abort

“Valideynlər biabırçılığı belə ört-basdır edir” – 15-19 yaşlı qızların abort sayı artır

Baxış sayı: 881

Azərbaycanda abortlarla bağlı açıqlanan statistika ciddi narahatlığa səbəb olub. Belə ki, ötən il 15-19 yaşlı qızların abort sayı 1 238 olub.

 

“Qeyri-rəsmi rəqəmləri əlavə etsək, say ikiqat artar”.

Bu sözləri mövzu ilə əlaqədar danışan “Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva deyir. O bildirir ki, sadalanan rəqəmlər yarımçıq statistikadır:

“Qeyri-rəsmi rəqəmləri əlavə etsək, bəlkə də say ikiqat artar. Artıq yeniyetmələrin hamilə qalması və abort etdirməsi təəccüb doğurmur. 11-15 yaş həddi cinsi hormonların inkişaf etdiyi bir dövr olduğu üçün əks cinsə meyillilik artır. Eyni zamanda gün keçdikcə əxlaqi meyarlara münasibətlər də azalır. Sosial şəbəkələr, televiziyalar, filmlər və s. cinsi münasibətləri çılpaqlığı ilə nümayiş etdirir. Bu cür halları araşdırdıqda məlum olur ki, ən çox yarımçıq ailələrdə böyüyən uşaqlar, diqqətdən kənar qalan və ya mənəvi dəyərlər aşılanmayan qız və oğlanlar səhv edirlər.

Valideynlər isə bu biabırçılıqları ört-basdır etmək üçün aborta əl atırlar. Düşünürəm ki, məktəblərdə “Reproduktik sağlamlıq” dərsləri keçirilməli, şagirdlərə mənəvi dəyərlər aşılanmalıdır”.

Z.Mustafayeva qeyd edir ki, ilk dəfə hamilə qalmış qadınların bəziləri bətnlərindəki uşaqları inkişafdan qaldığı üçün abort edir. Buna isə ətraf mühitin təsiri, qidalar, viruslu xəstəliklər və sinir gərginlikləri səbəb olur:

“Düzdür, qanunvericiliyə əsasən məcburi tibbi yoxlamadan keçmədən rəsmi nikaha icazə verilmir. Ancaq çox təəssüflər olsun ki, qeyri-rəsmi nikahların sayı durmadan artır.

Bundan başqa sosial problemlər səbəbindən bir və ya iki uşaqdan sonra ər qadını abort etməyə məcbur edir. Buna görə də hazırda belə vəziyyət yaranıb”.

Birlik sədri əlavə edir ki, ailə institutlarının fəaliyyət göstərməməsi, mənəvi dəyərlərin gənclərə aşılanmaması, abortların sonradan verəcəyi fəsadlar haqqında məlumatsızlıq, əxlaq normaları və s. olmaması gələcək nəsil üçün bir təhlükəyə çevrilməkdədir.

Psixoloq Sevinc Baxışova isə deyir ki, ümumiyyətlə, hamiləliyini könüllü şəkildə sonlandırmaq istəyən qadının (yaş fərqi olmadan) qərarına hörmət edilməli, yaxınları tərəfindən dəstək verilməlidir:

“Çünki abort həm psixoloji, həm də fizioloji baxımdan travmalı prosesdir. Psixoloji, eləcə də nevrotik pozuntular müsbət emosiyaların azalmasına gətirib çıxara, hətta bir çox qadınlarda vaqinizm ( vajinismus) qadınlarn özlərindən asılı olmayaraq əzələlərin (ayaq, çanaq dibi və s.) eləcə də bütün bədənin ani şəkildə kəskin yığılması və sıxılması nəticəsində cinsi əlaqənin mümkün olmamasıdır) problemi yarada bilər”.

Psixoloq qeyd edir ki, azyaşlılar adətən zorlanma və ya könüllü şəkildə münasibətdə olaraq hamilə qalırlar:

“Əsasən təcavüzə məruz qalan və hamiləlikdən qurtulmaq istəyənlər bunun təsirindən uzun müddət çıxa bilmirlər. Hətta qadınlar olur ki, yaşadığı hadisəni 20-30 il keçsə belə heç kimə demir, ailə qurmurlar.

Ümumiyyətlə, zorlanma, təcavüz nəticəsində meydana gələn hamiləlik sonrasında qadınların psixoloji sağlamlığında ciddi problemlərdən biri də o olur ki, onlar travmatik olaraq bu uşağın zorlanma nəticəsində əmələ gəldiyi üçün özünə və uşağa bununla zərər verəcəyini düşünürlər. Bu barədə ciddi fikirləşdikdən sonra isə çarəni abortda tapırlar”.

S.Baxışova bildirir ki, ölkəmizdə minlərlə azyaşlı qızlar aldadılaraq və ya könüllü olaraq bir anlıq yaşanan ehtirasın, seksin qurbanı olurlar və sonrakı həyatlarında onları ömür boyu vicdanları rahat buraxmır:

“Burada isə biz psixoloqların üzərinə ciddi məsuliyyət düşür. Belə ki, sadalanan səbəblərlə bizə müraciətlər çox olur. Bu cür halların, yaşananların unudulması üçün isə müəyyən müddət lazım olur və bu müddət çətinliklə keçir”.

 

Vəkil, Sumqayıt ASAN Vəkil Bürosunun direktoru Leyla Bədəlova isə deyir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152-ci maddəsinə görə 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır:

“Eyni əməllər 14 yaşına çatmayan şəxs barəsində törədildikdə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmçinin bu tip cinayətlərə görə məsuliyyət zərərçəkmiş şəxslə bu əməli törətmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır.

Qanunla hər hansı razılığın olub-olmaması heç bir önəm daşımır. İstənilən halda 16 yaşınadək şəxslə cinsi əlaqədə olma cinayət məsuliyyəti yaradır”.

Qeyd edək ki, 2018-ci ildə ölkədə 36 141 abort (2017-ci ildə 37 618) qeydə alınıb. Onların 815-i və ya 2,3 faizi ilk dəfə hamilə olmuş qadınlar tərəfindən həyata keçirilib və hər 1 000 fertil (15-49) yaşda olan qadına 13,7 abort düşüb.

Ötən il edilən abortların 1 238-i 15-19 yaşlı qadınların payına düşür. Həmin abortların 40-ı 15-17 yaşlı, 1 198-i isə 18-19 yaşlı qadınlar tərəfindən edilib.

Ötənilki abortların ən çoxu – 11 578-i 25-29 yaşlı qadınların payına düşüb.

Həmçinin abortların 7 545-i 20-24 yaşlı, 10 293-ü 30-34 yaşlı, 5 487-si 35 və daha yüksək yaşlı qadınlar tərəfindən edilib.

 

Hicranə Əlişqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir