bulvar

Bakı bulvarında müştəriləri necə soyurlar?

Baxış sayı: 439

Dənizkənarı Milli Parkda sıra ilə düzülmüş kafelərdə, çayxanalarda aşağı-yuxarı eyni xidməti təklif edirlər. Xüsusən yayda bu məkanlarda müştərilərin sayı daha çox olur. Çünki isti yay günlərində insanlar dənizkənarı bulvara üz tuturlar. Amma “buradakı qiymətlər adamları şoka salır” desək, şişirtmiş olmarıq. Bulvardakı kafe və restoranlarda qiymətlər, müştərilərin bu məsələdə aldadılmasıyla bağlı son illərdə çoxsaylı şikayətlər olub.

Vəziyyətin dəyişib-dəyişmədiyini, builki durumu öyrənmək üçün oradakı iaşə obyektlərinə baş çəkdik. Müşahidələr göstərib ki, bu mənada vəziyyət əvvəlkindən də acınacaqlıdır.  Əvvəllər ictimai-siyasi fəalların öz aralarında “Kələki” adlandırdıqları “Dalğa” kafesinə baş çəkdik. Bulvardakı saat qülləsinin yanında yerləşən bu kafedə öncə sadə çay istəsək də, cavab belə oldu: “Sadə çay verilmir…” Çarəsiz qalıb, mürəbbəli çaya razılıq verdik. Bir qab mürəbbə və bir çaynik çaya görə sonda hesabı istəyəndə “15 manat” cavabını eşitdik… Qiymətin baha olmasını uzun-uzadı mübahisələndirmədik. Amma kafeni tərk edəndə qəbz verilməsini tələb etdik. Kafe əməkdaşları təəccübləndilər. Amma qəbzi verdilər. Qəbzə baxanda məlum oldu ki, “Dalğa”nın hansı xidmətindən istifadə etdiyimiz yazılmayıb. Kafe əməkdaşları bunu daha çox çay təklif etmələrilə əlaqələndirdilər. Hər halda, qanunvericilik çərçivəsində davranmadılar. Məsələn, orada göstərilməyib ki, 15 manat 1 çaynik çaya görə ödənilib, yoxsa 5 çaynikə görə…
Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva bildirir ki, təmsil etdiyi qurum bulvardakı iaşə obyektlərindəki qiymət tənzimlənməsində rol oynamır: “Qiymət siyasətini Dənizkənarı Bulvar İdarəsi yox, sahibkarlar özləri müəyyən edir. Bu, konkret olaraq, bazar iqtisadiyyatı şəraitində hər bir sahibkarın özünün müəyyənləşdirdiyi qiymətdir. Qiymət tələb-təklif əsasında formalaşır. Biz, sadəcə, tövsiyə veririk, onların işinə qarışa bilmərik…”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bulvardakı qiymətlər, xüsusən çayın qiymətilə bağlı kifayət qədər şikayətlər onlara da gəlir. Bunu “soyğunçuluğun bir forması” adlandıran Eyyub Hüseynovun sözlərinə görə, bir müddət əvvəl problemlə əlaqədar Dənizkənarı Bulvar İdarəsinə rəsmi məktub da yazıb: “Həmin məktubdan sonra bir müddət qiymətlərə nəzarət olundu, şikayətlər azaldı…”
Dənizkənarı Milli Park ərazisində sahibkarlıqla məşğul olan fiziki, hüquqi şəxslər hər şeydən əvvəl öz məsuliyyətini anlamalıdır. Heç bir halda soyğunçuluğa yol vermək olmaz. Bakı bulvarı həm də şəhər, ölkə sakinlərinin sərvətidir. Bundan başqa, vergi ödəyicisi olan obyekt qanunvericilik çərçivəsində işləməlidir. Müştərilərə qəbz vermək, standartlara əməl etmək təəccüb doğurmamalıdır. Baha qiymət müəyyənləşdirmək işin asan tərəfidir. Müştəri həm də bütün müstəvilərdə məmnun qalmalıdır.
Aytən



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir