KONDISIONER

İstilər gəlir - kondisionerin görünməyən təhlükələri

Baxış sayı: 509

Yay aylarında havaların kəskin istiləşməsi ilə birlikdə kondisionerlər evlərdə, ofislərdə, ticarət mərkəzlərində və demək olar ki, bütün qapalı məkanlarda ən çox istifadə olunan cihazlardan birinə çevrilir. Bir çox insan üçün bu avadanlıq istidən qorunmağın və rahat iş-güzar şərait yaratmağın əsas vasitəsidir. Lakin kondisionerlərin geniş yayılması ilə paralel olaraq onların sağlamlığa təsiri ilə bağlı müzakirələr də səngimir. Bəziləri kondisionerin düzgün istifadə olunduğu təqdirdə təhlükəsiz olduğunu desə də, digərləri bu cihazların müxtəlif tənəffüs yolu xəstəliklərinə, allergiyalara, hətta ağciyər problemlərinə səbəb olduğunu iddia edir.

Xüsusilə yay mövsümündə “kondisioner vurdu”, “soyuqladı”, “ağciyərinə su yığıldı” kimi ifadələrə tez-tez rast gəlinir. Bu isə cəmiyyətdə haqlı olaraq bir sıra suallar doğurur: Kondisioner həqiqətənmi ağır xəstəliklər yarada bilər? Onun pnevmoniya və digər tənəffüs sistemi xəstəliklərinin yaranmasında rolu varmı? İnsan sağlamlığı üçün təhlükə mənbəyi olan cihazın özü, yoxsa ondan düzgün istifadə edilməməsidir?

Xərçəng xəstələrində ağrıları azaldan yeni metodlar BAKIDA– Alqoloq Zülfüqar Yusifov

Mövzu ilə bağlı Bakı Ağrı Klinikasının baş həkimi, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifovun  sözlərinə görə,  yay mövsümündə,  soyuqlama, günvurma və digər sağlamlıq problemlərinə kifayət qədər tez-tez rast gəlinir: “Bu, həm iqlim şəraitinin dəyişməsi, həm də havaların həddindən artıq isti keçməsi ilə bağlıdır. Təbii ki, insanlar da bu istilərdən qorunmaq üçün müxtəlif vasitələrə əl atırlar. Əvvəllər rayon və kənd yerlərində insanlar əsasən evə çəkilər, kölgəlik yerlərdə dincələrdilər. Lakin artıq meqapolislərdə həyat tərzi, gündəlik iş şəraiti və yaşayış mühiti elə dəyişib ki, kondisionerlərdən istifadəyə daha çox müraciət olunur və insanlar buna xeyli dərəcədə alışıb. Niyə “alışmışıq”? Çünki Avropanın bir çox ölkələrində bu gün də evlərdə və mənzillərdə kondisionerdən geniş istifadə olunmur. Bu, bir tərəfdən həmin ölkələrdə havaların nisbətən mülayim və ya sərin keçməsi ilə bağlıdırsa, digər tərəfdən də insanların belə bir vərdiş formalaşdırmaması ilə əlaqədardır. Ancaq artıq görürük ki, iqlim dəyişiklikləri fonunda bir sıra Avropa ölkələrində də kondisionerlərin tətbiqinə maraq artır və bu istiqamətdə addımlar atılır. Bu barədə televiziya və digər media vasitələrində də tez-tez məlumatlar yayılır”.

 

Z.Yusifov kondisionerin zərərlərindən də danışdı: 

“Əsas problem davamlı olaraq kondisionerin altında oturmaqla bağlıdır. Birbaşa soyuq hava axınının, xüsusilə də güclü və küləkli hava axınının altında qalmaq ilk növbədə dayaq-hərəkət sistemi üçün zərərlidir. Xüsusən revmatoloji problemləri olan insanlarda, eləcə də bel, boyun və baş ağrılarından əziyyət çəkən şəxslərdə bu hallar daha qabarıq şəkildə özünü göstərə bilər. Bundan başqa, orqanizmdə hər hansı iltihabi proses mövcuddursa, məsələn, tənəffüs sisteminin və ya böyrəklərin xroniki xəstəlikləri varsa, davamlı şəkildə soyuq hava axınına məruz qalmaq həmin problemlərin aktivləşməsinə və kəskinləşməsinə səbəb ola bilər. Bu baxımdan kondisionerdən istifadə zamanı temperaturun düzgün seçilməsi, cihazın otaqda düzgün yerləşdirilməsi və birbaşa insanın üzərinə hava vurmasının qarşısının alınması olduqca vacibdir”.

Kondisionerlə qorxulu xəstəlik yayılır - Mütəxəssislər ehtiyat təbili çalır

Mütəxəssis qeyd edir ki, kondisionerin hansı rejimdə işləməsi də böyük əhəmiyyət daşıyır: “Biz öz tibbi praktikamızda da belə hallarla tez-tez rastlaşırıq. Xüsusilə kondisionerin altında yatan insanlar arasında müxtəlif şikayətlər daha çox müşahidə olunur. Məsələn, elə insanlar var ki, gecə yatarkən kondisioneri 16-17-18 dərəcə kimi çox aşağı temperaturlara tənzimləyirlər. Nəticədə səhər oyandıqda şiddətli bel və boyun ağrılarından əziyyət çəkirlər, hətta bəzən hərəkət etməkdə çətinlik çəkirlər. Təbii ki, belə istifadə forması düzgün deyil və yolverilməz hesab olunur. Digər mühüm məqamlardan biri də odur ki, tərli vəziyyətdə və ya ağır fiziki fəaliyyətdən dərhal sonra birbaşa kondisionerin qarşısında oturmaq sağlamlıq üçün ciddi risk yarada bilər. İlk anda insana rahatlıq gətirsə də, bu, orqanizm üçün faydalı deyil və müxtəlif problemlərin yaranmasına səbəb ola bilər”.

Həkimin fikrincə, kondisionerlərin digər bir mənfi cəhəti isə hava dövranı ilə bağlıdır: “Kondisioner otaqdakı havanı öz daxilindən keçirərək dövriyyəyə buraxır. Bu zaman havada olan müxtəlif toz hissəcikləri, mikroorqanizmlər və digər zərərli maddələr də cihazın filtr sisteminə toplanır. Kondisionerin keyfiyyətindən və filtrasiya sistemindən asılı olaraq bu proses fərqli nəticələr verə bilər. Məhz buna görə də kondisionerlərin mütəmadi olaraq, xüsusi mütəxəssislər tərəfindən təmizlənməsi vacibdir. Əks halda, cihazın daxilində toplanan bakteriyalar, göbələklər və digər mikroorqanizmlər yenidən otağın havasına yayıla bilər. Bu isə xüsusilə allergiyası, astması və ya tənəffüs sistemi problemləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yarada və müxtəlif xəstəliklərin ortaya çıxmasına səbəb ola bilər”.

 

Xalidə Gəray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir