İnsan həyatı boyunca müxtəlif itkilərlə qarşılaşır. Bəzən bu itkilər maddi xarakter daşısa da, ən ağır və dərin iz buraxan itkilər insanın sevdiyi şəxsləri itirməsi ilə bağlı olur. Həyat yoldaşının, valideynin, övladın və ya yaxın dostun itkisi yalnız bir insanın yoxluğu deyil, eyni zamanda onunla bağlı xatirələrin, gələcək planların, gündəlik vərdişlərin və emosional bağların da dəyişməsi deməkdir.
Psixologiyada yas prosesi insanın itkiyə verdiyi normal və təbii emosional reaksiya kimi qəbul edilir. Lakin cəmiyyətimizdə hələ də kədərin açıq şəkildə ifadə olunmasına bəzən zəiflik kimi baxılır. Nəticədə bir çox insan yaşadığı ağrını gizlətməyə, özünü güclü göstərməyə və normal həyatına davam etdiyini nümayiş etdirməyə çalışır.
Ətrafımızda daim gülümsəyən, işinə gedən, sosial tədbirlərdə iştirak edən, insanlarla ünsiyyət quran şəxslər görə bilərik. İlk baxışdan onların hər şeyin öhdəsindən gəldiyini düşünmək mümkündür. Lakin çox zaman həmin insanların daxilində ifadə olunmamış kədər, tənhalıq və dərin emosional ağrı yaşayır. İnsanlar ətrafdakıları narahat etməmək, ailələrinə əlavə yük olmamaq və ya güclü görünmək istədikləri üçün hisslərini gizlətməyə üstünlük verirlər.
Elmi araşdırmalar göstərir ki, emosiyaların uzun müddət boğulması psixoloji sağlamlığa mənfi təsir göstərə bilər. İfadə edilməyən kədər zamanla depressiya, təşviş pozuntuları, yuxu problemləri, diqqət dağınıqlığı, əsəbilik, motivasiya azalması və müxtəlif psixosomatik narahatlıqlar şəklində özünü göstərə bilər. Bəzən insanlar bu simptomların mənbəyinin yaşadıqları itki olduğunu dərk etmirlər və vəziyyəti sadəcə yorğunluq və ya stress kimi qiymətləndirirlər.

Xüsusilə həyat yoldaşını itirmiş şəxslərdə yas prosesi daha mürəkkəb xarakter daşıya bilər. Çünki insan yalnız sevdiyi birini deyil, eyni zamanda emosional dayağını, gündəlik həyatını paylaşdığı insanı, gələcəklə bağlı planlarının bir hissəsini və təhlükəsizlik hissini də itirmiş olur. Bu səbəbdən yaranan boşluq hissi bəzən uzun müddət davam edir və insanın həyatın müxtəlif sahələrinə uyğunlaşmasını çətinləşdirir.
Psixologiyada “təxirə salınmış yas reaksiyası” anlayışı mövcuddur. Bu vəziyyətdə insan ilk dövrlərdə özünü güclü göstərir, ağrısını ifadə etmir və sanki hər şey qaydasındadırmış kimi davranır. Lakin zaman keçdikcə ifadə olunmamış duyğular daha güclü formada üzə çıxaraq emosional çətinliklər yarada bilir. Çünki duyğuların inkar edilməsi onların yox olması demək deyil.
Sağlam yas prosesi insanın öz hisslərini qəbul etməsi, onları yaşamasına icazə verməsi və ehtiyac olduqda dəstək alması ilə xarakterizə olunur. Bu dəstək ailədən, dostlardan və ya peşəkar mütəxəssislərdən gələ bilər. Psixoloqa müraciət etmək zəiflik deyil, əksinə, insanın öz emosional sağlamlığına məsuliyyətlə yanaşmasının göstəricisidir. Psixoloji dəstək insanın itki ilə bağlı hisslərini anlamasına, onları ifadə etməsinə və yeni həyat şəraitinə daha sağlam şəkildə uyğunlaşmasına kömək edir.
Təəssüf ki, cəmiyyətimizdə hələ də psixoloji yardım almaqla bağlı müəyyən stereotiplər qalmaqdadır. Halbuki fiziki ağrı zamanı həkimə müraciət etdiyimiz kimi, emosional ağrılar zamanı da peşəkar dəstəyə ehtiyac duymaq tamamilə normaldır. Hər bir insanın yas yaşama forması fərqlidir və heç kim öz ağrısını təkbaşına daşımağa məcbur deyil.
Yaxınını itirmiş insanlardan hər zaman güclü görünmələrini gözləmək doğru yanaşma deyil. Bəzən ən çox gülümsəyən insanlar daxilən ən ağır mübarizəni aparan şəxslər olurlar. Belə insanlara verilə biləcək ən dəyərli dəstək onların hisslərini mühakimə olunmadan ifadə edə biləcəkləri təhlükəsiz bir mühit yaratmaqdır.

Unutmamalıyıq ki, sağalma kədəri gizlətməklə deyil, onu qəbul edib yaşamaqla başlayır. İnsan öz ağrısını anladıqca, paylaşdıqca və ona mənalı şəkildə yanaşdıqca itkinin yaratdığı yaralarla daha sağlam yaşamağı öyrənir. Kədər yox olmaya bilər, lakin zamanla həyatın bir hissəsinə çevrilərək insanın yaşantısında daha fərqli bir yer tutmağa başlayır.
Psixoloq M. Almara Ağaqızı
PRİM – Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinin direktoru
(Psixoloqla əlaqə saxlamaq istəyənlər Bakı şəhəri, Zahid Xəlilov 48A, Elmlər m/st yaxınlığında yerləşən “PRİM” Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinə müraciət edə və ya 050 777 80 04 mobil nömrəsi ilə birbaşa Almara Ağaqızı ilə əlaqə saxlaya bilərlər. Həmçinin @almara.melikova.aga_qizi instagram səhifəsi vasitəsi ilə də Almara xanımla kontakt yarada bilərlər.)












































































































































































Acigi, bu yazida ozumu gordum. Cox vaxt insan gulur ama daxilinde neler yasadigini hec kim bilmir.