TIXAC

Ən tıxaclı yolun bitməyən problemi

Baxış sayı: 435

Bu gün ən çox tıxac probleminin hiss edildiyi istiqamətlərdən biri, bəlkə də birincisi Bakı-Sumqayıt yoludur. Hər gün minlərlə insan bu yolda tıxacla üzləşir. Sözügedən yolda vətəndaşların üzləşdiyi tıxac probleminin həlli istiqamətində müəyyən tədbirlər görülüb və proses davam edir. Sumqayıtı Bakı ilə birləşdirən sürət qatarı mövcuddur. Avtobuslar üçün yeni zolaq çəkilib. Həmçinin yanvarın 21-dən Sumqayıtdan Bakıya – metronun “Avtovağzal” stansiyasına ekspress avtobuslar gəlir. Lakin Sumqayıt və bu yol üzərindəki digər yaşayış məntəqələrinin sakinlərinin tıxac problemi hələ də tam olaraq həllinin tapmayıb. İnsanlar yollarda sıxlıq olmasından narazıdırlar. Bəs bu problemin həlli üçün daha nələr edilə bilər?

Qatarların sayı artırılmalıdır

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirdi ki, bu məsələ kompleks şəkildə həll olunmalıdır: “İntensivliyi artırmağa ehtiyac var. Bakı ilə Sumqayıt arasında dəmir yolu mövcuddur, hazırda xətt üzrə yeddi qatar hərəkət edir. Altı qatarın da gəlməsi nəzərdə tutulub. Həmçinin stansiyaların sayını artırmaq planlaşdırılır. Bu, indiki vəziyyətdə müsbətə doğru dəyişiklik deməkdir. Amma qatarların sayını yenə də artırmağa ehtiyac var”.

 

Nəzarət tədbirləri sərtləşdirilməlidir

R.Ağamirzəyevin fikrincə, Bakı-Sumqayıt yolunda ümumi tıxaca səbəb kütləvi avtomobillə şəhərə daxil olmaq, həmçinin qeyri-qanuni sərnişin daşımasıdır: “Bunun çıxış yolu daha çox sərnişin daşıyan ictimai nəqliyyat növlərinin inkişafıdır. Fərqli nəqliyyat növləri olmalıdır. Ekspress avtobuslar yaradılıb. Amma avtobus zolaqlarında sərt nəzarətə ehtiyac var. Bu zolağa daxil olmanın cəzası ağırlaşdırılmalıdır”.

Ekspert bildirdi ki, son illər insanlar daha çox şəxsi nəqliyyatdan istifadə edirlər: “Bunun da obyektiv səbəblərindən biri ictimai nəqliyyatın keyfiyyətinin aşağı səviyyədə olmasıdır. Çeşid də azdır. Düşünürəm ki, bu sahəyə daha çox investisiya yatırmaq lazımdır”.

 

Manatlıq taksilərdən imtina etmək üçün

R.Ağamirzəyev qeyd etdi ki, hələ ekspress avtobuslar yenidir: “Mövcud qanunvericiliyə görə, avtovağzaldan avtovağzala prinsipi tətbiq olunur. Çünki Sumqayıt ayrıca bir şəhərdir. Ona görə şəhərin digər nöqtələrinə hərəkəti mümkün deyil. İnsanlar manatlıq taksilərə alışıb. Onları daha rahat və təhlükəsiz olan avtobusa yönləndirmək üçün təbliğatı aparılmalıdır. Çünki manatlıq taksilər tıxaca mənfi təsir göstərir”.

 

Baş planda bu nüanslar var

Müsahibimiz düşünür ki, bu məsələlər zamanla öz həllini tapacaq: “İkinci mərhələ relsli nəqliyyat – tramvayın çəkilməsi, şəhərətrafı elektrik qatarının şəhərdə fərqli nöqtələrdə yeni stansiyalarının açılmasıdır. Bakının yeni təsdiqlənən Baş planında bu nüanslar var. Həmçinin daşıyıcıların vəziyyətinin yaxşılaşdırması yönündə brutto xərc müqavilələrinə keçilməlidir. Ekspress avtobuslarda tariflər müəyyən olunub. Amma biznes modeli dəyişməlidir. Bu da hər kilometrə görə subsidiya ayrılması deməkdir. Bunları mərhələli şəkildə həll etməklə bugünkü mürəkkəb vəziyyəti müsbətə doğru dəyişmək mümkündür”.

 

Tək Bakı və Sumqayıt əhalisi deyil

R.Ağamirzəyev bildirdi ki, Bakı-Sumqayıt yolunu düzəltmək üçün şəhər girişlərini də nizamlamaq lazımdır: “Bakı-Sumqayıt yolu, xüsusən də Xırdalana qədər olan yol həm də şimal sərhədinə tərəf getmək üçün istifadə edilir. Ona görə hərəkət edənlər tək Bakı, Xırdalan, Sumqayıt əhalisi deyil. Bu da nəqliyyat axınına təsir edir. Bakıya daxil olmağa da nəzarət etmək lazımdır. Şəhərin girişlərində parkinq nöqtələri qurulmalıdır ki, insanlar avtomobillə gəlsə də, park edib ictimai nəqliyyata yönəlsin”.

Qəsəbələrə, kəndlərə döndükdə problemlər yaşanır

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev isə məsələnin həllini nəzarət kameralarında görür: “Avtobus zolaqlarında kamera ilə müşahidə edilməyən nöqtələr var, həmin kor nöqtələrdə avtomobillər zolaqlara daxil olurlar. Qəsəbələrə, kəndlərə döndükdə problemlər yaşanır. Bunun üçün də kameraları artırmaq və nəzarəti gücləndirmək lazımdır. Elə olmalıdır ki, polis nəzarət etmədikdə də problem yaranmasın. Kameraların funksionallığı təmin olunmalıdır. Hazırda qayda pozuntusu avtomatik qeydə alınmır”.

 

İnsanlar avtomobillə daha sürətlə gedir

Y.Mustafayev dedi ki, insanları taksilərə möhtac qoymamalıyıq: “İctimai nəqliyyatın işini optimallaşdırmasaq, yenə də bir manatlıq taksilər öz effektivliyini saxlayacaq. Çünki vətəndaş baxır ki, avtobusla gedəndə vaxt itirəcək, tıxacda ilişib qalacaqsa, həmin yolu taksidə oturaraq rahat şəkildə getməyə üstünlük verir. İnsanlar fərdi avtomobillə də, avtobusla da eyni vaxta gedir. Hətta avtomobillə daha sürətlə gedir, çünki avtobus dayanacaqlarda dayanır. Əgər hər iki halda tıxacda qalacaqsa, şəxsi avtomobilə üstünlük verirlər. Buna görə də hər gün avtomobil alan insanların sayı artır”.

 

İnfrastruktur yaradılsa, mümkün olar

Müsahibimiz avtobusların Bakı daxilində hərəkət etməsi fikrinə də münasibət bildirdi: “Ekspress avtobusların şəhərə daxil olması hazırda mümkün deyil. Amma gələcəkdə 20 Yanvar, “Şamaxinka” və digər istiqamətlərdə də avtobus zolaqları və digər infrastruktur yaradıldıqdan sonra artıq şəhərə daxil ola bilərlər. Yaxud da avtovağzaldan insanları şəhərə aparan avtobuslar təyin edilər”.

Yeddi milyon sərnişin daşınıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsinin rəisi Sənubər Nəzərovanın sözlərinə görə, insanlar Bakı-Sumqayıt yolunda tıxaca düşməmək üçün qatarla hərəkət edir və belə sərnişinlərin sayı hər il daha da artır: “Hazırda doqquz qatarımız var. Yeni qatarlar sifariş etmişik. 10 qatar bu il çatdırılacaq. Artıq dördü çatdırılıb. altı yeni qatar da gələcək. Test edildikdən sonra dövriyyəyə buraxılacaq. Sərnişin sayı getdikcə artır. Keçən il yeddi milyon sərnişin daşınıb. 2022-ci ildə 5,2 milyon idi. Deməli, sərnişinlər xidmətdən razıdır. Çünki sərnişin tıxaca düşmədən, yolda heç bir maneə və ya təhlükə ilə qarşılaşmadan Bakıya rahat gəlib çatır”.

 

Zərif Salmanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir