enurez

Uşaqlarda yataq islatma nədir? – PSİXOLOQ YAZIR

Baxış sayı: 530

Tibbdə enurez adlanan sidik qaçırma halı xalq arasında yataq islatma kimi də tanınır. Həm gündüz, həm də gecə görünə bilən enurez bir çox yaşlarda müşahidə olunan bir xəstəlikdir. Bu pozğunluğun müalicəsində  psixoloq və ya psixiatrın, eləcə də  həkimin rolu olduğu bir həqiqətdir. Çünki ümumiyyətlə fizioloji bir vəziyyət olaraq görülsə də, enurezin müxtəlif səbəbləri ola bilər.

Enurez iki başlıq altında araşdırılır: birincili enurez və ikincili enurez. Birincili enurezdə uşaq doğulduğu gündən sidiyi idarə edə bilmir. İkincili enurezdə vəziyyət bir qədər fərqlidir. Uşaq tualet təlimini  bitirdikdən sonra sidiyi sızdırmağa və yatağı islatmağa başlayır.

Enurez əsasən sidik ifrazının ritmlərinin ləngiməsi ilə əlaqədardır və bir çox səbəblərdən yarana bilər. Məsələn, hər bir xəstəlikdə olduğu kimi, genetika da insanın enurezlə üzləşməsinə səbəb ola bilər. Çünki valideynlərində enurez olan uşaqlarda bu xəstəliyə daha çox rast gəlinir. Digər səbəb isə uşağa lazımi tualet təliminin öyrədilməməsidir. Kiçik uşaqlar üçün tualet təlimi çox vacibdir, lakin bu təlim kifayət qədər yaxşı təmin edilmədikdə, enurez və sonra bu pozğunluqla əlaqəli digər pozğunluqlarla qarşılaşmaq olduqca mümkündür. Digər amil psixoloji fonla bağlı problemlərdir. Məsələn, stresli əhval-ruhiyyə uşağı enurezə meylləndirə bilər. Stressdən əlavə, travmatik hadisələr də uşağa çox təsir edir. Bir çox valideynlər bu vəziyyətdən xəbərsiz olsalar da, baş verən hər şey uşağın həyatında iz buraxır. Uşaq böyük bir travmatik hadisə keçirdikdən və ya uşağın normal rejiminin pozulmasından sonra yaranan emosional stress uşağın yatağı islatmasına səbəb ola bilər. Məsələn,yeni evə köçmək, yeni məktəbə yazılmaq, sevilən birinin ölümü və s.

Valideynlər çox vaxt yataq islatma problemini fiziologiya ilə əlaqələndirsələr də, həqiqət tam olaraq belə deyil. Çünki yataq islatma bəzən psixoloji səbəblərdən baş verir. Fizioloji qiymətləndirmələr aparıldıqdan sonra uşaq və yeniyetmə psixoloquna ,psixiatrına göndərilməlidir. Uşaq psixiatrları zərurət yarandıqda dərman müalicəsi, psixoloqlar isə davranış müalicəsi yanaşmaları və fərdi psixoterapiya vasitəsilə enurezili uşaqlara dəstək ola bilər.

 

Psixoloq Sevilxanım Bunyatzadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir