15050135_10154682450377445_581419311_n

Alo, salam. Tanımadız?

Baxış sayı: 5. 435

– Alo, salam. Tanımadız?

– Xeyr.

– Mənəm də…

Bəli, bu dəfə söhbət telefon danışıqlarından gedir. İnformasiya texnologiyalarının bu qədər inkişaf etdiyi və xəbərləşmə vasitələrinin bu qədər rəngarəng olduğu günnlərdə belə telefonla danışmaq hələ də ən çox istifadə etdiyimiz ünsiyyət vasitələrindəndir. Digər tərəfdən, `telefon` deyə adlandırdığımız cihaz özündə o qədər funksiyanı birləşdirir ki, amma yenə də ondan zəng edib danışmaq məqsədilə çox istifadə edirik.

Məişət, şəxsi və iş həyatımıza bu qədər daxil olmuş ünsiyyət vasitəsi, əlbəttə ki, mədəniyyət və etika qaydaları əsasında istifadə olunmalıdır. Axı söhbət birdən artıq adamın qarşılıqlı münasibətindən gedir. Bu halda o ikinci insanı görmürük, o, xəttin o biri ucundadır. Onun biz zəng etdiyimiz anda nə işlə məşğul olduğunu, hansı əhval-ruhiyyədə olduğunu bilmirik. Görəsən, zəng edərkən bunları nəzərə alırıqmı?

Biz, həkim kimi öz iş həyatımızda daha çox telefon zənglərinə məruz qalırıq. Telefon bir tərəfdən işimizi asanlaşdırsa da, digər tərəfdən mane ola bilir. Telefonla ünsiyyət zamanı müşahidə etdiyim bütün mənfilikləri cəmiyyətimizdəki digər neqativ hallar kimi bir cümlə ilə belə ifadə edərdim: özünü qarşısındakının yerinə qoya bilməmək. Məsələn, zəng edən adam düşünürmü ki, zəng etdiyi insan bu dəqiqə bəlkə əlində işi var və s.

– Alo, həkim, biz burdayıq…

Kimsiz siz? Haradı ora? Bilinmir. Halbuki, əvvəlcə özümüzü təqdim etsək, düzgün olmazmı?

Bəzən çox uzun-uzadı salamlaşma olur:

– Alo, salam, necəsiz? Nə təhərsiz? Yaxşısız?

Bəzən bütün bu yazdıqlarımız gecə saat 23.00-da olur. Məsələn, baxırsan ki, telefonunda eyni nömrədən 5 dəqiqə ərzində 15 cavabsız zəng gəlib. Həkim olaraq ağlımıza ancaq ölümcül xəstəliklər, qanaxmalar, ən yaxşı halda, doğuş gəlir. Təlaşla geri arayanda isə, `xoşbəxtlikdən` aşağıdakı variantlardan biri ilə rastlaşırıq:

– Həkim, sabah saat neçədə gələk müayinəyə?

– Həkim, yazdığınız dərmanı ac qarnına içim, yoxsa tox qarnına?

– və s. Və i. A.

Xatırladıram, gecə saat 11-də.

– Alo həkim, dərmanı demişdiz axşam saat 7-də içim, saatları da irəli çəkiblər, indi bunu köhnə saatla içim, yoxsa təzə saatla?

Xeyr, bu lətifə deyil, olan söhbətdi.

– Alo həkim, klinikanın qarşısındayam.

– Alo, həkim, liftdəyəm.

– Alo, həkim qapınızın ağzındayam…

Qapının ağzındaykən canlı-canlı soruşmaq varkən niyə zəng edirsən, əziz qardaşım? Narahat etmək istəmirsən? Bəs indi narahat etmiş olmadın?

Bir də bir binanın içində sözünü telefonla deyən kolleqalar var. Hamı kökəlməkdən, azhərəkətlilikdən şikayət edir, amma yan otaqdakı iş yoldaşının yanına getməyə ərinir.

Dostları, doğmaları ilə telefonla xəbərləşən insanlara sözüm odur ki, məndən olsa bir qanun çıxarardım – canlı ünsiyyətdən başqa heç nə dostluq, doğmalıq sayılmır.

Maşın sürərkən telefonla danışanlardan isə daha əvvəl yazmışdıq. Bir də telefonla danışa-danışa piyada keçidi keçənlər var…

– Alo, həkim, hardasız?

– Heç dəxli var?! Bəlkə deyiləsi deyil?! Bəlkə birinci siz özünüzü təqdim edəsiz?!

“Bir həkim var, çox yaxşı həkimdir. Tək mənfi cəhəti, telefona cavab vermir”. Bəlkə elə xəstəsi çox olur, ona görə cavab verə bilmir?! Telefonla müayinə və müalicə harda görülüb ki?!

Doğrudan da bu suala cavab tapmaq çətindir – telefon həyatımızı asanlaşdırıb, yoxsa, əksinə gərginləşdirib. Bizi doğmalarımıza yaxınlaşdırıb, yoxsa, əksinə, bizi özgələşdirib. Bəlkə bir günümüzü telefonsuz keçirək?!

Hamıya sevdiyi insanlarla bol-bol canlı ünsiyyət arzusu ilə.

Həkim ginekoloq Rəşad Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir