İsti yay günlərində həm yüngül, həm də faydalı yeməklərə üstünlük verənlər üçün soyuq çuğundur şorbası əla seçimdir. Parlaq rəngi, təravətli dadı və zəngin qida dəyəri ilə seçilən bu şorba bir çox ölkənin yay mətbəxində sevilərək hazırlanır.
“Gencaile.az“ saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə sizə ev şəraitində asanlıqla hazırlaya biləcəyiniz soyuq çuğundur şorbasının reseptini təqdim edirik.
Lazım olan ərzaqlar
2 ədəd orta ölçülü çuğundur
2 ədəd xiyar
500 ml kefir və ya qatıq
150 ml soyuq su (istəyə görə mineral su da istifadə oluna bilər)
2 ədəd qaynadılmış yumurta
Bir dəstə şüyüd
Bir neçə budaq yaşıl soğan
Duz
Qara istiot
1 çay qaşığı limon suyu (istəyə görə)

Hazırlanma qaydası
Əvvəlcə çuğunduru yaxşı yuyun və qabığı ilə birlikdə bişirin. Tam soyuduqdan sonra qabığını soyaraq iri sürtgəcdən keçirin və ya nazik zolaqlar şəklində doğrayın.
Xiyarları xırda kub formasında doğrayın. Şüyüd və yaşıl soğanı da incə şəkildə doğrayın.
Dərin qabda kefiri (və ya qatığı) soyuq su ilə qarışdırın. Üzərinə doğranmış çuğundur, xiyar və göyərtiləri əlavə edin. Duz, qara istiot və istəyə görə limon suyunu əlavə edib yaxşıca qarışdırın.
Şorbanı ən azı 1 saat soyuducuda saxlayın ki, bütün dadlar bir-birinə qarışsın və daha təravətli olsun.
Süfrəyə verərkən hər porsiyanın üzərinə yarıya bölünmüş qaynadılmış yumurta qoyun. İstəyə görə əlavə şüyüd və bir neçə buz kubu ilə təqdim edə bilərsiniz.
Hazırladı: Məsudə Sultan











































































































































































