bosanma

Boşanmaların artım səbəbi: Günah, yoxsa zərurət?

Baxış sayı: 183

Boşanmaların sayı hər il ötən dövrlərlə müqayisədə sürətlə artmaqdadır. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 12 min 713 boşanma halları qeydə alınıb. Bununla ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin boşanmaların sayı 1,5-dən 1,7-yə qədər artıb.

Bəzi insanlar vəziyyəti faciəvi hal kimi qiymətləndirsə də, müasir dövrdə ayrılıqları normal qəbul edənlər də var. Hətta dövlət tərəfindən barışmaq üçün verilən müddətin əleyhinə olanlar da az deyil.

Ailədaxili məsələlərin həll olunmasında valideynlərin də böyük rolu var. Böyüklər cütlüklər arasında münaqişə və anlaşılmazlıq olsa da, sevgi bitsə də “qohum-qonşu nə deyər” prinsipini əsas tutaraq boşanmaya razılıq vermirlər. “O evdən yalnız meyitin çıxa bilər”, “xırda mübahisələrə görə boşanmazlar” kimi ifadələrlə valideynlər vəziyyəti yumşaltmağa çalışırlar. Bəzən isə cütlüklər qısa müddət ayrı yaşadıqdan sonra ailə həyatlarına davam edə bilirlər və boşanma düşüncəsindən daşınırlar.

Bəs ayrılıq həddinə gələn ailələr hansı addımı atmalıdır? Bu məsələdə ənənəvi, yoxsa modern yanaşma daha uyğundur? Əslində, boşanmalara hansı aspektdən yanaşılmalıdır?

Boşanmaların artım səbəbi: Günah, yoxsa zərurət? - sosioloq və ilahiyyatçı ŞƏRHİ

Əhalinin əksəriyyətinin inanclı və müsəlman olduğunu nəzərə alaraq məsələyə əvvəlcə dini tərəfdən də yanaşmağa çalışdıq.

 


Hacı Şahin Həsənli: “İnsan həyatını ümumiyyətlə başqalarının rəyinə uyğunlaşdırmamalıdır. Düz nədirsə, onu etməlidir”


Mövzu ilə bağlı açıqlama verən ilahiyyatçı Hacı Şahin Həsənli bildirir ki, boşanma İslam dinində bəyənilməyən əməllərdən hesab olunur:

Boşanmaların artım səbəbi: Günah, yoxsa zərurət? - sosioloq və ilahiyyatçı ŞƏRHİ

“Boşanma haqda İslam peyğəmbəri buyurub ki, bu əməl Allahın ərşini titrədər. Digər bir yerdə isə Allahın elçisi “boşanma Allahın ən acığı gəldiyi əməldir” deyib. Bu onunla bağlıdır ki, ər və arvad bir-birini tamamlayan iki əks varlıqlardır. Evlənməklə onlar sanki bütövləşir, vahid varlığa çevirilir. Hədislərdə də qeyd olunduğu kimi, ər və arvad xasiyyətcə bir-birinə uyğun olmur. Yəni insan nə qədər seçimində təfərrüata varsa da, nəticə etibarı ilə xasiyyətcə özünə uyğun olmayan biri ilə ailə quracaq. Ər və arvad bir-birinin eyibini üzə çıxardır və bu eybləri aradan qaldırmaqla insanın şəxsiyyəti möhkəmlənir. Xoşbəxtlik, o cümlədən ailə xoşbəxtliyi əldə olunmalıdır. Bunun üçün maneələr dəf edilməli, xasiyyət dəyişməli, çatışmazlıqlar aradan qaldırılmalıdır”.

İlahiyyatçı ailənin tələb əsasında deyil, fədakarlıq əsasında qurulmalı olduğunun vacibliyini vurğuladı:

“Gənclər ailəyə bu cür yanaşmalı, ailə həyatının çətinliyini göz qabağına qoymalıdır. Yalnız belə olduqda ailə möhkəmlənər, qarşılıqlı sevgi artar, münaqişələr də tezliklə həllini tapar. Bununla belə, elə hallar var ki, həyat yoldaşı insanın şəxsiyyətini alçaldır, onun mənəvi inkişafına və xoşbəxtliyinə mane olur. Belə istisna hallarda boşanma qaçılmaz olur. Bu səbəbdən də dinimiz boşanmanı bəyənilməyən iş saysa da, qadağa etmir. Təbii ki, ailə həyatı başqalarının rəyinə görə qorunmamalıdır. İnsan həyatını ümumiyyətlə başqalarının rəyinə uyğunlaşdırmamalıdır. Düz nədirsə, onu etməlidir. Bu zaman ailə çətinlikləri, hətta hisslərin soyuması da aşılmalı olan təbii maneə kimi qəbul ediləcək”.

Boşanmaların artım səbəbi: Günah, yoxsa zərurət? - sosioloq və ilahiyyatçı ŞƏRHİ

Sosioloq Sahib Altay bildirir ki, cinslər arasındakı münasibətlərdə dəyişiklik 18-ci əsrdən sonra başlayıb:

“XVIII əsrin əvvəllərindən etibarən insan və cəmiyyətyeni bir mərhələyə qədəm qoydu. Sırf XVIII əsr məsələsi isə İngiltərə Sənaye İnqilabıyla “Bayağılıq epidemiyası”nın xilası varmı? - RƏYLƏRbağlıdır. Bu hadisə istər düşüncə, istər həyat tərzi, istərsə də cinslərarası münasibətlərdə dəyişikliyə səbəb oldu. Boşanma məsələsinə toxunmamışdan öncə ailə institutunu nəzərdən keçirmək lazımdır. XVIII əsrin ortalarına qədər mövcud olan ailə modeli feodalizmin və ya feodalizm tipli iqtisadi quruluşların üzərində öz təməllərini qurmuşdu. Ailəyə qazanc gətirən əsas fiqur ata, ev işlərini və övladların tərbiyəsini həyata keçirən şəxs isə ana idi. Bu əsnada ailədə qadın kişidən, övlad valideyndən asılı olurdu. Bu da öz növbəsində həm qadının, həm də uşağın fərdiyyəçilik hüququnu əlindən alırdı. Sonra meydana gələn sosializm bunun qarşısını qismən aldı. Çünki nəzəri sosializmin əsas prinsipi qadın-kişi bərabərliyini təmin etmək idi. Bu prinsipin nə qədər təsirli və qalıcı olması sosializmi qəbul edən ölkələrin siyasi idarəetməsilə bağlıdır”.

 


Sahib Altay: “Nəinki ailə, qadın, boşanma mövzusunda, ümumiyyətlə, bütün mövzulara müstəqil, modern düşüncə tərzilə baxmaq lazımdır”


Ekspert əvvəllər boşanmaların az olmasının səbəbini insanların həyat haqqında bilgilərinin azlığı ilə əlaqələndirib:

“Əvvəl dediyimiz zamanlarda bu problemlər, səbəblər yox idimi? Cavab çox sadədir, əvvəllər insanların həyat haqqında bilgiləri az idi. Sosial durum yüksək səviyyədə olmasa da, mövcud iqtisadi quruluş insanların zəhməti bahasına da olsa, tələbatları müəyyən qədər ödəyə bilirdi. Bundan əlavə bilgisi zəif Azərbaycan insanına ailənin müqəddəsliyi qadına, “nəyin necə olmasından asılı olmayaraq, sənin ər evindən çıxsa-çıxsa meyitin çıxacaq” məcburiyyəti aşılanıb. Və bu prinsiplərə görə insanımız istər mentalitet, istər uşaqlara görə birtəhər dözüb, ailənin ömrünü süni də olsa uzada bilirdi. Buna biz “cəhalətin xoşbəxtliyi” deyirik. Bu gün isə bu tərzdə yaşamaq mümkün deyil. Qışda yay paltarıyla gəzmək necə mümkün deyilsə, XXI əsrdə XVIII əsrin qaydalarıyla yaşamaq da o cür mümkün deyil. Texnologiyanın inkişafı insanlara öz hüquqlarını, müasir yaşam tərzini öyrənmək, görmək üçün qısa müddətdə geniş informasiya almaq imkanı yaradıb. O dövrün cəhalətdən xoşbəxtlik uman insanları bu dövrün həyat tərzinə uyğun, fərqli yaşamaq istəyirlər və bütün uyğunsuzluqlar bağların qırılmasına səbəb olur. Mentalitetə görə, bütün əxlaq prinsipləri qadının üzərinə yüklənib. Bir boşanma prosesindən sonra bütün nəzərlər qadının üzərində cəmləşir – nə yeyir, nə içir, hara gedir, kimlə gedir? Burada əsas məsələlərdən biri də bakirəlik fenomenidir. Bioloji bakirəliyi müqəddəs hesab edən Azərbaycan toplumunda ailəsi uğursuz alınan qadının ikinci dəfə ailə qurmaq şansı az olur. Olsa belə, ya qadını vəfat etmiş, ya övladı olmadığına görə boşanmış, ya da özündən yaşca çox böyük kişi ilə olur. Ailə qurmaq şansı olmayan qadına digər tərəfdən mentalitet də mənəvi, psixoloji, bioloji ehtiyaclarını ödəmək üçün heç bir şans vermir. Çıxış yolumu axtarırıq? Bu haldan çıxış yolu yalnız qadının mübarizəsində, öz haqqını tələb etməsindədir”.

Sosioloq boşanma məsələsində dünya təcrübəsinə əsaslanmağın, anlayışla yanaşmağın vacibliyini vurğuladı:

“Necə yanaşmalı olduğumuza gəldikdə, dünya artıq kütləviliyə, ənənəviliyə, qəbilə təfəkkürünə yox deyir. Ortada ciddi prinsiplər, düsturlar, nəzəriyyələr var. Fərdi, müstəqil və sağlam düşüncə formalaşmalı və hər kəs öz həyatını yaşamalıdır. Nəinki ailə, qadın, boşanma mövzusunda, ümumiyyətlə, bütün mövzulara müstəqil, modern düşüncə tərzilə baxmaq lazımdır. Əks təqdirdə ənənəvi yanaşma tərzi heç bir müsbət nəticə verməyəcək. Ya mövcud modern modeldən istifadə etməlisən, ya da özün öz milli ruhuna uyğun yeni model yaratmalısan. Müsbət nəticə üçün əksi mövcud deyil. Çünki tanka qarşı qılıncla, qalxanla, oxla vuruşmaq mümkün deyil”.

 

Məleykə Ağasoy




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir