Nermine Abbasova

Qəhvə orqanizmi susuzlaşdırırmı?

Baxış sayı: 552

Qəhvə dünyanın ən çox istehlak olunan içkilərindən biridir. Bir çox insan gününə bir fincan qəhvə ilə başlayır, bəziləri isə gün ərzində bir neçə dəfə qəhvə qəbul edir. Buna baxmayaraq, qəhvə ilə bağlı uzun illərdir davam edən mübahisələrdən biri onun orqanizmdə susuzlaşmaya səbəb olub-olmamasıdır.

Qəhvənin tərkibində olan kofeinin sidikqovucu təsir göstərdiyi məlumdur. Məhz buna görə də bir çox insan qəhvə içdikdən sonra orqanizmin daha çox maye itirdiyini və nəticədə susuzlaşdığını düşünür. Lakin son illərdə aparılan elmi tədqiqatlar bu məsələyə daha aydınlıq gətirib.

Araşdırma çərçivəsində gündə 3-6 fincan qəhvə içən iştirakçılar iki qrupa bölünüb. Birinci qrup dörd gün ərzində həm qəhvə, həm də əlavə su qəbul edib, ikinci qrup isə yalnız qəhvə içib. Tədqiqat zamanı iştirakçıların qəbul etdikləri bütün qida və mayelər qeydə alınıb, sidik həcmi izlənilib və orqanizmdəki ümumi su miqdarı xüsusi üsullarla ölçülüb.

Nəticələr maraqlı olub. Alimlər gözləyirdilər ki, əlavə su qəbul edən qrupun orqanizmində maye miqdarı daha yüksək olacaq. Lakin əldə olunan nəticələr göstərib ki, hər iki qrup arasında bədəndəki ümumi su həcmi baxımından ciddi fərq yoxdur. Hətta iştirakçıların bədən çəkilərində də nəzərəçarpacaq dəyişiklik müşahidə edilməyib.

1

Bu nəticələr onu göstərir ki, qəhvənin sidikqovucu təsiri mövcud olsa da, gündəlik həyat şəraitində bu təsir insanların düşündüyü qədər güclü deyil. Xüsusilə qəhvəni müntəzəm şəkildə qəbul edən insanlarda orqanizm zamanla kofeinə uyğunlaşır və onun sidikqovucu təsiri əhəmiyyətli dərəcədə zəifləyir.

Əgər insan uzun müddət qəhvə qəbul etmədikdən sonra yenidən qəhvə içməyə başlayarsa, ilk günlərdə maye itkisi bir qədər arta bilər. Lakin orqanizm qısa müddətdə uyğunlaşır və su balansı yenidən normallaşır.

Maraqlı məqamlardan biri də qəhvənin tərkibidir. Bir fincan qəhvənin təxminən 98,5 faizi sudan ibarətdir. Qalan hissəni isə kofein, antioksidantlar və digər həll olmuş maddələr təşkil edir. Bu səbəbdən qəhvə qəbul edilən maye miqdarına daxil edilir və gündəlik maye balansının qorunmasına müəyyən dərəcədə töhfə verir.

Bununla belə, qəhvənin suyu tam əvəz edə biləcəyini düşünmək düzgün olmazdı. Su orqanizmdə qida maddələrinin daşınması, bədən temperaturunun tənzimlənməsi, hüceyrələrin fəaliyyəti və maddələr mübadiləsinin normal gedişi üçün həyati əhəmiyyət daşıyır. Buna görə də gündəlik kifayət qədər su qəbul etmək sağlam həyat tərzinin vacib hissəsi olaraq qalır.

Qəhvənin digər faydalı xüsusiyyətləri də mövcuddur. Tərkibindəki antioksidant maddələr hüceyrələri oksidləşdirici stressdən qorumağa kömək edir. Müəyyən araşdırmalar göstərir ki, normada qəbul edilən qəhvə diqqətin artırılmasına, yorğunluğun azalmasına və bəzi xroniki xəstəliklərin riskinin azalmasına müsbət təsir göstərə bilər. Lakin həddindən artıq qəhvə qəbulu ürəkdöyünmə, yuxusuzluq, əsəbilik və arterial təzyiqdə dəyişikliklərə səbəb ola bilər.

2

Sağlam yetkin insanlar üçün gün ərzində orta miqdarda qəhvə qəbulu əksər hallarda təhlükəsiz hesab olunur. Bununla yanaşı, hamilə qadınlar, ürək-damar xəstəlikləri olan şəxslər və kofeinə həssas insanlar qəhvə qəbulunu həkim tövsiyələrinə uyğun tənzimləməlidirlər.

Nəticə olaraq demək olar ki, qəhvə sevənlərin narahat olmasına əsas yoxdur. Elmi araşdırmalar göstərir ki, müntəzəm və normada qəbul edilən qəhvə orqanizmdə ciddi susuzlaşmaya səbəb olmur və gündəlik maye qəbulunun bir hissəsi kimi qiymətləndirilə bilər. Bununla belə, sağlamlıq üçün ən yaxşı seçim qəhvə ilə yanaşı kifayət qədər su içməyi də vərdiş halına gətirməkdir.

 

Nərminə Abbasova

Terapevt, ailə həkimi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir