bilməyəcək və məsuliyyəti sən özün daşıyırsan.
 
– Artıq xeyli vaxtdır burdasınız, Azərbaycan dilini öyrənə bilirsinizmi?
– Mənə görə sizin diliniz mürəkkəb deyil. Amma daha çox rusdilli insanlarla münasibətdə olduğuma və rus bölməsində təhsil aldığıma görə, Azərbaycan dilini öyrənməyə vaxt qalmır. Ümumilikdə Azərbaycan dilində danışan insanı başa düşürəm, lakin rus dilində cavab verirəm.
– Azərbaycan haqqında təəssüratlarınız nələrdən ibarətdir?
– Azərbaycana ilk dəfə gələndə hələ 17 yaşım var idi. Bu elə bir yaş dönəmidir ki, hətta filmlərdə olanları belə həqiqət bilirsən. Amma sonradan görürsən ki, bunlar yalnız filmlərdə belə ola bilər. Həqiqətdə isə hər şey tamam başqa cürdür. Mənə görə, Azərbaycan çox maraqlı ölkədir, çünki hər zaman inkişafdadır. İnkişafda olan ölkələrin inkişaf etmiş ölkələrdən daha yaxşı olduğunu düşünürəm. Çünki burada nəsə yenilik tapmaq mümkündür. İnkişaf etmiş ölkədə isə düşünürsən ki, artıq hər şey edilib. Təzə nəsə tapmaq çox mürəkkəb məsələdir. Bir də, Azərbaycan beynəlxalq arenaya tez yol tapdığına görə, daha çox diqqətimi cəlb edib. Ölkənizdə keçirilən Birinci Avropa Oyunları, İslam Həmrəylik Oyunları və digər beynəlxalq tədbirləri mənim üçün çox maraqlıdır və belə tədbirlər bir  çox şeylərdən xəbər verir, sənə yeni nələrisə öyrədir.
– Təhsilinizi bitirəndən sonra burada qalmaq fikriniz var? 
– Azərbaycanda qalmağı çox istəyirəm. Çünki burada perspektivlər çoxdur. Sən burada bizneslə də məşğul ola, həmçinin, təhsilini də davam etdirə bilərsən. Məncə, burda dərs demək çox maraqlı olardı. Amma burada məktəblə bakalavr təhsili arasındakı fərq böyükdür. Məncə, bu baryeri aşmaq lazımdır.
– Öz ölkənizə qayıdandan sonra Azərbaycan yaddaşınızda nə ilə qalacaq? 
– Mən Azərbaycanı həmişə “Şəki halvası” ilə xatırlayacağam. Şəkiyə gedərkən böyük, şirin halvaları görürsən və valeh olmaya bilmirsən. Həmin vaxt fikirləşdim ki, 3 ildir burada yaşayıram, bunu niyə görməmişəm. Bakıda bu  paxlavadan satılmır. Gürcü xəngəlini çox bəyənməsəm də, Azərbaycan xəngəlini çox sevirəm. Qutab da maraqlı və fərqli daddır. Yeri gəlmişkən, bu gün xəngəl bişirmişəm. Gəlib qonaq ola bilərsiniz.
– Yeməklərdən söz düşmüşkən, Azərbaycan yeməklərini bişirə bilirsiz?
– Düzünü desəm, yeməklərin bir çoxunu burada sınaqdan keçirmişəm. Bircə plovdan başqa. Açığı plov bişirmək mənə bir az çətin gəlir. Sizin yeməkləriniz çox ləzzətli və doyumludur. Maraqlıdır ki, burada rus, gürcü, türk yeməklərini də yeyə bilərsən. Hərdən turistlərə rast gələndə görürsən ki, deyirlər kabab çox ətli yeməkdir, ağırdır və s. Burada təmiz rus yeməklərinin, eyni zamanda başqa ölkələrin də mətbəxinin dadına baxmaq olar. Azərbaycan müxtəlif mədəniyyətlərin qovşağıdır.
– Öz ölkənizlə Azərbaycanın mədəniyyətini, mətbəxini  müqayisə edirsinizmi?
– Suriya ilə Azərbaycan mətbəxi fərqlidir və bunları müqayisə etmək mümkün deyil. Bizdə daha çox vegetarian mətbəxi olur. Burda isə ən çox ət məhsullarından hazırlanan yeməklərə üstünlük verilir. Düzünü desəm, təzə gəldiyim vaxtlarda hər gün ət yeyəndə hərdən səhhətimdə problem yaşayırdım. Amma hazırda yeməklərinizə öyrəşmişəm. Suriyaya qayıtdıqdan sonra yəqin ki, balans yaranacaq. Burada olduğum beş il müddətində başa düşdüm ki, bizim mədəniyyətlərimiz bir-birindən o qədər də fərqlənmir. Azərbaycan  Qafqazda yerləşsə də, onun mədəniyyəti nə Şərqin, nə də Avropanın mədəniyyətlərinə oxşamır. Mən Suriyanın paytaxtında – Dəməşqdə yaşamışam. Bizdə mədəniyyət hardasa Şərqə yaxındır. Ənənələrimiz bir balaca fərqlidir. Dünyagörüşü baxımından isə çox fərqin olduğunu deməzdim.
– Dərsləriniz necə gedir? 
– Təbii olaraq, birinci kursda bir qədər çətinlik çəkdim. Çünki rus dilini ev şəraitində öyrənirdim. Akademik səviyyədə rus dilini öyrənənə qədər bir az çətinlik çəkirdim, amma hazırda hər şey yaxşıdır.
– Burada dostlarınız varmı?
– Bakı Slavyan Universitetində ilk dəfə olaraq beynəlxalq münasibətlər fakültəsinin nəzdində tələbələrdən ibarət qrup yaradılıb. Bura ingilis dilində bilən və siyasətə marağı olan tələbələr, fakültəsindən asılı olmayaraq cəlb olunurlar. Mən buarada bir məqamla rastlaşdım və bu məqam Azərbaycan gənclərinə olan münasibətimi müsbət cəhətə yönəltdi. Burada gənclərlə yaxından tanış olmaq üçün gənclər təşkilatına üzv olmalısan. Bu müddətdə müxtəlif yerli universitetlərdən olan gənclərlə tanış oldum. ADA universiteti, Dövlət İdarəçilik Akademiyası, İqtisad Universiteti, Azərbaycan Dillər Universitetində olmağım mənə sizin gəncləri yaxından tanımağa kömək oldu, burada mənimlə həmrəy olan yeni dostlar tapmağa nail oldum. İştirakçısı olduğum tədbirləri heç vaxt unutmaram. Əminəm ki, bunlar mənə bir gənc tələbə kimi gələcəyimi qurmaqda kömək olacaq. (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir