“Dırnaq batması gündəlik həyatda tez-tez rast gəlinən və dözülməz ağrılarla müşahidə olunan xəstəlikdir. Xəstəliyə daha çox ayaq, xüsusilə də baş barmaq dırnağında rast gəlinir. Beləki dırnağın kənarları dırnaq yatağının içərisinə doğru inkişaf edir, ətrafdakı yumşaq toxumalarda iltihabi prosesə səbəb olur. Tibbdə bunu onixokriptoz adlandırırlar”.
Mövzu ilə bağlı oxucularımızı MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova məlumatlandırıb.
Dırnaq xəstəlikləri arasında ən geniş yayılanı göbələk olduğunu deyən ailə həkiminin sözlərinə görə, bu xəstəlik həyat keyfiyyətini ciddi şəkildə pozan yoluxucu infeksiyadır. Onun sözlərinə görə, ən çox əl və ya ayaq dırnaqlarında göbələk infeksiyalarının müalicəsi kifayət qədər uzun müddət çəkə və güclü dərmanların istifadəsini tələb edə bilər. Bunlardan bəziləri dırnaqlara sürtülür, bəziləri isə həb kimi qəbul edilir. Dırnaq göbələklərinin müalicəsinə həkimə müraciət etmədən başlamaq çox təhlükəli ola bilər.
Həkim bildirdi ki, onixokriptoz irsi, düzgün seçilməyən ayaqqabı, göbələk infeksiyası, ayaqların çox tərləməsi, travma, dırnağın düzgün kəsilməməsi səbəbindən yarana bilər. Ailə həkiminin sözlərinə görə, dırnaq batması özünü birdən-birə büruzə vermir:
“İlk vaxtlar həmin nahiyədə həssaslıq və yüngül qızartı müşahidə olunur. Xüsusilə dar ayaqqabı geyinəndə və uzun müddət ayaq üstə duranda ağrılar yaranır və artır. Proses dərinləşdikcə ətraf toxumalar iltihablaşır. Barmaq uclarında, xüsusilə dırnaq ətrafında sinir ucluqları olduqca çoxdur. Yaranan iltihabi proses zamanı zədələnən sinirlər xəstədə dözülməz ağrılara səbəb olur. Ətraf toxumalar qızarır, ödemləşir, dırnağın altından irin xaric olur. Dırnağı batan barmaq ümumilikdə göyümtül-qırmızı rəng alır, şişkinləşir, ölçüləri böyüyür. Proses dərinləşdikcə sakitlik zamanı da ağrılar müşahidə olunur. Dırnağın ətrafında iltihablaşmış yumşaq toxumalar böyüyür, davamlı qıcıqlanam nəticəsində yara əmələ gəlir. Əmələ gələn qranulyasion toxuma qırmızı ətəbənzər kütlə şəklində dırnaq kənarından çıxır və öz növbəsində dırnağa təzyiq edərək prosesi dərinləşdirir, hətta yüngül toxunma da xəstədə şiddətli ağrılara səbəb olur. Davamlı iltihabi proses nəticəsində dırnaq parlaqlığını itirir, kənarları qalınlaşır və təbəqə şəklində soyulur”.
Nərminə xanım qeyd etdi ki, iltihabi prosesin uzun müddət davam etməsi şəkərli diabet və obliterasiyaedici endartriti olan xəstələrdə daha təhlükəlidir. Çünki proses ayaq pəncəsinin fleqmona və qanqrenası ilə nəticələnə bilər. Həkim deyir ki, bu baxımdan həmin xəstələr dırnaq kəsərkən və ayaqqabı seçərkən çox diqqətli və ehtiyatlı olmalıdırlar.
Həkim-terapevt dırnağı rahat kəsmək üçün bir sıra üsullar da məsləhət görüb:
“İsti suya 1 xörək qaşığı çay sodası əlavə olunaraq ayaqlar 20 dəqiqə vanna ediləndə dırnaq yumşalır, kəsmək və üzərində işləmək daha rahat olur. Yaxud əzvay yarpağı kəsilir, nazik təbəqə şəklində üst qabığı soyulur, xırdalanaraq əzilir və üzərinə azca isti su əlavə edilərək qarışdırılır. Alınan kütlə zədəli nahiyəyə qoyulur, üzəri strec sellofanla bağlanılaraq 1 gün saxlanılır.
Eyni zamanda, əzvay yarpağı ortadan kəsilir, içəri tərəfi yaranın üzərində olmaqla zədə nahiyəsinə qoyulur, üstü bağlanılaraq bir gecə saxlanılır. Soğandan istifadə etməklə də dırnaq batmasının qarşısını almaq olar. Soğan soyularaq ətçəkən maşından keçirilir, üzərinə 1 xörək qaşığı bal əlavə edilərək qarışdırılır. Zədə nahiyəsi sodalı su ilə təmizlənəndən sonra hazırlanan kütlə yaranın üzərinə qoyulur. Üzərinə rezin barmaqcıq keçirilərək 1 sutka saxlanılır”.
Ailə həkimi bildirdi ki, onikomikoz, müalicə edilmədikdə, dırnaqların qalıcı zədələnməsinə və infeksiyanın yayılmasına səbəb ola bilər. Onun sözlərinə görə, erkən müalicə simptomları aradan qaldırmağa və infeksiyanın yayılmasının qarşısını almağa kömək edə bilər. Bundan əlavə, yoluxmuş insanların gigiyena qaydalarına riayət etmələri və infeksiyanın başqalarına yayılmasının qarşısını almaq üçün tədbirlər görmələri vacibdir.
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)