ferda

“Dizlərini yerə sürtüb yalvarsalar da, razılaşmaram”

Baxış sayı: 3. 911

Müsahibimiz tanınmış yumor ustası Fərda Xudaverdiyev və ya son vaxtlar təqdim olunduğu kimi Fərda Amindir. Onunla “stund-up”dan, dünən efirə vəsiqə qazanmış “Top kimi şou”dan, ailəsindən və s danışmışıq.

–         “Top kimi şou”nun ilk efirini necə qiymətləndirdiniz?

–         Bizim işimizi efirə qədər görürük. Qiymətləndirmək qalır tamaşaçılara. Aldığımız rəylərə, sosial şəbəkələrdəki fikirlərə əsaslansaq, məncə, tutdu. İstədiyimiz pozitiv enerjini tamaşaçıya verə bildik. O saata kimi (00.30-u nəzərdə tutur – red.) oturub, hansısa proqramı izləmək bizim tamaşaçılar üçün əsasən yaddır. Amma hiss olunur ki, sona qədər izləyiblər. İnşallah ki, bundan sonrakı buraxılışlarımız daha maraqlı olacaq – bunu bütün tamaşaçılarımıza söz verirəm.b22485117264908c532e14f4aa8ec48b

–         Sizin bir neçə ay bundan öncə “Stand up şou” layihəniz var idi, ancaq onun ömrü qısa oldu. Bu yeni şounun perspektivini necə qiymətləndirirsiniz, “Top kimi şou” da əvvəlkinin aqibətini yaşamayacaq ki?

–         Mənim bundan öncəki layihələrimizin aqibəti məndən asılı olsaydı, indiyə kimi onlar da davam edirdi. Sadəcə, bizim işimiz hazırlamaqdır, sonrakı proseslər bizdən asılı deyil. Televiziyanın özündən qaynaqlanan məsələlər də var. (Bu şou “Lider” TV vasitəsilə yayımlanırdı – red.) Əvvəldə danışılan şərtlərə sonradan əməl olunmadığına görə layihənin dayandırılmasına məcbur oldum. Ən azından özünə hörmət deyilən bir şey var. Ancaq yeni şounun perspektivinə çox əminəm. Əgər “Bəyaz şou” Türkiyədə 16 il davam edirsə, niyə “Top kimi şou” Azərbaycanda ən azı 8-10 il getməsin?!

–         Konkret hansı vədlərə əməl olunmadı ki, “Stand up şou” dayandı?

–         Bu, sırf televiziya ilə mənim aramda olan məsələlər idi. Detallarının açıqlanmasını istəmirəm. Əgər ictimaiyyəti bu məsələ maraqlandırırsa, insanlar məni qınamasın, qınaq obyekti televiziya olmalıdır. Əgər əziyyət çəkib bir verilişi efirə hazırlayırıq, 2 ay sonra o veriliş bağlanırsa, deməli, burda bir “əmma” var. Mənim “Bəyaz şou” kimi ətrafımda 40 işçi yoxdur ki, onlara 500-600 manat maaş verim, onlar mənim üçün işləsin. Hər şeyin əziyyətini özüm çəkirəm. Ona görə deyirəm ki, saxlayıramsa, məni qınamasınlar. Televiziyalardan asılı məsələlər də var.Ferda

–         Stund-up formatında özünüzü bir nömrə hesab edirsiniz. Bu, həmkarlarınızda qıcıq yaratmır ki?

–         Kimdə yaradırsa, çıxsın desin ki, mənəm də bir nömrə. Demək asandır, işi ilə göstərsin. Mən iddialı deyiləm, sadəcə, bu, bir faktdır ki, stand-up-ı Azərbaycana gətirmişəm və onu layiqincə təmsil edirəm. Stund up-ın nə olduğunu bilməyənlər var ki, çıxıb stund up danışırlar – hələ bilmir ki, bu formatın skeleti, strukturu nədən ibarətdir, necə olmalıdır ki, buna stund up desinlər, bu, stund up-a oxşasın.

İstəyirəm ki, bu faktı da ictimaiyətimiz eşitsin – nə Cem Yılmaz, nə Bəyaz şou proqramında özünü riskə atmayıb, özünü stund up-da sınamayıb. Deməli, Allah ən azı bu iki insandakı qədər mənə istedad verib. Ancaq Türkiyədə onlara qarşı olan hörmətin yarısı qədər mənə ölkəmizdə lazımlı dairələrdən dəstək görmürəm. Burdakı gedib Türkiyə səhnəsinə çıxan kimi dəyər qazanır, gərək bizdə küsüb gedək Türkiyəyə?!11b3fb3519a594e6a3809b85289146a1

–         Cem Yılmazdan danışmışkən, müsahibələrinizin birində demisiniz ki, mən ondan fərqli olaraq söyüşsüz dahi olacağam. Bu yolu necə görürsünüz – hansı formatlardan, nələrdən istifadə edəcəksiniz, buna necə nail olacaqsınız?

–         Yox, deməmişəm ki, dahi olacağam, demişəm ki, əgər Cem Yılmaz Türkiyədə dahidirsə, belə çıxır ki, mən də Azərbaycanda dahiyəm. Əsdağfrullah, mən dahi deyiləm, bunu sadəcə müqayisə üçün demişəm. Kimsə belə bir şey deyirsə, deyirəm ki, çox xahiş edirəm, tezdir, bu sözləri bizə deməyin. Çünki hələ çox illər var işləmək üçün. O ki qaldı, söyüş məsələsinə, biz Avropa otelində, köhnə “Tunel”də “Stund-up” klub açmışıq, orda Cem Yılmaz sevərləri toplayırıq, o tip yumoru, stund up-ı orada təqdim edirik. Gəlin, görün orda Cemə güldüyünüzdən artıq güləcəksiniz, ya yox. Əgər biz 16 ildir söyüşsüz güldürərək Fərda olmuşuqsa, deməli, söyüşlə danışmaq bizə çox rahatdır. Söyüşlə güldürmək ən asan yoldur.

–         “Gülüş yığması”nda işlər necədir?

–         Açığı, o bir dəfəyə çəkilən layihədir. Təxminən 3 aylıq çəkilişlər bir dəfəyə edilib. İnanın ki, reytinqindən, orada işlərin hansı mərhələdə olmasından xəbərim yoxdur. Hər kanalın öz izləyiciləri var, düşündük ki, orada da olmaq yaxşı olar. Həm də Tahir İmanovun dəvətini qırmaq bizə yaraşmaz, onlar yumorda bizdən öncəki nəsildir.

–         Sirr deyilsə, oradan nə qədər qonarar almısınız?

–         Normaldır. Sizə nə deyiblər? Nə qədər almışam? (gülür – V.M.)830482_452000514855562_376826490_o

–         Yox, bizə heç kim heç nə deməyib.

–         Heç vaxt aktyordan qonararını soruşmayın, onu müğənnilərdən soruşun. Toylara neçəyə gedirlər, siz də bilirsiniz.

–         “Gülüş yığması”nda nədənsə sizin köhnə monoloqlarınızı dinləməli oluruq – bu, nə ilə bağlıdır?

–         Mən Tahir müəllimlə də danışanda dedim ki, bizim bir çox monoloqlarımız var ki, youtube-da filanda var, o da dedi ki, mən istəyirəm ki, sən elə onları da təqdim edəsən, çünki əvvəlki vaxtlar deyil, çıxırdın televiziyadan nəyisə deyirdin və bilirdin ki, bütün Azərbaycan buna baxdı. Ancaq indi əvvəlki vaxtlar deyil, bir televiziya yoxdur, informasiya bolluğu var. Hətta 2010-cu ildə etdiyimiz zarafatı adam var ki, indi eşidir, 4 ildir youtube-dadır, amma o, eşitməyib. Azərbaycanın bütün bölgələrinin bu monoloqları dinləməsi üçün şərait yaratmağa çalışırıq. Bir şeyin bir neçə dəfə fərqli yerlərdə səslənməsi qəbahət deyil, zənnimcə. Bu, bizim beynimizin məhsuludur. Yeni zarafatlarımız, monoloqlarımız var, onları da eşidəcəksiniz.

–         Bir neçə filmin müəllifi və baş rol ifaçısısınız. Hansı filmi daha uğurlu hesab edirisiniz?

–         Hələ ki, “Ögey ata”nı. “Xoxan” barədə hələ ki, danışa bilmirəm, çünki sizin kimi mən də hələ onu izləməmişəm, rollarımı oynamışam, montajlar edilib, ancaq tam filmi görməmişəm.

Ancaq zarafatları baxımından müasir, çəkiliş texnikası baxımından keyfiyyətli olaraq “Ögey ata”nı görürəm. O, bütünlüklə mənə məxsusdur, o film mənim balamdır, desəm, yanılmaram.10547619_532471463547610_5315511967192901495_n

–         Ailəlisiniz.

–         Bəli. İki oğlum var.

–         Fərda necə ailə başçısıdır?

–         Məsuliyyətli ailə başçısıdır. Ancaq bir az vaxt məsələsi bəzi qayğılara mane olur. Ona görə də özümü ideal ata hesab etmirəm, ancaq çox məsuliyyətliyəm. Çalışıram ki, ailəmin bütün ehtiyaclarını qarşılayım, onların üzlərini güldürüm. Əgər şəhərdə uşaqlara aid olan nəsə tədbir, parti filan varsa, mənim övladlarım da o tədbirlərdə iştirak edir, istəyirəm ki, həmişə mən də onların yanında olum, ancaq işlərlə bağlı ola bilmirəm.

–         Üzlərini güdürmək demişkən, evdə ailənin stund up dinləmək imkanları olur?

–         Qətiyyən!

–         Deməli, həm də ciddi ailə başçısısınız.

–         Mən ümumiyyətlə, həyatda çox ciddi adamam. Ciddiyəm deyəndə insan başqa adam çevrilmir, amma sadəcə, mən xarakter etibarilə ciddi adamam. Yumor bizim işimizdir. Necə ki, bank işçisi öz işini bankda görür, mən də öz işimi səhnədə görürəm.

–         Övladlarınızı hansı sənətdə görürsünüz? Onların hansı sənətlə məşğul olmasını istəyərsiniz?

–         Belə davam edərsə, onların qətiyyən aktyor olmalarını istəmərəm. Onlar hətta dizlərini yerə sürtüb mənə yalvarsalar da, hətta desələr ki, övladlıqdan çıxacağıq – mən heç vaxt qoymaram aktyor olsunlar. Çəkdiklərimi istəmərəm heç vaxt onlar da çəksinlər.

–         Dünənki buraxılışda Elməddinin valeybolçu Ayşənlə zarafatları barədə dediniz ki, onu evə buraxmayacaqlar, liftdə yatacaq. Maraqlıdır, sizin üçün necə – evdə bu kimi problemlər yaranmır ki?

–         Əvvəl-əvvəl sözsüz ki, yaranırdı. İstər-istəməz başqa bir ailənin övladı tam başqa xarakterdə olan ailəyə gedir və alışmadığı ortama düşür. Birdən-birə həyat yoldaşının efirdə hansısa xanımla rəqs edən görəndə, onunla mehriban davrandığını görəndə, sözüsüz ki, qısqanclıq yaranırdı, ancaq sonradan şükürlər olsun ki, alışıldı. Elməddinə baxmayın, onun zafta faizi aşağıdır.

Söhbətləşdi: Vüsal

“Top kimi Şou”nun dünənki ilk buraxılışını da sizlərə təqdim edirik:

https://www.youtube.com/watch?v=C3qmiovfNKc




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir