aile

Ailədxili münaqişələr mediasiya yolu ilə həll oluna bilərmi?

Baxış sayı: 172

Ötən gün Milli Məclisin iclasında nikah müqaviləsi və onun məzmununa dəyişiklik edilib. Dəyişikliyə əsasən, artıq boşanmaq istəyənlər birbaşa məhkəməyə müraciət etməyəcəklər. İclasda üçüncü oxunuşda müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, nikah müqaviləsinə mediasiyaya dair şərtlər daxil edilib. Layihəyə əsasən, bundan sonra ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Beləliklə, ailə münasibətlərindən irəli gələn münasibətlərlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

Qeyd edək ki,  Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 12-ci bəndlərinə uyğun olaraq, mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimlənir. Həmçinin mülki işlər və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla); ailə münasibətlərindən irəli gələn mübahisələr; əmək münasibətlərindən irəli gələn mübahisələr; inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr mediasiyanın fəaliyyət sahəsinə daxil ediləcək. Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

aile davasi

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova yenin qanun layihəsindən danışarkən qeyd etdi ki, ailə münasibətlərindən irəli gələn münasibətlərlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasının aparılması çox təqdirəlayiq haldır:

“Fikrimcə, yaxşı olardı ki, gənclərlə ilk olaraq evlilikdən öncə söhbətlər aparılsın. Düzdür, bizim təşkilat daim ailə quracaq gənclərlə söhbətlər aparır. Lakin onlarla nə qədər söhbət eləsək də, bunun bir o qədər də effekti olmur. Çünki onlar artıq başlarına evlənməyi məqsəd qoyublar. Burada bizim əsas məqsədimiz nədir? Biz çalışırıq ki, söhbətlər aparaq ki, ailələr maddiyyat üzərində qurulmasın. Əsas məqsədimiz odur ki, gənclər daha yaxından biri-birlərini tanısınlar, həmçinin valideyn basqısı olmadan ailə həyatı qursunlar. Yəni gələcəkdə ailələri dayanıqlı olsun. Təbii ki, bununla bağlı bizim qurum tərəfindən dəfələrlə maarifləndirmə işləri aparılır və bir sıra layihələr həyata keçirilir. Amma çox təəssüf ki, yenə də boşanmalar müşahidə olunur”.

AILE

G.Səfərova diqqətə çatdırır ki, məhkəmələrdə psixoloji mərkəzlərin yaradılması daha məqsədəuyğundur: “Qeyd edim ki, məhkəmələrə boşanmağa gedən şəxslərə üç ay vaxt verilir. Lakin bu müddət ərzində gənclərlə heç bir söhbət aparılmır. Çox istərdim ki, məhkəmələrin özündə psixoloq ayrılsın, yaxud da ki, onlar qeyri-hökumət təşkilatlarıyla əməkdaşlıq etsinlər. Düşünürəm ki, bu işin o zaman böyük effekti olar. Nə üçün? Çünki üç ay müddətində ola bilər ki, kimsə özbaşına gedib boşanmaya ərizə verib. Müəyyən bir müddət keçəndən sonra həmin şəxslərlə söhbət aparılmır. Bunun nəticəsində sonda onlar biri-birlərinə güzəştə getmir. Bir-birindən addım atmağı gözləyirlər, amma bu addım da atılmır. Heç biri addım atmadığı üçün qürurlarına yenilmirlər və boşanırlar. Bəlkə də onlarla söhbət aparılmış olsa və yaxud da psixoloji yardım göstərilmiş olsaydı, onun çox böyük effekti olmuş olardı və boşanmanın qarşısı alınardı. Ona görə də bu yeni qanunu alqışlayıram. Hesab edirəm ki, insanlar məhkəməyə ərizə verməmişdən öncə onlarla müəyyən danışıqlar aparılmalıdır. Təbii ki, bununla da gələcəkdə boşanmaların qarşısı alınar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir