efsane rustemova

“Əxlaqlı qadınlar elə danışmaz” – “NATAMAM”

Baxış sayı: 1. 544

– Üstümə də elə bağırır ki… “Biz də müharibə görmüş uşaqlarıq, bizim niyə psixologiyamız pozulmayıb bəs? Bu uşağın nəyi var ki, psixoloqa aparırsan?!” Özü də fərqində deyil ki, bu qurduğu cümləni hansı səs tonunda deyir. Və mən ona izah edə bilmirəm ki, hazırda valideynləri 55-70 yaşında olan hər kəs sığalsız-tumarsız, qaçaqaçda, qorxu ilə böyüyüb. Ona görə nə sevgi göstərə bilmirik, nə həyatı yaşaya… Uşağımın da bu cür olmasını istəmirəm. Mən onunla dil tapa bilmirəm, dr. Siz mənə kömək edin deyə gəlmişəm. Bu adam bağıraraq danışmağı da, nəvaziş göstərməməyi də normal hesab edir. Mən nə edim?! Sabah da bir şey olsa, hamı başlayacaq ki “NƏYİN ÇATMIRDI?!” Mən indi hər kəsə, bir-bir necə izah edim ki, sevgi duyğum əskikdir. Bu da elə bir şey deyil ki, başımı qatım keçsin… Keçsin! – dediyiniz şey mənim həyatımdır deyə bağırmaq da istəyirəm, amma “əxlaqlı qadınlar belə danışmaz” deyə susuram.  Mən niyə bu qəliblərin içində sıxılmalıyam? Niyə mən evimin içində-ərimə nəyi isə deyəndə “əxlaq” çərçivəsində deməli, ona hər gün əxlaqlı olduğumu sübut etməliyəm?! Niyə mən ağzımı açanda “bunu kimdən öyrənmisən?!” cümləsinə hazır olmalıyam. Ömrüm özümümüdafiə ilə keçir. Yorulmuşam, bezirəm. Hər intihar xəbərini xüsusi maraqla izləyirəm. Valideynləri, ailəsi ölən haqqında elə danışır ki… Ekrandan onları tutub silkələmək, “DÜZ DEMİRSİNİZ!” demək istəyirəm. Düz demirsiniz! Siz indi efir önündə etdiyiniz riyakarlığı bircə dəfə ona hiss etdirsəydiniz, o nəyinsə xətrinə davam edərdi… Siz ona başqa çarə buraxmayıb indi isə üsyan edirsiniz… İkiüzlü insanlar!

Bilirəm, mənim də ifadə tərzim normal deyil. Axı necə normal olsun ki, mən də belə görmüşəm evimdən də, ərimdən də. Yəni bu döngünü dəyişmədənmi davam etməlidir həyat?! Mən öz anamın həyat tərzi ilə razılaşmalıyam, balam da mənim… Beləcə həyat da bitməlidir?! Ruhumsıxılır, xoşbəxt olma ehtimalı yüksək insan ikən, axmaq bir qaranlığın içində qalmışam. Nə həyata, gedişata tüpürüb çıxıb gedə bilmirsən. Çünki vicdan duyğun səni rahat buraxmayacaq. Nə də bu halından zövq ala bilmirsən. Biri var ki, başqa çarən, yolun, şansın olmaya. Razılaşasan… Biri də var, axı mən bilirəm xoşbəxt də olmağın mümkünlüyün… Bunu bilərək nəyəsə boyun əyib razı olmaq mümkün deyil. Danışdıqca hiss edirəm ki, artıq son həddəyəm. Nə edəcəyimi bilmirəm, amma nə isə edəcəyim dəqiqdir. Bəzən düşünürəm ki, mən bu qədər mübarizənin içində kaş o uşağı da dünyaya gətirməyəydim. Amma di gəl ki, mən bunu səsli deyə-kiminləsə paylaşa bilərəmmi?! O dəqiqə “əxlaqsız, nankor ana” və s. bu qəbildən olan damğalarım hazırdır. Amma bir durub baxan yoxdur ki, bu qadın bu cümləni niyə qurur axı?! Yordum sizi də, bilirəm. Amma mənim məni mühakimə etmədən dinləyən birinə ehtiyacım var idi. Daha öncələr də psixoloq yanında olmuşam, biri CƏHƏNNƏMlə qorxudub məni, biri sözümü kəsərək özündən danışıb. Heç bu qədər hiss edilərək dinlənilməmişdim. Mənim hər cümləm sizin üzümüzdə emosional olaraq əks olunurdu. Məni anladığınızı o qədər yaxşı başa düşürdüm ki, ona görə tökə bildim içimi. Təşəkkür edirəm. Sizə danışıqca şəkilləndi gözümdə həyatım və indi artıq harda nə etməliyəm, harda nə etməmişəm deyə bunlar baş verib anladım. Mən gedim. Mütləq yenə gələcəyəm. Duyğularımı səsli ifadə edə bilmək istədiyim zaman…  Siz mənim aynam olacaqsınız.

BƏLİ, təcrübəmdə bu da var… Gəldi, danışdı və getdi… Çünki o danışdığı zaman qurduğu hər cümlənin emosional ifadəsi mənim üzümdə əks olunurdu və bu qeyri-verbal ünsiyyət ilə ona daha çox şeyi izah etmək mümkün idi, nəinki danışaraq…

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir