CIZGI FILMI

Cizgisindən çıxan cizgi filmləri

Baxış sayı: 403

Müasir uşaqlar daha çox yeni tipli cizgi filmlərinə baxmağa üstünlük verirlər, hansı ki, mütəxəssislər bu tip filmlərin uşaqların psixologiyasında dərin və zərərli iz buraxdığını söyləyirlər. Uşaqlara aqressivlik, zorakılıq təbliğ edən cizgi filmləri getdikcə çoxalır.

 

Cizgi filmlər nəyi təbliğ etməlidir?

Mütəxəssislər deyir ki, cizgi filmləri uşaqların özünü dərk etməsi, ətraf aləmi kəşf etmələri üçün önəmli rola malikdir. Amma bu, hər cizgi filminə aid edilə bilməz. Bu gün telekanalları zəbt edən qanlı, döyüşlü-davalı multfilmlər uşaq psixologiyasına olduqca böyük zərər verir. Yenicə ətraf aləmlə tanışlığa başlayan uşaq cizgilərdəki münasibəti həyatında da görmək istəyəcək.

Çoxları razılaşar ki, 35-40 yaşlı insanlar sülhü, paylaşmağı, sakitliyi, təbiəti və heyvanları sevməyi daha yaxşı bacarırlar. Təbiidir, onlar körpəlikdə bu cür hissləri aşılayan cizgi filmlərinə baxıblar.

Uşaqdan böyüyə hamının bəyəndiyi iki cizgi filmi var- “Nu poqodi” və “Tom and Jerry”. Əminəm ki, bu filmlərin yalnızca adı gələndə də çoxunuzun üzündə təbəssüm yaranır. Uşaqlığımızın ən sevimli cizgi filmi olan “Nu poqodi” 18 hissəli bir film idi.

Məşhur “Tom və Cerri” cizgi filmi. Əsasən, 2 personajdan ibarət bir filmdir, olduqca maraqlı və uşaq psixikası üçün ilk baxışda zərərsizdir. Pişik və siçanın əbədi münaqişəsi elə maraqlı bir formada təqdim edilir ki, uşaqlar onların bir-birini sevdiklərini və bu münaqişənin bir zarafat olduğunu anlayır. Lakin bu multfilmdə də zorakı səhnələr, aqressiv hərəkət və səslər az deyil.

 

Müasir cizgi filmlərinin 4 əsas zərəri

Uşaqlarda televizora maraq 18 aylıq olarkən yaranır. Amma bu, hələ onların tamaşaçı olduğunu demir. Uşaqlarda 2-4 yaşından başlayaraq cizgi filmlərinə maraq başlayır. Bu yaşda olan uşaqların təqlidetmə qabiliyyəti yavaş-yavaş yaranır. Baxdıqları cizgi filmləri bu yöndə önəmli təsirə malikdir. Tez-tez kadr dəyişikliyi körpə beynində qarışıqlığa və pozğunluğa da səbəb ola bilər. 3-6 yaş arası uşaqlarda isə bu təsirin önəmi daha da artır, çünki araşdırmaçılar bu yaş qrupuna aid uşaqlarının televiziya izlərkən “məna” axtardığını ortaya çıxardılar.

6-11 yaş qrupuna aid uşaqların izlədiyi proqramların təsirləri daha çoxdur, çünki bu yaş qrupu uşaqlarda diqqət və dəqiq izləmə tam inkişaf etmiş olur. Cizgi filmlər uşaqlara 4 formada mənfi təsir edə bilər: Zorakılığa yönləndirmə: Araşdırmalara görə şiddət, qorxu məzmunlu cizgi film izləyən uşaqların digər yaşıdlarına görə daha çox dalaşqan, üsyankar olur. Ətraflarına daim zərər vermək barədə düşünürlər və cox aqressiv olurlar.

İkincisi, diqqətsizlik: Mütəxəssislərin fikrincə, gündə orta hesabla 4-5 saat cizgi filminə baxan uşaqlarda diqqət əskikliyi olur. Onlarda aktivlik yaşıdlarına nisbətən 30-40% az olur. Üçüncüsü, reaallıqdan uzaqlaşma: Valideynlər diqqət etməsə, uşağın izlədiyi cizgi filmlər hər gün bir az da onun həyatına girir. Uşaq artıq özünü o personajlardan biri hesab etməyə başlayır. Belə uşaqlar həmişə gerçək olmayan dünyada yaşayırlar, reallığa adaptasiya ola bilmirlər.

Dördüncüsü, ehtiyatlı davranışın azalması və risk artımı: Xüsusilə, 10-12 yaş aralığında olan və mühakimə bacarığı hələ inkişaf etməmiş uşaqlar gerçəklə xəyal arasındakı fərqi təyin etməyi etməkdə çətinlik çəkir. Ona görə də, onlar ciddi təhlükəsizlik problemləri yaşaya bilirlər. Cizgi filmində gördükləri hərəkətləri gerçəklikdə də sınaqdan keçirmək istəyirlər. Batman kimi uçmaq, Hörümçək adam kimi divara dırmqmaq istəyib həyatını itirən az uşaq olmyıb.

cizgi filmi

Zorakılıq təbliğ edən cizgi filmlərinə baxan uşaqlar…

Psixoloq Məlahət Həsənova deyir ki, uşaqlar körpəlikdə izlədikləri cizgi filminin məzmununa deyil, daha çox rəngli kadrlarına və maraqlı səslərinə diqqət edirlər: “ İnsan və heyvan fiqurları da bu yaşda uşaqların marağını daha çox çəkir. Hər yaş qrupu izlədiklərindən fərqi yollarda təsirlənir. Məktəb yaşlı uşaqlarda, daha çox oğlanlarda şiddət, qorxu aşılayan filmlərə maraq yaranır. Bunun səbəbi də telekanallarda yalnız bu məzmunlu filmlər yayımlanmasıdır”.

Psixoloq, cizgi filmlərin uşaqların xəyal dünyasına təsir etdiyini söyləyir: “Uşaqlar, zorakılıq məzmunlu cizgi filmlərdəki qəhrəmanlarla eyniləşmək meylindədir. Xüsusilə film qəhrəmanlarının uğurlarını görüb bundan təsirlənirlər və onlar kimi olmaq arzusuna dşürlər. Bizim telekanallarda da, xarici telekanallarda da bu cür cizgi filmlərini verirlər.

Uşaqların alt şüurlarına zərərli informasiyalar yerləşir və bunun fəsadları ağır olur. Bu cür filmləri elə bəsit təqdim edirlər ki, elə bil bu normal bir haldır. Valideynlər diqqətli olsun, zorakılıq və qorxu məzmunlu filmlər izləyən uşaqlar gələcəyin potensial zorakılıq tətbiq edənləri ola bilər”.

Bütün bu mənfi təsirləri azaltmaq üçün valideynlər olduqca diqqətli olmağa məcburdurlar. Psixoloq məsləhət görür ki, bu işə uşaqlarının izlədikləri televiziya və cizgi film saatlarını nəzarətdə saxlamaqla başlamaq olar. Mümkün olduğu qədər onlarla birlikdə siz də filmi izləyin və doğru anlaması üçün şərh edin. Heç bir halda uşağa şiddət, qorxu, hirs aşılayan cizgi filmi izlətməyin. Televizor və cizgi filmlərin yeganə, ya da əsas hobbi olaraq uşağınızın həyatında yer tutmasına maneə törədin.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir