depressiya

Yaz gəldi, yanında da depressiyası… bu əlamətlər varsa, özünüzü qoruyun!

Baxış sayı: 178

Yazın gəlişi ilə onun yorğunluğu da insanın canına çökür. Səbəbsiz bir əsəbilik, haldan hala düşmə, daim yatmaq arzusu… bunlarla, demək olar ki, hər yaz qarşılaşırıq. Psixoloqlar isə deyir ki, ümumiyyətlə, ilk baxışda yaz yorğunluğu adlanan bu hal əslində yaz depressiyasıdır.

Bu depressiya bir duyğu-vəziyyət pozuqluğudur. Mövsümi xüsusiyyətlər daşıyan bir depressiyadır. Stressə və üzüntüyə səbəb olacaq bir durum olmadığı halda, bəzi mövsümlərdə depressiv durum görülməkdədir. Bahar depressiyası, mövsümilik göstərməsi xaricində əsasən digər depressiyalarla bənzər əlamətlər daşıyan bir xəstəlikdir. İnsanların kifayətsiz Günəş işığı alması beyində bəzi kimyəvi maddələrin səviyyəsini pozur. Bu hormonlar insanın bədən temperaturunun ayarlanması və yuxu-oyaqlıq düzənində önəmli rol oynayır. Bioloji saatın pozulması ilə insan depressiyaya daha açıq hala gəlir. Açıq günəşli havalarda daha sevincli, qapalı, buludlu havalarda cansız və melanxolik olan insanlarda çox zaman altda yatan mexanizm bioloji saatdakı axsamalardır.

 

Bu, sıradan bir kədər deyil… 

Halsızlıq, tez yorulmaq, istəksizlik, diqqət itkisi, iştah və yuxu sistemində dəyişikliklər ən çox rast gəlinən əlamətlərdir. Qış depressiyasında daxilə qapanma daha sıx görüldüyü halda, narahatlıq və aqressiya daha çox özünü göstərir. İnsanın diqqətini toplaya bilməməsi və unutqanlığı səbəbilə iş performansı aşağı düşür, istəksizliyi və iş görmək üçün güc tapa bilməməsinə görə məsuliyyəti axsamağa başlayar. Bəzən depressiya müxtəlif baş ağrıları, qəbzlik kimi fiziki problemlərə də yol açır. Sözügedən əlamətlərin müddəti bir neçə həftəyə çatırsa, “bahardandır, keçər” demək yerinə, ilin digər zamanlarında izlənən depressiyalar kimi müalicə variantına müraciət etmək lazımdır.

Mövsümi depressiya ya dərmanlarla, ya da dərman xaricindəki üsullarla müalicə edilə bilən bir xəstəlikdir. Əlamətlər xəfifdirsə, işıq müalicəsi yetərli ola bilər. İşıq müalicəsinin uğuru olduqca yüksəkdir. Günəş işığına bənzər şəkildə parlaq işıq yayan bir işıq qaynağının altında, səhərin erkən saatlarında gündə yarım saat qədər oturmaq mövsüm keçişi dönəmlərində son dərəcə qoruyucu ola bilməkdə, depressiya əlamətlərində düzəlmə təmin edə bilməkdədir. Qısa müddətli psixoterapiyalar da son dərəcədə faydalı ola bilər. Unudulmamalıdır ki, depressiya duyğulara, düşüncələrə, davranış və bədənə təsir edən bir xəstəlikdir. İnsanın iştahından yuxusuna, gündəlik həyatından iş rejiminə qədər bütün həyat keyfiyyətinə təsir edər. Bu vəziyyət keçici bir kədərdən, istəksizlikdən fərqlidir. Əlamətlər şiddətlənir, ya da sıx-sıx təkrar edirsə, professional yardım almaq lazımdır.

 

Dünya niyə yaz depressiyasından əziyyət çəkir?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, 2020-ci ildə depressiya insanların əmək qabiliyyətini itirməsinə səbəb kimi ürək-damar xəstəliklərindən sonra ikinci yeri tutacaq. Ən acınacaqlı məqam isə odur ki, insanlar bu xəstəliyə ən fəal yaş dövrlərində – 25-50 yaşlarında tutulurlar və onlarda suisidə meyillilik, iş qabiliyyətinin aşağı düşməsi, əlillik və s. kimi fəsadlar özünü göstərir. Depressiya bu gün sosial problemə çevrilib.

Rəsmi statistik məlumatlara görə, dünya əhalisinin 110 milyon nəfərdən çoxu depressiyadan əziyyət çəkir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə isə, real rəqəm bundan 3 dəfə çoxdur. Hesablamalar göstərir ki, ümumi profilli klinikalara müraciət edənlərin 40 faizə qədəri depressiyalı xəstələrdir. Onların isə cəmi 10-15 faizinə düzgün diaqnoz qoyulur. Depressiyadan əziyyət çəkən insanların, demək olar, yarısı isə həkimə müraciət etmir. Məhz bu səbəbdən fəsadlaşmış, xroniki hala keçmiş, somatik formalarda üzə çıxan depressiyalar artır.

 

Evdə havanı dəyişmək, daha çox yatmaq, açıq havada yerimək… çarədirmi?

Bahar mövsümü insanların psixoloji vəziyyətinə də təsir edir. Yazın gəlişi ilə yaranan hava dəyişikliyi nəticəsində bəzi insanlar özlərini davamlı halsız hiss edir və yuxudan xilas ola bilmirlər. Yaz və payızda sıx rast gəlinən halsızlıq maddələr mübadiləsi ilə bağlıdır. Bu mövsümdə havada olan müsbət və mənfi yüklü ionlarla bağlı bəzi dəyişikliklər ortaya çıxır ki, bu vəziyyət bəzi insanlarda ruhi sıxıntılar və halsızlıq yaradır.

Belə vəziyyətlə qarşılaşmamaq üçün yaşadığınız yerin hava almasını təmin etmək, nizamlı yuxu saatlarını müəyyənləşdirmək, gündə 7-8 saat yatmağa çalışmaq, həftədə ən azı, 2 gün açıq havada yerimək və ilıq duş qəbul etmək tövsiyə edilir. Gündə 2-3 litr su qəbul etmək yaz yorğunluğundan qorunmaq və immunitet sistemini gücləndirmək üçün vacibdir.

Yaz depressiyası adətən digər depressiyalara bənzər əlamətlər daşıyan bir xəstəlikdir, insanların kifayət qədər Günəş işığı almaması beyində bəzi kimyəvi maddələrin paylanmasını pozur. Əgər bu mövsümdə hansısa insan özünü yorğun, halsız, yuxusuz və bədbəxt hiss edirsə, bu artıq yaz depressiyasının əlamətidir. Yaz depressiyası baharda başlayan və hər il eyni vaxtlarda müşahidə edilən bir depressiya vəziyyətidir.

Əlamətlərinə gəldikdə isə daim qayğı, yuxu pozuqluğu, əsəbilik, çəki itirmək, iştahsızlığın və ya əksinə artması kimi amillər yer alır. Bahar depressiyası yaşayan insanlar məktəbə və yaxud da işə getmək problemi yaşaya bilərlər. Bəzi əlamətlər iki həftədən çox davam etdiyi zaman mütəxəssisə müraciət etmək məsləhətdir. Çünki depressiya müalicə olunmadığı halda təkrarlama şansı arta bilər. Eyni zamanda, həmin sıxıntıların başqa bir psixoloji xəstəliyin əlaməti olub-olmadığını da öyrənmək önəmlidir. Xüsusilə də ailədə psixoloji problemi olan başqa qohumlar varsa, daha diqqətli olmaq lazımdır.

 

İnsan depressiyada olub bundan xəbər tutmaya bilər

Depressiya insanı həyatdan zövq almaqdan məhrum edən psixi haldır. Bu zaman insan keçirdiyi hisslərin səbəblərini dəqiq anlamır, özünü tənha, əlacsız, sanki qaranlıq bir boşluqda hiss edir. Ona elə gəlir ki, heç kim ona bu vəziyyətdən çıxmağa kömək edə bilməz. Depressiya zamanı insan ailəsindən, dostlarından uzaqlaşır, dünya ona qaranlıq, tutqun görünür, hətta bir vaxtlar sevdiyi işindən də zövq ala bilmir. Təfəkkürü dəyişir, özündə və başqalarında yalnız mənfi keyfiyyətləri görür, keçmişinə, bu gününə, sabahına çox pessimist yanaşır. Həm fiziki hərəkətliliyi, həm də beynində ideyalar, təşəbbüslər azalır, həyat o qədər mənasızlaşır ki, ən əzizi də onun üçün əhəmiyyətini itirir, ən böyük məqsədi gözündən düşür, əlçatmaz arzularının reallaşması onu sevindirmir.

Biz qarşımızda artıq bir neçə həftədir əhval-ruhiyyəsi aşağı olan, saçları daranmayan, özünə baxmayan, ağlayan adam görüb ona depressiya diaqnozu qoya bilərik. Amma depressiyanın elə formaları var ki, onlara sosial problemləri tam həll olunmuş, həyatın bütün aspektlərində uğur qazanmış adamlarda da rast gəlinir. Belə insanlarda depressiya maskalanmış formada özünü göstərir. Belə ki, onlar öz xarici görünüşlərinə fikir verirlər, çətinliklə də olsa, işlərini davam etdirirlər, ancaq həyatdan zövq almırlar və əksəriyyəti baş ağrısı, mədə-bağırsaq pozuntuları, ürək-damar xəstəlikləri, başgicəllənmə, cürbəcür vegetativ pozuntular donunda depressiyadan əziyyət çəkirlər.

 

Yaz depressiyası payız depressiyasına uduzur, çünki…

Mövsümi depressiyalardan payız depressiyası yaz depressiyasından daha geniş yayılıb. Çünki Günəş işığı depressiya əleyhinə təsir edir, insanların əksəriyyəti də günəşi, işığı, istini sevir. Payızda isə günəşli günlər qısalır, tutqun, yağışlı havalar başlayır. Təbiət nisbətən gözəlliyini itirir. Boz, çiskinli hava bəzi insanların daxili psixoloji durumuna mənfi təsir göstərir. Bəzi insanlar deyirlər ki, Günəş batanda sanki o da onunla bərabər batır. Mən belə düşünən bir çox insanlarla rastlaşmışam. Bunu anlayan insan nə qədər ki, depressiyaya düşməyib, bu vəziyyət onun işinə, əmək və əqli fəaliyyətinə, yaşam tərzinə, təhsilinə mane olmayıb, gərək özü üçün sevdiyi mühiti yaratsın.

Belə insanlara payız fəslində daim evin pəncərələrində pərdələri bağlamaq, stol üstünə Günəşi xatırladan meyvələr – narıngi, portağal qoymaq məsləhətdir. Onlar gərək divan və yataq örtüklərinin, hətta paltarlarının rəngli olmasına fikir versinlər, musiqiyə qulaq assınlar, idmanla məşğul olsunlar, əhvalı yaxşılaşdıran qidalar qəbul etsinlər – balıq, şokolad yesinlər, kofe içsinlər və s. Əgər mövsümi depressiyanın müddəti uzanırsa, insanlar özlərini bu vəziyyətdən çıxara bilmirlərsə, o zaman həkimə müraciət etmələri məsləhətdir.

Bəzən yaz fəsli depressiya ilə yanaşı, bəzi xəstəliklərin də “düymə”sini basır. Yazda ən çox rast gəlinən problemlər içərisində ilk sırada allergiya yer alır. Statistikaya görə, dünyada hər 10 nəfərdən 2-si allergiyadan əziyyət çəkir. Hətta dünya alimləri XXI əsri “allergiya əsri” adlandırıblar.

Havada uçuşan polen adlanan çiçək tozları yaz mövsümündə allergik xəstəliklərə səbəb olan ən önəmli amillərdir. Onun ən çox təsir etdiyi orqanizm isə insanların gözləridir. Mövsümlə bağlı allergiya nəticəsində gözdə qaşınma, qızartı və reaksiyaya bağlı olaraq damar genişlənməsi meydana gəlir. Bu baxımdan şiddətli yanma, işığa baxa bilməmək, bulanıq görmə yaranır. Allergiya nəticəsində yaranan qaşınma bəzi adamlarda göz önündəki təbəqə olan korneanın quruluşunda pozulmalara səbəb olur ki, bunların da ən ciddisi görmə qabiliyyətinin pozulmasına yol açmasıdır. Nəticədə toxumalarda iltihablı şiş əmələ gəlir ki, bu da gözdə şişmə, qızarma, qaşıntı və sulanmaya səbəb olur.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir