Gencaile.az saytının “11 sual” rubrikasının budəfəki qonağı futbol üzrə ölkə kubokunun qalibi, ölkə çempionatının bombardiri, bir müddət yığmamızın da formasını geymiş, hazırda isə “Qarabağ” Futbol Klubunun U-16 komandasını çalışdıran Samir Musayevdir.
– Valideynlərinizin futbolçu olmağınıza münasibəti necə idi?
– Valideynlərim futbolçu olmağımı istəmirdi. Oxumağımı və başqa peşəyə yiyələnməyimi istəyirdilər, çünki o vaxtkı futbola baxanda bu sahədə uğur qazanmağın mümkünlüyünə inanmırdılar.
– Dediniz ki, valideynləriniz futbolçu olmağınızı istəmirdi. Onların məsləhətini dinləməməyiniz sonradan münasibətlərinizdə problem yaratmadı?
– Yox, heç bir problem yaratmadı. Sonradan onlar mənim istəyimlə razılaşdılar. Baxmayaraq ki, məktəbdə də yaxşı oxuyurdum.
– Ümumiyyətlə, bir qərar qəbul edəndə kiminləsə məsləhətləşirsiz, yoxsa təkbaşına qərar verirsiniz?
– Baxır söhbət nədən gedir. Bəzən təkbaşına qərar vermək, bəzən isə məsləhətləşmək lazım olur.
– Maraqlıdır, futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?
– Yenə də idmançı olardım. Futbola gelməmişdən qabaq iki il ərzində karate ilə məşğul olmuşdum. Hətta yarışlara da qatılırdım. Sonradan rəhmətlik Hüseyn müəllimin sayəsində futbola gəldim. Onun köməyi olmasaydı, bəlkə də indi başqa sahədə olardım.
– Bayaq dediniz ki, ailəniz futbolda uğur qazanmağın mümkünlüyünə inanmadığına görə seçimimlə razılaşmırdı. Maraqlıdır, ailə həyatı qurmağa hazırlaşanda gələcək həyat yoldaşınız necə, futbolçu ilə ailə qurmağa tərəddüd etmədi ki?
– Mən ailə quranda “Qarabağ”da forma geyirdim. Artıq müəyyən mənada uğurlar qazanmışdım. Bu səbəbdən problem olmadı. (gülür – T.M.)
– Sizcə, bir futbolçu üçün ailə həyatı qurmağın mənfi və müsbət cəhətləri hansılardır?
– Mənfi cəhəti odur ki, ailəyə vaxt ayırmaq imkanı az olur. Futbolçu adətən evdən kənarda olur ki, bu da birgə zaman keçirməyə mane olur. Müsbət cəhəti isə odur ki, evdə qazanılan pulları yığmağa adam olur. (gülür T.M.)
– Futbolçular daim diqqət mərkəzində olan insanlardır. Maraqlıdır, həyat yoldaşınızdan bu səbəbdən qısqanclıq hiss edirsinizmi?
– Yox, qısqanclıq hiss etməmişəm. Bəlkə də indi karyeramı davam etdirsəydim, qısqanclıq hiss edərdim, çünki indi futbola maraq əvvəlkindən daha artıqdır.
– Futbol adamları adətən evdən kənarda olur. İndinin özündə də sizdə vəziyyət fərqli deyil. Ailənizdən uzaqda olmaq sizin üçün hansı problemləri yaradır?
– Əslində, ciddi problem olduğunu demək olmaz. Başa düşürük ki, bu, bizim işimizdir və bu ayrılıq müvəqqətidir. Amma evdən kənarda olanda ailəm üçün darıxdığımı deyə bilərəm.
– Futbolçulardan kiminlə ailəvi münasibətləriniz var?
– Futbolçular bir az qapalı olurlar. Mənimlə eyni dövrdə oynayan futbolçular da belə xarakterə malik idilər. Bu səbəbdən demək olar ki, futbolçulardan heç biri ilə ailəvi münasibətimiz yoxdur.
– Futbolçu karyeranızla bağlı ən çox hansı məqama görə təəssüflənirsiniz?
– Məsələn, 2006-cı ildə “Qarabağ”dan ayrıldığıma və “Olimpik”lə çempionluğu son turda əldən verdiyimizə görə təəssüf hissi keçirirəm. Bundan başqa, indi futbola qoyulan sərmayə, yaradılan şəraitin mənim oynadığım dövrdə olmamasına təəssüflənirəm.
– Futbolçu həyatınızda yəqin elə hadisələr olub ki, indi də xatırlayanda gülməyə bilmirsiniz
– Belə hadisələr çox olub. Düzü, heç bilmirəm ki, hansını danışım. Maraqlı hadisələrdən biri “Qarabağ”da oynayanda yaşanmışdı. 2005/2006-cı illər mövsümündə ölkə kubokunun finalında “Karvan”la qarşılaşırdıq. Oyundan əvvəl Romal Hüseynova demişdim ki, əgər qalib gəlsək, sənin saçlarını meydanın düz ortasında kəsəcəm. Qarşılaşmadan əvvəl qayçını da hazırlamış və saxlaması üçün komandanın həkiminə vermişdim. Qarşılaşmanın sonlarında vurduğum qolla 2:1 hesabı ilə qələbə qazandıq. Amma mən Romalla şərtimizi unutmuşdum. Onun isə yadında imiş. Sən demə, bütün oyun ərzində bu haqda düşünürmüş. Bu üzdən də qarşılaşmadan sonra komandanın həkimindən qayçını alaraq qaçmışdı. Onu nə qədər qovsam da, tuta bilmədim. İndinin özündə də məndən qaçaqdır. (gülür T.M.) Ümumiyyətlə, Romal Hüseynov mənə futbol aləmində ən yaxın olan adamdır. Onunla bağlı da çox xatirələrim var. Biz ölkə kubokunu qazandığımız mövsüm UEFA kubokunda Moldova “Zimbru”su ilə qarşılaşırdıq. Mən Romalla eyni otaqda qalırdım. Həmin vaxt dörd gün bir otaqda qalsaq da, mən onu bircə dəfə gördüm. O da ki, oyundan bir gün qabaq. Romal həmin günlər ərzində ordakı qızlardan birinə nə demişdisə, bir də gördük ki, bir qız əlində Romalın böyüdülmüş şəkili ilə avtobusun qabağını kəsdi. Ağlayaraq Romaldan Moldovada qalmasını istəyirdi.
Söhbətləşdi: Tural Məmmədov