XORULDAMAQ

Xoruldamaq xəstəlik xəbərçisidirmi?

Baxış sayı: 156

Bəlkə də bir çox ailələrdə yuxuda xoruldayan ən azı bir nəfər var. Xoruldamaq deyəndə daha çox yaşlı nəslin nümayəndələri yada düşür. Daha çox onlar xoruldadığı üçün əksər insanlar düşünür ki, xoruldamaq sırf yaşla bağlı bir şeydir.

Ancaq son zamanlarda nəinki yaşlılar, elə cavanlar da, hətta uşaqlar arasında belə xoruldayanlar var. Gülməli olsa belə, sırf xoruldama səbəbinə görə ailə dağılması faktları var. Bu mənada xoruldama həm də sosial bir problem hesab oluna bilər. Ən azından o, ailənin digər üzvlərinin həyatına və istirahətinə təsir edir.

Xoruldama həmçinin insanın ailədə və digər mühitlərdə nüfuzuna və psixologiyasına ciddi təsir edən bir problemdir. Lakin bütün hallarda xoruldama ən çox xoruldayan insanın özünə zərər vurur. Xoruldamanın əsas səbəbi nəfəs yollarında olan darlıq sayılır. Bu da insanın  nəfəsalmasının çətinləşməsinə gətirir. Bəzən yuxu zamanı qisa müddətdə nəfəsin dayanması da baş verə bilər. Belə xəstələr mütləq həkimə müraciət etməlidirlər. Dar, uzun və ya çox ətli damağı olan insanlar hər zaman xoruldayırlar. Boğaz divarlarının darlığı, şişkinliyi, axıntılı olması, xüsusilə də yapışqan axıntılarla (bəlğəmlə) tutulması zamanı da xoruldama baş verir. Boğazın badamcıq və bunun arxasındakı boğaz divarlarının arası bəzən çox dar olur. Dil qüsurları, çənə darlığı, sinir sisteminin çatışmazlığı xoruldamaya səbəb olur.

Xoruldamağın müvəqqəti olaraq qarşısını almaq üçün yan böyrü üstə yatmaq məsləhət görülür. Xoruldayan insanların yatağının baş hissəsi 10 sm yuxarı olarsa, xoruldama az olar. Amma elə insanlar var ki, sadalananlar onlara heç bir təsir göstərmir. Belə insanların həkimə müraciət etmələri vacibdir. Xoruldama bədənin istirahət müddətini azaldır. Çünki xorultu insanları dərin yuxu fazasına keçməyə imkan vermir. Dərin yuxu fazasına keçmədən istirahət etmək mümkün deyil.Image result for Adil Qeybulla

Maraqlıdır, uşaqlarda və gənclərdə baş verən xoruldamanın səbəbi nədir? Ümumiyyətlə, bunun müalicəsi varmı? Tibb elmləri doktoru, professor Adil Qeybulla xoruldamanın nəfəs yollarının keçidinin adekvat olmamasından qaynaqlanan bir situasiya olduğunu deyir: “Nəfəs yollarında olan darlıq, çəpər əyrilikləri havanın keçərkən müxtəlif səslərlə müşahidə edilməsinə səbəb olur. Məsələn, adətən insanlar arxası üstə yatdıqda xoruldamağa meylli olurlar. Yaşlı adamlarda da bədənin sallanması deyilən bir situasiya baş verir. Bu, insanların daxilində də baş verir. Digər tərəfdən, yuxarı tənəffüs yollarında burun çəpərinin əyriliyi, burun balıq qulaqlarının şişməsi, uşaqlarda adenoidlərin («burun əti»)  olması xoruldamağa səbəb olur. Əlbəttə, bunun səbəbləri araşdırılmalı və o səbəb aradan qaldırılmalıdır. Həddindən artıq köklük, çəki artıqlığı özü də xoruldamağa səbəb ola bilər. Digər bir səbəb isə tənəffüsün çatışmaması ilə bağlıdır. İnsan gecə sanki nəfəs almır və sanki boğulmuş halda yuxudan oyanır. Bu isə daha çox nevrogen mənşəli olur. Bunun səbəbi araşdırılıb qarşısı alınmalıdır. Bununla da daha çox nevropatoloqlar məşğul olur. Amma xoruldama ilə bağlı xəstələr öncə burun, boğaz, qulaq həkiminə müraciət etməlidirlər. Xoruldama uşaqdan tutmuş böyüyə qədər müşahidə edilə bilər. Xoruldama ölümə səbəb olmur. Əgər qırtlaqda spazma yoxdursa, yol sərbəstdirsə, xəstə ən azı ağızla nəfəs ala bilir. Ən çox xoruldama beli üstdə yatanda baş verir. Bu zaman boğaz sallanır və hava alıb-vermə çətinləşir. Xoruldama varsa, deməli, nəfəs yolunun keçidi pozulub. Buna görə də bunu aydınlaşdırandan sonra həkim məsləhət görür ki, ya burun çəpəri qaydaya salınmalıdır, burun balıq qulaqları müalicə olunmalı və ya əməliyyat olunmalıdır. Bir də insanlar çalışmalıdır ki, elə vəziyyətdə yatsınlar ki, orada  nəfəs yolunun keçidi təmin olunsun”.

 

Günel MANAFLI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir