mektebli

Əgər köynək ağ, yubka, şalvar qaradırsa, bunun nəyi saxtadır?! Məktəbli geyimləri ətrafında MÜƏMMA

Baxış sayı: 163

Hər il dərs ilinin başlamasına az müddət qalmış məktəbli geyimləri gündəmə gəlir. Qiymətlərdən tutmuş məhsulun keyfiyyət məsələsi aktual olur. Bu il də istisna deyil. Hər il olduğu kimi bu il də gündəmdə olan məsələ saxta məktəbli geyimlərinin aşkar olunması ilə bağlıdır. 

Bu yaxınlarda  Bakı və Sumqayıt şəhərlərində saxta məktəbli geyimləri aşkar edilib. 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı mətbuata açıqlamasında deyib ki, komitə tərəfindən “Bakı Tikiş Evi” ASC-nin rəsmi müraciəti əsasında Bakı və Sumqayıt şəhərlərində məktəbli geyimlərinin satışının vəziyyəti araşdırılıb. Müəyyən olunub ki, istehlak bazarında bir sahibkara məxsus əmtəə nişanınından digəri (və ya digərləri) qanunsuz istifadə etməklə mənşəyi məlum olmayan parçalardan hazırlanan məktəbli geyimlərinin satışını həyata keçirib.

Amma alıcıların çoxu heç də elə düşünmür. Məsələn, əgər köynək ağdırsa, yubka, ya da şalvar qaradırsa, bunun nəyi saxtadır?! “Bakı Tikiş Evi”nin məhsulları olmasın, başqası olsun, fərqi varmı?

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məsələyə aydınlıq gətirib. 

Burada söhbət aldadılmaqdan gedir. Sahibkarlar üçün yaradılan əlverişli şəraitdən sui-istifadə edilir. Bunları edən işbazlardır. Təəssüf ki, burada həm sahibkarların hüquqları pozulur, həm də istehsalçıları aldadırlar.Söhbət bir məhsulun üzərində başqa firmanın əmtəə nişanını vuraraq saxtakarlıq etməsindən gedir.

Əmtəə nişanının saxtalaşdırılması yolu ilə nişan üzərində müstəsna hüquq sahibi olan sahibkarın hüquqlarını pozmaqla istehlakçıların çaşdırılmasına və bazara mənşəyi məlum olmayan malları çıxardığına görə satış obyektlərinin sahiblərinə artıq xəbərdarlıq edilib. Həmçinin məhsulların keyfiyyətinin standarta uyğunluğunu müəyyən etmək məqsədilə adıçəkilən ünvanlardan götürülmüş nümunələr sınaqların aparılması üçün Azərbaycan Standartlaşdırma İnstitutunun laboratoriyasına təqdim edilib. Laboratoriya sınaqlarının nəticələri barədə əlavə məlumat veriləcək. Həmçinin saxta məktəbli geyimlərini istehsal edən sexin aşkar olunması istiqamətində müvafiq işlər görülür.

 

Fazil Talıblı valideynləri məktəbli geyimləri alarkən diqqətli olmağa çağırıb. 

Bunu əsas götürərək valideynlərə tövsiyyə edirik ki, insan həyatı və sağlamlığının qorunması, isteklakçıların qanuni maraqlarının təmin edilməsi və aldadılmaması, həmçinin keyfiyyəti təsdiq edilməyən saxta geyimlərin qarşısının alınması məqsədilə yalnız sertifikatlaşdırılmış malları alsınlar. Bu, həm övladlarınızın sağlam inkişafına, həm də istehlak bazarında müəyyən olunan saxtakarlığın qarşısının alınmasına xidmət edəcək.

Qeyd edək ki, Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov bir müddət əvvəl Modern.az-a açıqlamasında heç bir dövlət məktəbində hansısa valideynə məcburi şəkildə BTE-nin məhsullarını almaq tapşırılmadığını deyib.

Daha doğrusu, BTE-dən məktəbli forması almaq məcburi deyil. Elə bir hal yoxdur. Məktəblər geyim forması ilə bağlı sərbəst seçim edirlər. (Modern.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir