aile

Uşaqlar üçün alternativ qayğı sahəsində vəziyyət necədir?

Baxış sayı: 517

Sevgi, qayğı, hörmət, diqqət və s. bu kimi bir çox keyfiyyətlərin əsas aşılanma nöqtəsi ailədir. Çünki bir çox dəyərlərin təməli elə ailədən başlayır. Azərbaycanın da qoşulduğu BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyasına görə, ailə uşağın sağlam inkişafı və cəmiyyətə inteqrasiyası üçün ən uyğun mühitdir. Amma bəzən müxtəlif səbəblərdən uşağın ailə mühitində böyüməsi alınmır. Bunun üçün isə dünya təcrübəsində alternativ qayğı metodlarından istifadə edilir. Bizdə alternativ qayğı dedikdə, adətən müxtəlif mərkəzlər nəzərdə tutulur, ya da uşaq məcburən yaxınlarından kiminsə himayəsində qalır. Bəs bu qayğı forması nə dərəcədə uşağın gələcəyi üçün effektlidir? Ümumilikdə, bizdə uşaqlar üçün alternativ qayğı sahəsində vəziyyət necədir? Bu istiqamətdə son illər hansı işlər görülüb? Daha hansı işlərin görülməsi, hansı metodların tətbiq edilməsi lazımdır?

 

cavid imamoglu

 

“Foster ailələrin təşviqinə ehtiyac var”

Sosioloq Cavid İmamoğlu bildirdi ki,  BMT-nin Uşaqlar üçün Alternativ Qayğıya dair Qaydalarının bizdə tətbiqi üçün hələ çox iş görülməlidir: “Onlardan ən birincisi alternativ qayğı formalarının çeşidlənməsidir. Hazırda alternativ qayğı deyərkən bizdə ağıla internat evləri gəlir. BMT-nin Uşaqlar üçün Alternativ Qayğıya dair Qaydalarında foster (himayədar) ailələrin olması təşviq olunur. Bizdə foster ailələrin təşviqinə ehtiyac var. Heç olmasa qohum foster ailələr olsun. Bu forma belədir ki, uşaq valideyn himayəsindən məhrum olanda, qəyyumluq komissiyası gedib uşaqları saxlamaq istəyən qohumlar arasında ən uyğun ailəni seçir, baxmağa görə onlara maliyyə ayrılır. Sonra isə buna nəzarət edilir. Bizdə isə valideyn himayəsindən məhrum olan uşağı internat evlərinə göndərirlər. Hazırda bizdə qəyyumluğa görə məvacib ayrılır, amma bu, ailə qayğısı göstərmək üçün çox cüzi məbləğdir”.

Aile

“Alternativ qayğıda uyğunluq təmin olunmur”

C.İmamoğlunun sözlərinə görə, uşaq ən son zərurət halında ailə mühitindən ayrılmalıdır: “BMT-nin Uşaqlar üçün Alternativ Qayğıya dair Qaydaların iki prinsip var. Bu prinsiplər tələb edir ki, hər bir uşaq ən son zərurət halında ailədən ayrılıb alternativ qayğı müəssisəsinə yerləşdirilməlidir. Çox vaxt maddi imkan olmadığı üçün ailələr uşaqlarını alternativ qayğı müəssisələrinə yerləşdirirlər. Amma zərurət prinsipi təşviq edir ki, ailələrə dəstək gücləndirilsin, heç bir uşaq maddi problemə görə alternativ qayğı müəssisələrinə verilməsin. Valideyn bu kimi səbəbdən uşağını belə müəssisələrə yerləşdirmək istəyəndə, onlara yardım edilsin”.

Sosioloqun sözlərinə görə, ailə mühiti alternativ qayğı ilə əvəzləndiyi zaman isə uyğunluq prinsipi qorunmalıdır: “Yəni, uşaqlar alternativ qayğı müəssisələrinə yerləşdirilərkən onlara ən uyğun alternativ qayğı verilməlidir. Bacı-qardaş bir yerdə qalmalı, bir yerdə böyüməlidir. Təəssüflər olsun ki, bizdə alternativ qayğıda uyğunluq təmin olunmur. Alternativ qayğı deyərkən yalnız hazırda internat, kiçik qrup evləri, SOS Uşaq Kəndləri ağıla gəlir. Foster ailələr, yaxud qohum foster ailələr və s. bu kimi alternativ qayğı metodları yoxdur. Uyğunluq prinsipini təmin etmək üçün alternativ qayğı formalarının fərqli olmasına çalışmalıyıq. Seçilən qayğı növü fərdi ehtiyaclara uyğun olmalıdır”.

aile

“10 nəfər qız uşağı üçün Ailə tipli kiçik qrup evi tikilib”

Uşaqlar üçün alternativ qayğı sahəsində Təhsil Nazirliyinin balansında olan mərkəzlərin fəaliyyəti, alternativ qayğı ilə bağlı ölkəmizdə hansı işlərin görülməsi ilə bağlı Təhsil Nazirliyinə göndərdiyimiz suallarımıza cavab olaraq bildirildi ki, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın çərçivəsində Təhsil Nazirliyinin 3 reabilitasiya mərkəzi (onlardan 2-si hüquqi şəxs qismində, 1 mərkəz isə internat məktəbinin nəzdində fəaliyyət göstərir) fəaliyyət göstərir. Mərkəzlərə inkişafetdirici təlim materialları, reabilitasiya yönümlü avadanlıqlar və uşaqların daşınması üçün nəqliyyat vasitələri  verilib. Bununla yanaşı, Dövlət Proqramının Tədbirlər Planının icrası uyğun olaraq, 2012-ci ildə Təhsil Nazirliyinin valideyn himayəsindən məhrum olmuş və daim müəssisədə yaşayan 10 nəfər qız uşağı üçün ailə tipli kiçik qrup evi tikilərək istifadəyə verilib. Həmin bəndin icrasına uyğun olaraq, Təhsil Nazirliyinin 17 noyabr 2015-ci il tarixli əmrinə əsasən, Lənkəran şəhərində tam kimsəsiz və valideyn himayəsində məhrum olmuş uşaqlar üçün oğlan uşaqları üçün tikilən ailə tipli kiçik qrup evi istifadəyə verilib.

Əlavə olaraq bildirildi ki, dövlət uşaq müəssisələrinin transformasiya üzrə Baş Planın icrasına uyğun olaraq, 2010-2015-ci illər ərzində 12 internat məktəbi transformasiya olunub, 2 internat məktəbi isə ləğv edilib. Prosesin davamı olaraq 2016-2017-ci tədris ilində Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırılmaqla, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə ümumtəhsil internat məktəbləri inteqrasiya təlimli gimnaziyalara çevrilib. Eyni zamanda, qarşıdakı dövrdə internat tipli gimnaziyalara transformasiya olunmuş müəssisələrdə mərhələlərlə sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsil  sinifləri yaradılmaqla təhsilə cəlb olunması nəzərə tutulur. Sağlamlıq imkanları məhdud uşaqlar üçün həmin müəssisələrdə reabilitasiya xidmətlərinin yaradılması da planlaşdırılır.

aile

“Alternativ qayğı məqsədli günərzi xidmətlər göstərilir”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirildi ki, çətin həyat şəraitində olan və sağlamlıq imkanları məhdud uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasında onların alternativ qayğı sistemi ilə təmin edilməsi mühüm önəm kəsb edir. ƏƏSMN-in sosial sifarişləri üzrə icra olunan sosial xidmət layihələrinin bir istiqaməti də çətin həyat şəraitində olan uşaqların alternativ sosial xidmətlərlə təmin edilməsinə və bununla onların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasına yönəlib: “Bu istiqamətdə işlərin davamı olaraq, cari ildə “Uşaqların dövlət uşaq müəssisələrinə  düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi” adlı iki layihə icra olunur. Bu layihələr  çərçivəsində  Sumqayıt, Mingəçevir, Şirvan, Astara, Ağsu, Beyləqan, Yardımlı, Qazax, Ağcabədi, Qax, Lənkəran, Tovuz, Bərdə, Quba, İsmayıllı, Şamaxı, Ağdaş, Göyçay, İmişli, Gədəbəy, Zaqatala, Xaçmaz, Masallı, Sabirabad, Şəmkir, Biləsuvar, Cəlilabad və s. şəhər və rayonlar üzrə qeyd olunan uşaqlara və ailələrə ixtisaslaşmış vətəndaş cəmiyyətləri tərəfindən alternativ qayğı məqsədli günərzi xidmətlər göstərilir. Həmçinin “Sağlamlıq imkanları məhdud uşaqlar üçün icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsi üzrə 8 rayon (Cəlilabad, Xaçmaz, Masallı, Yardımlı, Zaqatala, Ağstafa, Saatlı, Balakən rayonları) üzrə sağlamlıq imkanları məhdud uşaqlar sosial reabilitasiya yönümlü xidmətlərlə təmin olunurlar”.

Aile

“Sosial sifarişlər üzrə icra olunan layihələr hər il 2 mindən çox uşağı əhatə edir”

Nazirlikdən verilən məlumata görə, nazirliyin sosial sifarişləri əsasında “Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar ilə idman, incəsənət və xalq sənət növlərinin öyrənilməsinə yardım göstərilməsi”, “Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlara surdoloji xidmətlərin göstərilməsi”, “Sağlamlıq imkanları məhdud uşaqların (daun sindromlu) sosial reabilitasiyası”, “Sağlamlıq imkanları məhdud uşaqlara (autizm) defektoloji və psixoloji yardım göstərilməsi”, “Eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqar üçün reabilitasiya xidmətlərinin göstərilməsi” və s. layihələr icra olunur: “Bu layihələr uşaqlara əsasən reabilitasiya yönümlü sosial xidmətlərin göstərilməsi, onların alternativ xidmətlərlə təmin olunması, eləcə də ailələrlə müvafiq yönlərdə işlərin aparılması yolu ilə uşaqların dövlət uşaq müəssisələrinə  düşməsinin qarşısının alınmasında mühüm rol oynayır. Onu da bildirim ki, sosial sifarişlər üzrə icra olunan layihələr hər il 2 mindən çox uşağı əhatə edir”.

aile

Azərbaycan Uşaqlar Birliyindən isə bildirildi ki, Azərbaycanda alternativ qayğı modeli  tətbiq edilir: “Bu daha çox natamam ailələrdə böyüyən uşaqlara şamil olunur. Uşaq ayrılmış valideynlərdən biri, yaxud rəsmi qəyyumla (bibi, xala, nənə)  qalır. Uşaq qayğı, diqqət, tərbiyəni kimdən alacaqsa, o insanlarla xüsusi reabilitasiya aparılır”.

Birlikdən onu da bildirdilər ki,  Azərbaycan Uşaqlar Birliyi 31 ildir ki, fəaliyyət göstərir. Birliyin nəzdində Uşaq sığınacağı Reinteqrasiya Mərkəzi isə 11 ildir yaradılıb. Sığınacağa valideyn himayəsindən məhrum olmuş, atılmış, xırda ticarətlərə məcbur edilmiş, zorakılığın hansısa növünə məruz qalmış uşaqlar yerləşdirilir. Uşaqlar vətəndaşlardan qəbul edilmir. Yerli icra hakimiyyətləri tərəfindən və ya polis bölməsindən aşkarlandığı halda göndərilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir