kr

Rasim Kara: “Hər getdiyim yerə ailəmi də apara bilməzdim” – MÜSAHİBƏ

Baxış sayı: 2. 096

“Gencaile.az” saytının “Ailədən danış” rubrikasının budəfəki qonağı  Türkiyənin tanınmış futnol adamlarından olan, “Beşiktaş”ın həm futbolçusu, həm də baş məşqçisi olmuş, eləcə də Türkiyə milli komandasında Fatih Terimin köməkçisi postunu tutmuş, ölkəmizdə isə “Xəzər Lənkəran” və “Qarabağ”ı çalışdıran Rasim Karadır.

 

– Futbolçu olmağınıza valideynlərinizin münasibəti necə olmuşdu?

– Ailəm mənə güvənirdi. Bu səbəbdən də dəstək olmuşdular. Daha doğrusu, valideynlərim futboldan o qədər də çox anlamadıqları üçün işimə qarışmamışdılar.

– Futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?

– Hazırda Anadolu Universiteti adlanan universiteti bitirmişəm. Yəqin ki, futbolçu olmasaydım, ixtisasıma uyğun bir işdə çalışardım.

– Sizcə, bir futbolçu üçün ailə həyatı qurmağın mənfi və müsbət tərəfləri hansılardır?

– Şübhəsiz ki, evli insanın həyatı daha nizamlı olur. Ancaq təbii ki, hər kəsin xoşbəxt olacağı, özünə uyğun həyat yoldaşı tapması da əsas şərtlərdəndir.

-Futbol adamları adətən evindən uzaqda olur. Belə məqamlarda ən çox hansı çətinliklərlə üzləşirdiniz?

– Bilirsiniz, mən ailə həyatı quranda dövlət məmuru deyildim. Yəni gündəlik işim tezdən işə getmək və axşam evə qayıtmaqdan ibarət deyildi. Gündəlik məşqlər, oyunlar və təlim-məşq prosesləri üzündən evdə az olurdum. Məşqçi kimi fəaliyyətə başladıqdan sonra da bu baxımdan çox şey dəyişmədi. Sözsüz ki, hər getdiyim yerə ailəmi də apara bilməzdim. Ancaq hamı anlayırdı ki, mən bütün bunları ailəmin gələcəyi üçün edirəm. Belə məqamlarda üzləşdiyim əsas problem isə ailəm üçün darıxmağım idi.

Image result for rasim kara

– İdman aləmində olanlar daim diqqət mərkəzində olan insanlardır. Maraqlıdır, həyat yoldaşınızdan bu səbəbdən qısqanclıq hiss edirdinizmi?

– Həyat yoldaşım ifrat dərəcədə olmasa da, məni qısqanırdı. Ancaq məncə, bunu normal qarşılamaq lazımdır.

– Məşqçi kimi ölkəmizdə də çalışmısınız. Sizcə, türk və Azərbaycan ailələri arasında hansı oxşar və fərqli cəhətlər var?

– Türkiyə və Azərbaycan dini, irqi, adət-ənənə baxımından eyni kökə malikdir. Hər halda, bir millət, iki dövlət deyimi təsadüfən səslənməyib. İki xalqın bir-birinə bu qədər yaxın olması ailələrdə də bənzərliklərin olmasına zəmin yaradır. Bu səbəbdən özümü Azərbaycanda Türkiyədəki kimi hiss edirdim.

– Futbolçu karyeranızda qapıçı olmusunuz. Necə düşünürsünüz, qapını qorumaq asandır, yoxsa ailəni?

– Hər ikisində inam və fədakarlıq etmək bacarığının olması vacibdir. Bunlar olmadan nə qapını, nə də ailəni qorumaq mümkündür.

–  Özünüzün edə bilmədiyiniz elə bir şey varmı ki, onu övladınızın etməsini istərdiniz?

– Allaha çox şükür ki, həyatda istədiklərimə nail olmuşam. Əsas hədəflərimdən biri cəmiyyətə yararlı övladlar böyütmək idi ki, məncə, bunu da bacarmışam.

– Hansı tanınmış futbol adamları ilə ailəvi dostluq münasibətləriniz var?

– Sözün açığı, indiki şəraitdə İstanbulda ailəvi şəkildə bir araya gəlmək bir qədər çətindir, ancaq ailəvi dostluq münasibətlərimizin olduğu məşqçilər var.

KR– Bir qərar qəbul edəndə kiminləsə məsləhətləşirsiz, yoxsa təkbaşına qərar verirsiniz?

– Hər hansı bir qərar qəbul edəndə mütləq şəkildə ailəmlə məsləhətləşirəm. Yaxınlarımla fikir mübadiləsindən sonra yekun qərarımı verirəm.

– Futbolçu həyatınızda yəqin elə hadisələr olub ki, indi də xatırlayanda gülməyə bilmirsiniz.

– “Beşiktaş”da çıxış edəndə yaşanmış maraqlı hadisələrdən birini danışa bilərəm. Çempionat matçlarından birində adını açıqlamaq istəmədiyim komanda yoldaşlarımdan biri zədəli idi. Baş məşqçimiz vacib qarşılaşmada ona şans vermək istəsə də, onun zədəsi tam oynamasına mane olurdu. Bu üzdən həmin oyunçu oyuna ən yaxşı halda sonradan qoşula bilərdi. Qarşılaşmanın sonuna 10 dəqiqə qalmış hesab 2:2 idi və bu nəticə bizi qane etmədiyindən baş məşqçi zədəli komanda yoldaşımızı meydana buraxmağa qərar verdi. Komandanın həkiminə isə oyunçunun ayağını sarımasını tapşırdı. Bir neçə dəqiqə sonra hakim dəyişikliyə icazə verdi. Məhz o anda oyunçunun ayağındakı sarğının zədəli olan ayağında olmadığı məlum oldu. Onu dəyişmək isə bir qədər də vaxt aldı. Komandanın həkiminin xətası bizim planlarımızı pozmuşdu.

 

Söhbətləşdi: Tural Məmmədov

Bursa, Türkiyə

Image result for fatih terim yardımcısı rasim kara

Image result for rasim kara

Image result for rasim kara xəzər lənkəran

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir