Qumru Eyvazova

Vətəndaşsızlıq və yaşama icazəsi məsələsi necə tənzimlənir? – “VƏKİL BÜROSU”

Baxış sayı: 1. 410

Vətəndaşsızlıq problemi özünü Birinci Dünya Müharibəsi şəraitində biruzə verdi. Belə ki, qaçqınların öz doğma ölkələrinə qayıtmasının qarşısını alınması məqsədilə, qaldıqları ölkənin hakim rejimi tərəfindən onlardan mənsub olduqları vətəndaşlığın alınması geniş yayılaraq kütləvi hal aldı və heç bir ölkənin vətəndaşı olmayan şəxslərin yaranmasına səbəb oldu.

Sonradan, İkinci Dünya Müharibəsi şəraitində vətəndaşsızlıq problemi müəyyən dövlətdə yaşayan vətəndaşların tədricən, lakin davamlı olaraq ilk növbədə müəyyən hüquqlardan, sonra isə vətəndaşlığın özündən məhrum olması ilə ortaya çıxdı.

Son illərdə dövlətlərin dağılması insanların özləri yerində qalarkən, ətrafdakı sərhədlərin “köçməsi” səbəbindən vətəndaşsız qaldıqları vəziyyətlərə gətirib çıxarıb. Beynəlxalq ictimaiyyətin ötən əsrin əvvəllərində göstərdiyi səylərə, o cümlədən, məsələn, “Vətəndaşlıq qanunları arasında ziddiyyətlərə dair bəzi məsələlər haqqında” 1930-cu il Haaqa Konvensiyasına baxmayaraq, dövlətlərin vətəndaşlığın əldə edilməsi və itirilməsi ilə bağlı əlaqələndirilmiş yanaşmasının olmaması, vətəndaşsızlıq halları yaratmağa davam etdirdi.

 

Ölkəmizdə vətəndaşsızlıq məsələsinə qanunvericilik nə deyir?

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən, vətəndaşlığı olmayan şəxs – heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxs, Azərbaycan Respublikasında müvəqqəti yaşayan şəxs isə – Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs başa düşülür.

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən,

  • Azərbaycan Respublikasının ərazisində son 5 il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan,
  • qanuni gəlir mənbəyi olan,
  • Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən,
  • habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.

Həmçinin maddədə deyilir ki, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən, Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini 3 aydan çox olmayan müddətə tərk etmiş olsun.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Lakin qeyd etmək yerinə düşər ki, bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.

Həmçinin, Miqrasiya Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, qeyri-vətəndaşlar, Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin müddətinin bitməsinə ən azı 3 ay qalmış bu barədə icazə alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər. Həmin Məcəllənin 54.12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə 5 il müddətinə verilir. Yuxarıda qeyd edilən müddəa, şəxsiyyəti təsdiq edən etibarlı sənədi olan şəxslərə münasibətdə tətbiq edilir.

 

Əcnəbi və vətəndaşlığı olmayan şəxs müvəqqəti yaşama icazə almaqdan ötrü hara və necə müraciət etməlidir?

Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər (Qazaxıstan Respublikasının vətəndaşları 30 gündən çox) yaşadıqları yer üzrə qeydiyyata alınmalıdırlar. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yaşayış yerini dəyişdikdə, o, yeni yaşayış yerinə gəldiyi gündən 5 iş günü müddətində yeni yaşayış yeri üzrə qeydiyyata alınmalıdır. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatda olduğu mənzilin sahibinə məxsus başqa mənzildə müvəqqəti yaşadığı halda, onun yaşayış yeri üzrə yenidən qeydiyyata alınması tələb olunmur. Əcnəbi ölkəyə gəldiyi andan 15 gün müddətində Dövlət Miqrasiya Xidmətinin rəsmi internet saytının elektron xidmətləri, “Elektron hökumət” portalı və elektron poçt vasitəsilə elektron formada qeydiyyata alınması üçün müraciət etməli və ya şəxsən regional miqrasiya şöbələri və ya “ASAN xidmət” mərkəzlərinə yaxınlaşmalıdır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınmasına görə dövlət rüsumu ödənilmir.

Azərbaycan Respublikasına viza ilə gələn əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qalma müddəti vizada göstərilən ölkədə olma müddəti ilə müəyyən edilir. Ölkəyə vizasız daxil olmuş əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin ölkədə 90 günə qədər qalması tələb olunur. Ölkədə müvəqqəti olma müddətinin başa çatmasına əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu müddəti ya uzatmalıdırlar, yəni müddətin bitməsinə 3 ay qalmış Dövlət Miqrasiya Xidmətinə müraciət etməli və ya ölkəni tərk etməlidirlər.

Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkədə müvəqqəti olma müddəti 1 aya qədər, 1 aydan 2 aya və 2 aydan 3 ayadək uzadıla bilər.

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə aşağıdakı hallarda verilə bilər:

  • həmin şəxslər Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohum olduqda;
  • Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olduqda və qanunla nəzərdə tutulmuş digər hallarda.

 

Əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində 3 ay, 6 aya qədər və 1 ilədək müddətə müvəqqəti yaşamaq üçün icazə verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində olma, yaşama və ya oradan keçmə qaydalarının pozulması, yəni bir yerdən digər yerə gedərkən yaşayış yeri və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl edilməməsinə görə və qanunla nəzərdə tutulmuş digər hallarda əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər 300 manatdan 400 manatadək miqdarda cərimə edilir və ya Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.

Vətəndaşsızlıqla məşğul olmaq üçün nəzərdə tutulmuş beynəlxalq hüquq sisteminin son məqsədi həm qanunvericilikdə, həm də praktikada bütün insanların vətəndaşlıq əldə etmək hüququnu təmin etməklə dövlətlərin müdafiəsinə zəmanət verməkdir. Vətəndaşsızlıq konvensiyaları vətəndaşsızlığın qarşısını almaq üçün bir vasitədir və problemlərin davamlı surətdə həlli mexanizmidir.

Lakin qeyd edək ki, əgər müəyyən bir dövlətin vətəndaşlığa yanaşması hüquqi cəhətdən nə qədər güclü və bu dövlət tərəfindən təmin edilən müdafiə nə qədər effektiv olarsa, beynəlxalq müdafiəyə də ehtiyac qalmayacaq və dövlət daxili qanunları ilə bu problem aradan qaldıracaq.

 

Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir