Yay aylarında isti hava səbəbindən iştahanın azalması, payız gəldikcə isə daha tez-tez acmaq bir çox insanın müşahidə etdiyi dəyişikliklərdəndir. Havalar soyuduqca isti çay, şirniyyat, xəmir yeməkləri və daha kalorili qidalara meylin artması xüsusilə nəzərə çarpır. Bəs bunun səbəbi nədir? Soyuq hava həqiqətən orqanizmin daha çox enerjiyə ehtiyac yaratmasına səbəb olur, yoxsa bu, sadəcə mövsümi vərdişdir?
İnsan orqanizmi bədən temperaturunu sabit saxlamaq üçün daim enerji sərf edir. Temperatur aşağı düşdükdə bədənin istilik balansını qoruma mexanizmləri daha aktiv işləyə bilər. Araşdırmalar soyuq mühitin enerji sərfiyyatına müəyyən qədər təsir göstərə bildiyini, bəzi hallarda isə qida qəbulunun da artdığını göstərir. Lakin bu təsir hər insanda eyni səviyyədə olmur.
Soyuq hava niyə iştahanı artıra bilər?
Havanın temperaturu qidalanma davranışına təsir edən amillərdən biridir. Soyuq mühitdə orqanizm istilik yaratmaq üçün əlavə enerji sərf edə bilər. Bununla yanaşı, iştahanın tənzimlənməsində iştirak edən bəzi hormonal mexanizmlər də temperatur dəyişikliklərindən təsirlənə bilər. Məsələn, aparılan araşdırmalarda soyuq məruz qalmanın iştaha ilə əlaqəli qrelin hormonunun səviyyəsinə təsir göstərə bildiyi qeyd olunur.
Ancaq burada vacib bir məqam var: “Hava soyudu, deməli daha çox kalori qəbul etməliyəm” düşüncəsi doğru yanaşma deyil.
Müasir həyat şəraitində insanların çox vaxt isti evlərdə, ofislərdə və avtomobillərdə olması orqanizmin soyuğa məruz qalmasını məhdudlaşdırır. Buna görə də havanın bir qədər soyuması avtomatik olaraq insanın enerji ehtiyacının kəskin artması demək deyil.
Bəzən problem aclıq yox, vərdişdir
Payız və qış aylarında daha çox yeməyimizin səbəbi yalnız fizioloji proseslər olmaya bilər. Günlərin qısalması, fiziki aktivliyin azalması, evdə daha çox vaxt keçirmək və isti, kalorili qidaların əlçatan olması da qidalanma davranışına təsir edir.
Məsələn, yayda insan daha çox hərəkət edir, açıq havada vaxt keçirir, salat, meyvə və yüngül qidalara üstünlük verir. Payızda isə hərəkət azalır və çay süfrəsində peçenye, şokolad, şirniyyat kimi məhsulların miqdarı arta bilər.
Mövsümi qidalanma ilə bağlı araşdırmalar da qida qəbulu və seçiminin fəsillərə görə dəyişə bildiyini göstərir. Bununla belə, nəticələr bütün ölkələr və bütün insanlar üçün eyni deyil.
Niyə məhz şirniyyat və xəmir yeməkləri istəyirik?
Soyuq havalarda bir çox insanın “isti və rahatladıcı” qidalara üstünlük verdiyini görürük. Şirin və yüksək kalorili qidalar qısa müddətdə enerji və toxluq hissi yarada bilər. Stress, yorğunluq və əhval dəyişiklikləri də belə qidalara meyli artıra bilər. Mövsüm dəyişiklikləri ilə emosional vəziyyət və qidalanma davranışı arasında əlaqənin ola biləcəyi elmi ədəbiyyatda da müzakirə olunur.
Lakin burada əsas məsələ qidanı tamamilə qadağan etmək deyil. Əsas məqsəd gündəlik rasionu elə qurmaqdır ki, insan uzun müddət tox qalsın və tez-tez qəlyanaltıya ehtiyac duymasın.
Payızda nə yeyək ki, tez-tez acmayaq?
Payız aylarında menyuda zülal, lif və faydalı yağ mənbələrinə yer vermək vacibdir. Yumurta, balıq, toyuq, ət, paxlalılar, qatıq və digər süd məhsulları ilə yanaşı, mövsümi tərəvəzlər, meyvələr, tam taxıllı məhsullar və qoz-fındıq rasionu daha balanslı etməyə kömək edə bilər.
Məsələn, səhər yalnız şirin çay və bulka ilə kifayətlənmək əvəzinə yumurta, pendir, tərəvəz və tam taxıllı çörəkdən ibarət səhər yeməyi daha uzunmüddətli toxluq təmin edə bilər.
Gün ərzində kifayət qədər su içmək də unudulmamalıdır. Havalar soyuduqda susuzluq hissi yay aylarındakı qədər güclü olmaya bilər və insan su içməyi azalda bilər.

İsti yemək yemək istəyirsinizsə…
Payızın sərin günlərində isti şorba və tərəvəz yeməkləri yaxşı seçim ola bilər. Amma “isti yemək” mütləq “çox kalorili yemək” demək deyil.
Tərəvəzlə hazırlanmış şorbalar, mərci şorbası, tərəvəzli yeməklər, yağ miqdarı nəzarətdə saxlanılan ət və toyuq yeməkləri həm isti qida ehtiyacını qarşılaya, həm də gündəlik rasionun balansını qoruya bilər.
Əsas diqqət edilməli məqam porsiyadır. Soyuq hava bəhanəsi ilə gün ərzində ehtiyacdan artıq yemək zamanla çəki artımına gətirib çıxara bilər.
Uşaqlarda da eyni qayda keçərlidirmi?
Uşaqların qidalanmasına daha diqqətlə yanaşmaq lazımdır. Onların enerji və qida maddələrinə olan ehtiyacı yaşına, böyümə mərhələsinə və fiziki aktivliyinə görə dəyişir. Buna görə uşağın daha çox yemək istəməsi yalnız havanın soyuması ilə izah edilməməlidir.
Payızda uşağın menyusunda tərəvəz, meyvə, zülal mənbələri, süd məhsulları və tam taxıllı qidaların müxtəlifliyi qorunmalıdır. Məktəbə gedən uşaqlarda isə səhər yeməyinin və gün ərzində sağlam qəlyanaltının olması xüsusilə əhəmiyyətlidir.
Soyuq hava kökəlməyə bəhanə olmamalıdır
Payızda iştahanın müəyyən qədər dəyişməsi normal ola bilər. Lakin çəki artımının qarşısını almaq üçün qidalanma ilə yanaşı, fiziki aktivliyi də qorumaq lazımdır.
Hava sərinləşdi deyə hərəkəti tamamilə dayandırmaq düzgün deyil. Gəzinti, evdə fiziki aktivlik, idman və gündəlik hərəkətlilik enerji balansının qorunmasına kömək edir.
Əslində, mövsüm dəyişdikcə əsas məqsəd daha az və ya daha çox yemək deyil, orqanizmin ehtiyacına uyğun, balanslı qidalanmaqdır.
Soyuq havalarda iştahanızın artdığını hiss edirsinizsə, ilk növbədə bunun həqiqi aclıq, yoxsa vərdiş, stress, yorğunluq və ya sadəcə isti qida istəyindən qaynaqlandığını müəyyən etməyə çalışın. Rasionda zülal və liflə zəngin qidaları artırmaq, şirin və yüksək kalorili qəlyanaltıları nəzarətdə saxlamaq, kifayət qədər su içmək və fiziki aktivliyi davam etdirmək payız aylarında qidalanma balansını qorumağa kömək edə bilər.
Dr. Rəna Bayramova
Pediatr, Uşaq Kardioloqu, Ailə həkimi, Kliniki Dietoloq
Misir və Rusiya Dietoloqlar Assosiasiyasının üzvü











































































































































































