nomre

Almaniyada fahişələr alır, Gürcüstanda zibil maşınlarına verilir, bizdə isə…

Baxış sayı: 997

“Gürcüstanda sonu cüt olan nömrələr zibil daşıyan maşınlara verilir. Almaniyada bu cür nömrələri fahişələr alırlar ki, müştərinin yadında qalsın”.

Avtosfer.az saytının rəhbəri Elməddin Muradlının musavat.com-a açıqlama verərkən dediyi bu sözlər ictimaiyyətdə xeyli diqqət çəkmişdi.

Onun sözlərinə görə, aparılan müşahidələr onu göstərir ki, bahalı, cüt nömrə və eyni hərfli maşın nömrə xəstəliyi ancaq müsəlman ölkələrindədir. Bu cür müsəlman ölkələri sırasında Azərbaycan özünə məxsus yer tutur.

Bəzən internet saytlarında dəyəri 200 min manat olan avtomobil nömrələrinə rast gəlirik. Halbuki, məlum olduğu kimi Azərbaycanda avtomobillərə nömrələrin alınmasına görə dövlət rüsumunun məbləği “Dövlət rüsumu haqqında” Qanunla 22 manat təyin edilib. Sonu cüt rəqəmli, eyni hərfli nömrələrin isə dövlət rüsumu 500-2500 manat arasında dəyişir.

Lakin, reallığın əslində necə olduğu hər kəsə məlumdur. Cəmiyyətimizdə avtomobillərinin nömrələrinin yaddaqalan, “zerkalnı” olması üçün külli miqdarda pul xərcləyənlər kifayət qədər çoxdur. Hər “zerkalnı” nömrənin isə öz qiyməti var. Yəni, qeyri-rəsmi də olsa, bu hal mövcuddur.

Aidiyyatı qurumlar isə bunu təkzib edir, qeyd edirlər ki, hər hansı nömrəni əvvəlcədən sifariş etmək, onun rəngini müxtəlif etmək və sair əlavələr qadağandır. Belə ki, Azərbaycanda nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı rəqəmlərdən və latın əlifbasında baş hərflərdən istifadə edilməklə tərtib olunur.

Yaddaqalan nömrələrin hansı qayda ilə satışına gəldikdə isə, aidiyyatı qurumların bu məsələ ilə bağlı açıqlamalarına görə, bütün qeydiyyat nişanları növbə ilə satılır. Yəni, ardıcıl olaraq bir neçə nömrədən bir yaddaqalan nömrələr gəlir və onların satışı digərləri kimi həyata keçirilir.

Təkcə Azərbaycanda deyil, əvvəldə də qeyd etdiyimiz kimi bir çox ölkələrdə, xüsusən də müsəlman ölkələrində “zerkalnı” nömrələr çox dəbdədir. Hətta bunun üçün xüsusi hərraclar da təşkil edilir.

Məsələn, Birləşmiş Ərəb Əmirliyində “zerkalnı” nömrə almaq bir növ xəstəliyə çevrilib. Hələ 10 il öncə Abu-Dabi şəhərində təkrəqəmli “5“ olan avtomobil nömrəsi 7 milyon dollara satılmışdı. Bir il keçməmiş “1“ rəqəmli avtomobil nömrəsi 14,5 milyon dollara satılıb. Onu alan şəxs isə 25 yaşlı Səid əl-Xuri adlı ərəb milyoneri olub. Abu-Dabidə belə bir qayda da var ki, alınan nömrə həmin şəxsin ömürlük mülkiyyəti sayılır və onu sahibinin kiməsə satmaq və hədiyyə etməsi qanunla icazəlidir.

Lakin təkcə müsəlman deyil, bəzi Avropa, o cümlədən Böyük Britaniyada, Rusiyada və digər ölkələrdə də “zerkanlı” avtomobil nömrələrinin hərracı keçirilir. Bu cür hərraclar uzun müddətdir ki, mövcuddur və bundan dövlət büdcələri milyonlarla gəlir əldə edir.

“Zerkalnı” nömrə “xəstə”si olanlara gəldikdə, psixoloqlar qeyd edirlər ki, bu cür şəxslər həyatda çox da uğur qazanmayan və yaxud harınlamış insanlardır. Onlar bu yolla özlərini ictimaiyyətə təqdim etməyə, tanıtmağa çalışırlar.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir