sebine erebli

Tanınmış xanəndə: “Kim övladını telefondan ayıra bilibsə, o valideyndən məsləhət almaq istəyərdim”

Baxış sayı: 273

“Mənim balam” rubrikamızın qonağı “Muğam televiziya müsabiqəsi-2011” müsabiqəsinin qalibi, sevilən xanəndə Səbinə Ərəblidir. Tanınmış aparıcı İbrahim Azəri ilə ailəli olan sənətçi iki oğul anasıdır. Böyük Mətinin 2 yaşı var. Kiçik oğlu Səid isə hələ 9 aylıqdır.

Zamanının çoxu tədbirlərdə, efirlərdə keçən ifaçı, dünyanın mərkəzində məhz övladlarının dayandığını, övlad sevgisinin əvəzsiz olduğunu vurğulayır. Övladlarının sevgi dolu böyüməsi üçün çalışdığını deyir.

 

– Uşaqlarınızı böyüdərkən hansı tərbiyə metodundan istifadə edirsiniz?

– Öz valideynlərimdən necə görmüşəmsə, övladlarımı da o cür tərbiyə edirəm. Bilirsiniz ki, sənət adamlarının boş vaxtı olmur. Bütün günü tədbirlərdə və çəkilişlərdə olduğumuz üçün uşaqlara kifayət qədər zaman ayırmağa vaxtımız olmur. Gərək evdə olum ki, uşaqları öz metodumla böyüdüm. Bu da mümkünsüzdür.

– Gün ərzində uşaqlara neçə saat vaxt ayırırsınız?

– Gün ərzində 5-6 saat uşaqlara zaman ayıra bilirəm. Elə vaxtlar olur ki, bütün günü boş oluram. Misal üçün, ötən gün boş vaxtım var idi, uşaqları şəhərə apardım, əyləndik, atraksionlara mindik. Boş vaxtım olan kimi, uşaqlarımla məşğul oluram. Onların istirahətini, əyləncəsini hər şeydən üstün tuturam.

 

– Uşaqları dayəyə həvalə edirsiniz, yoxsa nənələrinə?

– Bir müddət onları dayəyə həvalə etdim. Ancaq indi nənələri baxır.

 

– Elə hesab edirsiniz ki, uşaqlara nənə dayədən daha yaxşı baxır?

– Elə düşünmürəm. Biz bir müddət şəhərdə qaldıq. Məcbur olub dayə tutduq. Ancaq indi nənəsinin yanında qalırıq və nənələri onlara nəzarət edir. Dayələrindən heç bir narazılığım olmayıb.

– Bəs uşaqların tərbiyəsində atalarının – İbrahim bəyin rolu nə qədərdir?

– Atasının rolu böyükdür. Böyük oğlum atası ilə nəfəs alır. Hər qapı döyüləndə, qapıya qaçıb “atam gəldi” deyir. Atası da onu çox istəyir. Atası onun hər dediyini edir və nazı ilə oynayır.

 

–  Uşaqlardan hansı sizə daha çox oxşayır?

– Kimisi deyir böyük övladım, kimisi də deyir ki, balacası. Ancaq elə hesab edirəm ki, böyük oğlum mənə oxşayır.

 

– Sizcə, uşaqları döymək tərbiyə üsuludurmu?

– Mən uşaq döyməyi tərbiyə üsulu hesab etmirəm. Amma elə uşaqlar da var ki, onları ancaq döyməklə tərbiyə etmək lazımdır. Elə uşaqlar görmüşəm ki, aşırı dərəcədə nadincdir və insanın əsəbləri onların etdiklərinə tab gətirə bilmir.

– Uşaqlarınız sizi efirdə görəndə hansı reaksiya verirlər?

– Böyük oğlum məni göstərir, ekranı öpür, özünü televizorun üzərinə atır. Mən evdə olanda həm televizora, həm də mənə baxır və təəccüblə bunun necə olduğunu soruşur. Balaca oğlum isə hələ tam qavramır. Ancaq mənə çox bağlıdır.

 

– İstəyərsinizmi, övladlarınız gələcəkdə sizin sənətinizi davam etdirsinlər?

– Onlar hansı sənəti seçirlərsə-seçsinlər, ömrümün sonuna qədər balalarıma dəstək olacam. Müəyyən yaşa çatdıqdan sonra onlara deyə bilmərəm ki, ifaçı olmasınlar. Təbii ki, istəyərəm daha ciddi sənətlə məşğul olsunlar. Hüquqşünas, vəkil və başqa ciddi, müəyyən çəkisi olan sənətin sahibi olsunlar. Əgər səsləri olsa, ifaçılığı seçsələr, mane olmaram. Burda pis nə var ki? Uşaq hansı sənəti seçirsə, gərək o sənət üzrə yönəlsin və özünü inkişaf etdirsin. İstəmədiyi bir sənətə yönəltsəm, təbii ki, onların ürəyincə olmayacaq və uğursuz nəticələnəcək.

 

– İndiki dövrün uşaqlarının əlindən telefon, internet düşmür. Bəzən onlara internet dövrünün uşaqları da deyirlər. Sizin uşaqlarınız necə, telefona meyillidirlərmi?

– Bütün uşaqlı evlərdə olan bu problem bizdə də var. Həkim də məsləhət görür, mən də çalışıram ki, onlara telefon, planşet verməyim. Bunun mümkünsüzlüyünün də fərqinə varıram. Böyük oğlum telefon olmasa yemək yemir. Biz onun üçün nə etdiksə, fayda vermədi. Əslində telefonla da normal yemir. Bu, bütün uşaqlı ailələrdə var. Kim övladını telefondan ayıra bilibsə, o valideyndən məsləhət almaq istəyərəm.

– Uşaqlara nağıl danışırsınızmı?

– Yeri gələndə danışıram. Amma nağıla meylli uşaqlar deyillər. Oğlum hələ nağılı tam dərk etmir. Yatanda onlara “laylay” deyirəm.

 

– Övladlarınıza mahnı həsr etmisinizmi?

– Hələ ki yox. Ümumi mahnılarla idarə edirəm (gülürük).

 

– Bəs yatarkən hansısa muğamdan parçalar ifa edirsinizmi?

– Yatan uşağa muğam ifa edərlər? (gülürük)

 

– Uşaqları gəzintiyə apararkən kənar şəxslər sizinlə şəkil çəkdirmək istəyəndə, övladlarınız sizi qısqanırmı? Onlarda qısqanclıq hissi nə qədərdir?

– Böyük oğlum uşaq vaxtı imkan vermirdi ki, ondan başqa kiməsə yaxın gedəm. Ancaq böyüdükcə, o xüsusiyyətini tərgitdi. Elə bir şərait yaradıram ki, qısqanmağa zəmin yaranmasın. Bacardığım qədər övladlarıma sevgi verməyə çalışıram. Belə olduqda, onlar başqasının uşağına olan münasibətimi qısqanmırlar. Bəlkə də uşaqlarıma az sevgi göstərib, diqqət ayırmasam, onlarda bu xüsusiyyət formalaşar. Oğlanlarımın ikisinin də arasında sevgimi bərabər bölməyə çalışıram. Birinə az, birinə çox sevgi verməkdən çəkinirəm. Onların sevgi ilə böyümələrini istəyirəm.

 

– Gəlin qəbul edək ki, hər bir ailədə birinci övlad daha çox sevilir.

– Çox çətin sualdır. Amma hardasa haqlısınız. Mənim üçün övladlarımın heç bir fərqi yoxdur. Ancaq Mətin gözümün ilkidir. Məni təxribata çəkməyin (gülürük). Övladlarım arasında fərq qoymuram.

– Siz özünüz uşaqlıqda necə biri olmusunuz?

– Mən çox nadinc uşaq olmuşam. Danışılanlardan belə yadımda qalıb ki, oğlan kimi olmuşam. Məni həyətdən yığışdıra bilmirdilər. Həyətdə həmişə oğlanlarla oynamışam. Qızlarla o qədər də aram olmayıb. İndi uşaqlıqdakı Səbinənin tam əksiyəm.

 

– Hansı oğlunuz sizin uşaqlığınıza daha çox bənzəyir?

– Əslində ikisi də dəcəldir. Düzdür, balaca oğlum körpədir, amma sanki bizə deməyə çalışır ki, “meydan açın, mən gəlirəm”. Nə qədər dəcəl olsalar da, onlarla zaman keçirməkdən zövq alıram. İşdəki yorğunluğumu evdə onlarla çıxarıram. Təki bütün evlərdə belə yorğunluq olsun.

 

– Uşaqları nə üçün bağçaya qoymursunuz?

– Böyük oğlumun adını bağçaya yazdırmışam, ancaq hələ ki göndərməmişəm.

 

– Son dönəmlər mediada bağça və məktəblərdə müəllimlərin uşaqları döyməsi ilə bağlı yer alan söhbətlərə görə çəkinirsiniz?

– Əslində bu məsələ məni də narahat edir. Ancaq oğlumu etibar etdiyim, tanıdığım bir insanın yanında bağçaya yazdırmışam. İnşallah, o problemləri yaşamaram. Ümid edirəm ki, mən o problemlərlə üz-üzə qalmaram.

 

Xəyalə Rəis

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir