0d5f1e8b95398a01872fe6303517a688

Toylardan telefon oğurlayan şəxs saxlanıldı – VİDEO

Baxış sayı: 1. 385

Sumqayıtda restoranlardan toy zamanı mobil telefonları oğurlayan şəxs saxlanılıb. Gencaile.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) 1-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində şəhər ərazisində ictimai iaşə obyektləri, restoran və şadlıq evlərində keçirilən toy mərasimlərində qonaq kimi iştirak edən insanların mobil telefonlarını gizli yolla oğurlayaraq onlara ziyan vuran əvvəllər məhkum olunmuş Elman Ələkbərov saxlanılıb. Saxlanılan şəxsin ətrafında həyata keçirilən əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində onun ayrı-ayrı vaxtlarda şəhər ərazisində yerləşən şadlıq evlərində keçirilən toy məclislərində 11 nəfərin mobil telefonunu oğurladığı məlum olub.

E.Ələkbərov oğurladığı mobil telefonların bir neçəsini şəhər ərazisində tanımadığı şəxslərə satıb. Digər mobil telefonlar isə saxlanılan şəxsin yaşadığı ünvandan aşkar edilərək maddi sübut kimi götürülüb.

Qeyd edək ki, Elman Ələkbərovun bu qanunsuz əməlləri şadlıq evlərinin müşahidə kameraları vasitəsilə də lentə alınıb. Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Sumqayıt ŞPİ-nə və 1-ci PB-nə müraciət edə bilərlər.

Xatırladaq ki, “Gencaile.az” olaraq bir neçə gün öncə Sumqayıt şəhərində son bir neçə gündə bu cür bir neçə oğurluq hadisəsinin baş verdiyi barədə xəbər vermişdik.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir