aile

Ailədə sədaqət düsturu necə olmalıdır?

Baxış sayı: 474

Ailə institutunun möhkəmlənməsində sözsüz ki, ər-arvad münasibətlərinin sementləyici rolu öndə gəlir. Xüsusən də gənc ailələrdə. Bir çox hallarda boşanmaların səbəbi məhz cütlükdən birinin digərinə xəyanəti olur. Daha çox da kişilərin öz xanımlarına sədaqətsizliyi ailənin dağılması ilə bitir. Təbii ki, başqa sosial-psixoloji səbəblər də var.

Əməkdar artist Gövhər Rzayeva bu xüsusda ATV kanalında sensasion sayılacaq açıqlama verib. Məşhur qarmon ifaçısı canlı efirdə çıxışı zamanı açıq-aşkar kişi xəyanətini dəstəklədiyini etiraf edib.

Onun fikrincə, pul qazanıb ailəsinin maddi ehtiyaclarını ödəyə bilən hər bir bəy xanımını aldada bilər: Kişi başqadır. Qadın ona daim qulluq etməlidir. Bazarlıqdan gələn kişi qapını təpiklə açıb içəri girirsə, onun başına dolanaram, ayağını da yuyaram! Mənə qarşı diqqəti varsa, niyə ona qulluq etməyim? Mən düz danışıram. Atam 52 yaşında rəhmətə gedib. Anam o günədək bazara getməyib. O, daha sonra bazarlığa gedəndə çörəyin qiymətini soruşub, sonra ağlayıb. Deyib ki, bu yaşadək çörəyin qiymətini bilməmişəm. Ona belə kişi qulluq edib. Razıyam, bu cür kişilər gedib xəyanət etsinlər. Mənə qəbuldur. Onsuz əvvəl-axır evinə qayıdacaq. Səni ər əl üstündə saxlayırsa, xəyanətini bağışlamalısan”.

Bəs  ekspertlər bu barədə nə düşünür? Belə çıxır, ailəsini yaxşı təmin etməyən kişinin xəyanət etməyə “haqqı” yoxdur?

Şeirlər - Əhməd QƏŞƏMOĞLU | Edebiyyatqazeti.az

Əhməd Qəşəmoğlu: “Xəyanətkar kişi ilk növbədə xəstəlik mənbəyidir”

Sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə bağlı mövqeyini bu cür açıqladı: “Əvvəla qeyd edim ki, televiziyalarda, eləcə də hansısa saytlarda müxtəlif peşə sahiblərinə, hansı ki, onların içərisində siyasətçilər,  biznesmenlər, iş adamları, daha çox isə şou-biznes nümayəndələri də var, onlara aidiyyəti olmayan sosial problemlərin həlli ilə bağlı suallar verilir. Bu, doğru deyil. Axı onlar sosial problemlərin həlli sahəsində mütəxəssis, sosioloq, psixoloq, bu sahədə təcrübəsi olan adamlar deyillər. Onlar da bu sahənin bilicisi kimi verilən sualları cavablandırır və cavabları əhalidə bir anlaşılmazlıq yaradır. Bunun günahı jurnalistlərdədir.

Şəxsən Gövhər xanımın şəxsinə, ifasına hörmətim var, amma onun kişinin xəyanəti ilə bağlı fikirləri tamamilə yanlışdır.  Bu, şou-biznes camiəsində olan bir xanımın düşüncələridir, bunu ictimailəşdirmək, efirə çıxartmaq səhvdir, yanlış  addımdır. Əlbəttə ki, hər hansı bir qadın özlüyündə müəyyən edə bilər ki, həyat yoldaşı istəsə ona xəyanət edə bilər, bu onun öz şəxsi işidir. Ümumiyyətlə isə xəyanət məsələsi tamamilə məsləhət olunmur, yəni heç məsləhət görməzdim ki, ailələrdə xəyanət olsun. Niyə? İlk öncə xatırladım ki, Azərbaycan dilində nənə-babalarımızdan bizə qalan çox gözəl bir ifadə var, həyat yoldaşına halalım deyərdilər. Bu çox böyük sözdür. Əgər kişi həyat yoldaşına xəyanət edirsə, bu artıq onun halalı olmur. Məsələn, kişi xəyanət edirsə, başqa qadınla görüşürsə, yüz faiz təminat yoxdur ki, həmin qadın bir başqaları ilə də görüşmür. Deməli, başqa qadınlarla  görüşən kişi evə müxtəlif xəstəliklər gətirə bilər. Hökm deyil ki, bu, dəri-zöhrəvi  xəstəliyi olsun, bu, vərəm də ola bilər.  Bu cür xəyanətkar ərlə bir yataqda olan qadının yanında sanki bir təhlükə mənbəyi uzanıb. Yəni xəyanət edən kişi ilk növbədə xəstəlik təhlükəsi mənbəyidir. O, artıq haram  həyat yoldaşıdır.

Digər tərəfdən, xəyanət nəticəsində psixoloji, mənəvi problemlər  ortaya çıxır. Yəni xəyanət edən kişi başqasını  öz qadınından maraqlı, üstün hesab edir və bu zaman öz həyat yoldaşına texniki vasitə kimi baxır, onun naz-ədalarını artıq qəbul etmək istəmir, düşünür ki, onu necə “yola” versin. Beləliklə, psixoloji, mənəvi dəyişiklik baş verir və bu da ailədəki atmosferə ciddi təsir edir. Buna görə də ərin imkanlı olub-olmamasından asılı olmayaraq, xəyanət məsləhət görülən bir şey deyil.

Ailədə mənəvi dəyərlər öndə olanda avtomatik olaraq digər problemlər öz həllini düz tapır. Kişi artıq öz həyat yoldaşına ikinci kimi baxırsa və artıq qadın da bunu başa düşürsə, bu zaman qadının maddi tələbləri də artır. Kişi bu tələbləri yerinə yetirmədikdə, ailədə bir gərginlik yaranır və sairə.

Beləliklə, xəyanət yun paltara güvə düşən kimi bir şeydir, güvə yun paltara düşür və darmadağın edir, xəyanət də ailəni.  Ona görə də bu məsələlər barədə fikir səsləndirəndə diqqətli olmaq lazımdır, sosial problemlərlə bağlı kimə gəldi sual vermək olmaz”.

Mehriban Zeynalova: “Bizdə qadınların qanunları öyrənməsi ənənəsi yoxdu” - 05.08.2017, Sputnik Azərbaycan

Mehriban Zeynalova: “Kişilər bu cür qadınları psixoloji olaraq özündən asılı formada saxlayır, buna iqtisadi “qarmaq” kimi yanaşır, necə istəyir o formada “yelləyir””

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə mövzuya bu cür şərh bildirdi: “Kişinin xəyanətini qəbul etmək hansısa qadının öz seçimidir, biz heç vaxt həmin qadınlara deyə bilmərik ki, “siz mütləq bizim kimi ol, bizim kimi düşünün”. Məsələn, bir dəfə məişət zorakılığı ilə bağlı müəllimlərə təlim keçirdim, təlim iştirakçılarından biri dedi ki, “ərimin ayağını yuyur, bütün günü qarşısında xidmətdə dayanıram və bundan zövq alıram”. Bu, həmin qadının  seçimidir. Yəni bunu zorakılıq, aşağılanmaq hesab etmirsə, biz ona deyə bilmərik ki, sən zorakılıq qurbanısan. Zorakılıq şəxsin istəyinin əleyhinə olduqda baş verir. Əgər qadın ərinin xəyanətini, qapını təpiklə açmasını qəbul edirsə, bu onun üçün zorakılıq deyilsə, bu onun öz işidir. Sadəcə, burada mədəniyyət faktoru da var. Onu da qeyd edim ki, elə iqtisadi cəhətdən güclü olan qadınlar var ki, onlar da eyni hərəkətləri edir. Yəni xəyanət istisna olmaqla, ailədə öz üstünlüyünü göstərmək, qapıya təpik vurub açmaq, kişi ilə kobud danışmaq və sairə. İqtisadi amilin ailə münasibətlərində bu cür üstünlük tətbiqi məsələsi çox absurddur. İndiki zamanda qadın da çox pul qazana bilir, amma bu ona dəlalət etmir ki, həyat yoldaşı ilə kobud davransın.

Bu, eləcə də kişilərə şamil olunur. Sənin çox pul qazanmağın o demək deyil ki, ailə münasibətlərində öz üstünlüyünü nümayiş etdirəsən. Bu çox vacib məsələdir və insanlar bunu dərk etməlidirlər. Təəssüf ki, ənənəvi olaraq kim çox pul qazanırsa, üstünülüyü öz üzərində görür və istədiyi formada davranır, yeri gələndə deyir ki, “sənə bir tikə çörək verirəm, istədiklərini alıram” və sairə. Bu, artıq zorakılıqdır.

Bu cür davranışları qəbul edənlər özünə güvənməyən qadınlardır.  Qadınları elə bir vəziyyətə salırlar ki, onlar düşünürlər ki, əri kimi qazana bilməyəcək, uşaqları nemət bolluğundan məhrum edə bilər,  həmişə belə yaşamalıdır. Bəzən uşaqlar da var-dövlət içərisində böyüdüklərindən, qarşı tərəfə meyilli olur, zorakılıq görən ananın çətinlikləri ilə razılaşır. Buna görə də bəzi qadınlar bu məsələdə susurlar. Beləliklə, kişilər də psixoloji olaraq qadınları özündən asılı formada saxlayır, buna iqtisadi “qarmaq” kimi yanaşır, necə istəyir o formada yelləyir. Yəni düşünür ki, pulu var və “nə çalsa, qadına o havaya oynamalıdır”. Amma həyat göstərir ki, ən varlı  adamlar birdən-birə müflis ola bilər.

Əgər kişi əldə etdiyi gəlirdən qadının öz payını verərsə, qadın öz imkanlarını tənzimləyərsə,  kişi özü ilə bərabər formada inkişafına, iqtisadi gəlirlərinin artmasına kömək etsə, qadın heç vaxt “kişi istəsə xəyanət edə bilər” sözünü deməz”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir