kolbasa

Yediyimiz qida təmizdir, yoxsa… – Saxta məhsulları necə seçək?

Baxış sayı: 1. 114

Saxta qidalar günümüzün ən böyük bəlalarından biridir. Artıq heç kim saxta düyü. Saxta yumurta, saxta ət və sair eşidəndə təəccüblənmir. Hər bir məhsulun saxtasını yaradan Çin artıq ərzaq məhsullarına əl atıb. Xəbərlərə görə, Çində istehsal olunan süni yumurta artıq Orta Asiya ölkələrinə də ayaq açıb. Qazaxıstanın Ust-Kamenoqorsk sakini bazardan aldığı yumurtanın görüntüsünü sosial şəbəkədə paylaşıb. Görüntülərdən bəlli olur ki, süni yumurta stolüstü tennis şarından fərqlənmir, diyirlənir, çatlayıb-qırılmır, içərisindəki gel dağılmır. Bişirildikdə isə yumurta ağ kütləyə çevrilir.

Ölkənin Quşçuluq Cəmiyyətləri Federasiyasında ehtimal edirlər ki, ucuz olduğu üçün xüsusilə yoxsul təbəqənin aldığı süni yumurta Çindən Şərqi Qazaxıstan bölgəsinə idxal olunub. Qırğızıstan və Özbəkistan bazarlarında da plastik materialdan hazırlanan və üzərində möhür olmayan yumurtaların satıldığı bildirilir. Qeyd edək ki, Azərbaycan bazarında da üzərində istehsal şirkətinin adı qeyd edilməyən yumurtalar satışda var. Onların süni olması ilə bağlı iddialar da var. Bundan başqa bazarlarda süni düyü satılması da heç kimə sirr deyil, nişasta və plastik qarışdırılaraq hazırlanan bu məhsullar daha ucuz satılaraq aztəminatlı əhali kütləsini hədəfləyir. Saxta düyü suda əsla batmır və yanarkən plastik kimi yanır. Ümumilikdəsə, bazarda bir çox qida məhsullarının saxtasına rast gəlmək mümkündür. İstehsalçılar məhsulun maya dəyərini aşağı salmaq və ucuz sata bilmək üçün  bəzən kofelərin tərkibinə arpa, buğda və sairin ununu qatırlar. Hətta bəzi istehsalçılar daha da irəli gedərək, döşəmə taxtasının ovuntusunu da qida məhsullarına qatırlar. Yağlarla bağlı vəziyyət isə daha bərbaddır. Məsələn, bahalı yağ sayılan zeytun yağına palma və soya yağı qarışdırılır. Ən çox saxtalaşdırılan qida məhsullarından biri də baldır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki,  ölkənin istehlak bazarında xeyli həcmdə saxta qida məhsuluna rast gəlmək mümkündür:“Azərbaycanda get-gedə liberal və azad bazar iqtisadiyyatı bərpa olunur, belə bir şəraitdə bazar iqtisadiyyatının mahiyyətindən doğan bir məsələdir ki, kim nə ilə istəyirsə pul qazana bilər. İnsan sağlamlığı arxa planda qalır. Avropa İttifaqı, Amerika, Ümumdünya Səhiyyə Təşkilatı yer üzündəki bütün istehlakçıları aldatmağa çalışırlar. Sözdə isə guya onlar uzunömürlülüyü istəyirlər. Ancaq əksəriyyəti boş və insanları aldatmaq üçün tezislərdir. Kapitalizmin mahiyyəti odur ki, pul qazan, pul qazan və yenə də pul qazan. İnsanın sağlamlığını isə onun özündən və ailəsindən başqa düşünən yoxdur. Belə bir şəraitdə bazarda hər cür mal ola bilər. Ayır-ayrı hökumətlər guya azarı qorumaq istəsələr də, onların heç biri səmimi deyil.

Ekspertin sözlərinə görə, çox yaxşı haldır ki, Azərbaycan bazarında hələlik süni yumurta və süni düyü yoxdur: “Dünyada isə artıq süni ət də var. Lakin Azərbaycanda 20 ilə yaxındır ki, süni kürü istehsal olunur, eləcə də Rusiyaya ixrac olunur. Bu kürü standartlara uyğun istehsal olunur, lakin təbii  kürü ilə heç bir əlaqəsi yoxdur, müxtəlif qatqılardan, konservantlardan hazırlanır. Azərbaycanı kürü ölkəsi kimi tanıyan insanlar isə elə hesab edir ki, burada normal kürü satılır. Bu yolla istehlakçılar aldadılır. Azərbaycan bazarında kifayət  qədər insan sağlamlığı üçün arzuolunmaz hesab edilən mallar var. Saxta düyü və yumurta hələ ki, Azərbaycana gətirilməyib. Dünyada belə texnologiyalar var və güman edirəm ki, bu məhsullar da ölkəmizə gələ bilər. Azad bazar iqtisadiyyatı dövrüdür və heç kim buna mane olmur. əgər bu məhsullar standartlara uyğundursa və qanuni şəkildə ölkəyə gətirilibsə onun qarşısını Qida Təhlükəsizliyi Agentliyi də ala bilməz. Ancaq bu məhsulun gerçək düyü və ya gerçək yumurta olmadığı məhsulun üzərində yazılmalıdır, istehlakçının məlumat almaq hüququ təmin olunmalıdır”.

Qeyd edək ki, bu məsələ hazırda Türkiyədə də çox həssaslıqla müzakirə edilir. Hətta qardaş ölkədə qanunvericiliyə edilən son dəyişikliklərə görə, hər hansı qida məhsulunun və ya maddəsinin bənzərini yaratmaq, imitasiya etmək birmənalı şəkildə qadağandır, bunu edənləri isə çox sərt cəzalar gözləyir. Ətdən bala, pendirdən zeytun yağına qədər bir çox qida maddəsində saxtalığa yol verən və ya onların içinə aidiyyatı olmadan maddələr əlavə edərək, insanları aldadan, sağlamlıqlarını təhlükəyə atan insanlara minimum cəza 20 min türk lirəsi cərimə ödənilməsidir. Bundan əlavə bu cür qidalar Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi tərəfindən məhv ediləcək. Hesab edirik ki, bənzər qanunun Azərbaycanda da qəbul edilməsinə ehtiyac var.

Azərbaycanda da müvafiq olaraq,  Qida Təhlükəsizliyi Agentliyi (QTA) də saxta qidalarla bağlı ticarət mərkəzlərində audit yoxlaması həyata keçirə bilər. Əgər vətəndaşlardan müraciət və ya şikayət daxil olarsa, QTA tərəfindən faktla bağlı həmin satış nöqtəsində audit aparılacaq, təqdim olunan material laboratoriyada analiz ediləcək, faktlar öz təsdiqini taparsa, qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər həyata keçiriləcək. Bu səbəbdən agentlik vətəndaşlara müraciət edərək, saxta hesab etdikləri məhsulla bağlı onlara müraciət verilməsini xahiş edir.

 

Nərgiz LİFTİYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir